Bu sözləri AKTUAL TV -yə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi qlobal layihələr istər Avropanın, istərsə də Şimali Atlantika ölkələrinin qarşılıqlı mənafeləri və təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir:
“Donald Tramp beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu, töhfələrini yüksək dəyərləndirib, bu sahələr üzrə iki ölkə arasında 30 illik əməkdaşlığı xüsusi qeyd edib. Bunlar mühüm faktorlardır. Bütün bunlarla bərabər, ABŞ və Azərbaycan beynəlxalq münasibətlər sistemində bir sıra strateji istiqamətlər, o cümlədən hərbi-siyasi istiqamət üzrə geniş tərəfdaşlıq imkanlarına sahibdir. NATO yüklərinin Əfqanıstana daşınmasında, dünyada sülhün bərqərar olunmasında, təşkil olunmuş sülhməramlı missiyanın yerinə yetirilməsində ABŞ Azərbaycanla tərəfdaşlıq edir. ABŞ həm də dünya siyasətini müəyyən edən güc mərkəzlərindən biri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindəndir. Bütün bunlar ABŞ-Azərbaycan münasibətlərinin qarşılıqlı maraqlar kontekstində olduqca mühüm strateji əhəmiyyətə malik olmasını şərtləndirir”.
H.Məmmədov bildirib ki, ABŞ prezidentinin İlham Əliyevə göndərdiyi məktubda da məhz mühüm strateji istiqamətlərə toxunulması, dövlətimizin ərazi bütövlüyü ilə bağlı məsələləri önə çəkməsi və onu dəstəklədiyini bildirməsi həm iki ölkə arasında olan münasibətlərin göstəricisidir, həm də Azərbaycanın beynəlxalq münasibətlərin müstəqil aktoru olaraq bu münasibətlər sistemində nüfuzu kimi qiymətləndirilməlidir:
“Şübhəsiz ki, bu məktub həm də bundan sonrakı mərhələdə yeni dünya nizamının yaranması prosesində ABŞ və Azərbaycanın qarşılıqlı münasibətləri ilə bağlı əsas istiqamətləri müəyyən edən fikirlərdir. Belə proqnozlaşdırmaq olar ki, bundan sonrakı mərhələdə də ABŞ-Azərbaycan münasibətləri bütün sahələr üzrə inkişaf dinamikasına malik olacaq”.