AKTUAL TV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən deyib.
Dövlət başısı bildirib ki, bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var: “Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq”.
“Kadr islahatları aparılır və bu islahatlar imkan verib ki, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilsin. Onlara önəmli vəzifələr həvalə edildi və hesab edirəm ki, bu da zəmanənin tələbidir. Çünki bu gün müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar olmalıdır. Yüksək keyfiyyətli təhsil almış gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, parlamentdə və digər qurumlarda təmsil olunması bizim şüurlu seçimimizdir. Təbii ki, təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər. Belə olan halda təbii ki, hüquq mühafizə orqanlarında da daha genişmiqyaslı islahatların aparılması başlıca şərtdir. Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin.
Kadrların peşəkarlığı da daim diqqət mərkəzində olmalıdır və siz bu məsələ ilə ciddi məşğul olmalısınız. Həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar, eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsipləri də həmişə üstün olmalıdır. Çünki bu gün müstəqil dövlətimizin uğurlu yaşaması və möhkəmlənməsi, ilk növbədə, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlıdır. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etsin, müstəqilliyimiz daim möhkəmlənsin. Əlbəttə ki, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır”, – dövlət başçısı qeyd edib.