Dövlət Sərhəd Xidmətindən AKTUAL TV -yə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, sərhədçilərin xidməti və yaşayış şəraitləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqələrində düşmən ilə təmas xəttində xidmət aparan hərbi qulluqçular ilə görüşülüb.
Dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun formalaşdırılması məqsədilə görülən işlərlə tanış olunub, bu məqsədlə aparılan tikintilərə baxış keçirilib, Qazax rayonunun İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun iştirakı ilə bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin qısa müddət ərzində realizəsi məsələləri müzakirə olunub.
“Qazax” əlahiddə sərhəd diviziyasının rəhbər heyəti ilə xidməti müşavirə keçirilmiş, hərbi hissə və bölmələrin döyüş hazırlığının möhkəmləndirilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, sərhədçilərin döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.