Sabiq Rabitə naziri səfir Vilayət Quliyevin ittihamlarına cavab verib

Keçmiş Rabitə naziri Nadir Əhmədov sabiq Xarici İşlər naziri Vilayət Quliyevin onu oğurluqda ittiham etməsinə münasibət bildirib.

Aktual TV-nin məlumatına əsasən, N.Əhmədov “Report”a açıqlamasında bildirib ki, V.Quliyevin dedikləri əsassızdır. 

Sabiq Rabitə naziri keçmiş həmkarı olan V.Quliyevi savadlı, yaradıcı adam kimi qiymətləndirib: “Səfirimiz Vilayət Quliyevə böyük hörmətim var. Yazdığım “İblis xislətli erməni” kitabımda onun “Türk ordusunun azərbaycanlı generalları” adlı məqaləsindən istifadə etmişəm. Mənim Vilayət müəllimə böyük hörmətim var, yaradıcı insandır. Onun qeyd etdiyi “Türk ordusunun azərbaycanlı generalları” məqaləsinin böyük qürurla oxudum. Həmin məqalə ilə təkcə Azərbaycanda yox, eyni zamanda Türkiyədə azərbaycanlı generallar barədə geniş ictimaiyyətə məlumat verilir. Onun mənim haqqımda dediklərini oxuduqda çox təəssüfləndim. Buna heç nə deyə bilmərəm. Fikrini başqa cür səsləndirsəydi, yaxşı olardı. Mən yazdığım kitabda onun müəllifi olduğu “Türk ordusunun azərbaycanlı generalları” məqaləsinə istinad etmişəm. Kitabı açdım, 87-ci səhifəsində “Türk ordusunun azərbaycanlı generalları” məqaləsinə istinad olunub. Səhifənin aşağısında isə qeyd olunub: “Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyevin verdiyi müsahibədən”. Bu yazılıb da burada, başqa nə yazılmalıdır ki?”

N.Əhmədov deyib ki, Vilayət Quliyevin belə addım atması düzgün deyil: “Mən hər yerdə demişəm ki, “Türk ordusunun azərbaycanlı generalları” məqaləsi hörmətli Vilayət Quliyevindir. “İblis xislətli erməni” adlı kitabımda məqsədim gənclərin sağlam mənəviyyat, vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixin unudulmamasıdır. Mənim dostumla birgə yazdığım kitab heç bir yerdə satışa çıxmayıb, yayılmayıb. Yalnız özümüzə, dostlarımıza, ailəmə, nəvələrimə oxumaq üçün yazmışam. Hesab edirəm ki, elə bir pis iş görməmişəm. Ola bilsin ki, haradasa müəllif hüquqları ilə bağlı səhvə yol vermişəm. Vilayət Quliyev məndən nə istəyirsə, etməyə hazıram, mübahisə edən adam deyiləm. Mən rabitəçiyəm, kitab yazmaqla bağlı mütəxəssis deyiləm, ola bilər ki, hansısa texniki səhvlər olub. Buna görə də Vilayət müəllim məni bağışlasın, amma ondan xahiş edirəm fikrini o cür ifadə etməsin. Mənə nə desəydi, əlimdən gəldiyi qədər düzəliş edərdim. Düşmənimiz ermənilərdir, düşmənlə mübarizə aparaq lazımdır, mənimlə yox. Sonda da Vilayət müəllimə demək istəyirəm ki, məni yada saldığınıza görə çox sağ olun”.

Qeyd edək ki, Vilayət Quliyev bildirib ki, keçmiş Rabitə naziri Nadir Əhmədov müəllifi olduğu “Türk ordusunun azərbaycanlı generalları” məqaləsini mənimsəyərək öz adına çıxıb: “Deyəsən, son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım, əski ulaşdırma bakanımız Nadir müəllim Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. Mənim 2008-ci ildə “525-ci qəzetdə” çap olunan “Türk ordusunun azərbaycanlı generalları” adlı məqaləmi sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə 2009-cu ildə “Elm və Təhsil” nəşriyyatında çıxan “İblis xislətli erməni” kitabına, sonra da özünün www.nadir-ahmedov.com saytına yerləşdirib. İndi “Google”da axtarış verəndə bir sətrini də yazmadığı uzun zəhmət və axtarışların bəhrəsi olan bu araşdırma-yazı Nadir müəllimin “əsəri” kimi təqdim olunur”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]