AKTUAL TV xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin spikeri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlı əhalini dədə-baba torpaqlarından qovulub çıxarılması üçün həyata keçirilən hərbi təcavüzün bir mərhələsini təşkil edib: “Tarixən bütün Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Şuşanın işğalı ilə erməni şovinistləri Azərbaycanın böyük bir bölgəsinin tam etnik təmizlənməsini başa çatdırıblar. Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən didərgin salınmış bir milyondan çox soydaşlarımızın 22 min nəfəri Şuşa sakinidir”.
Daha sonra Şuşa sakini Əsra Məmmədli çıxış edib. Əsra Məmmədlinin təsirli çıxışı deputatları kovrəldib. Daha sonra spiker əmin olduğunu bildirib ki, prezidentin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyü təmin ediləcək, o cümlədən Azərbaycanın incisi Şuşa şəhəri də azad ediləcək.
Daha sonra Şuşanın müdafiəsi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.