18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə:
• yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;
• bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür;
• restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyandan istifadə istisna olmaqla);
Bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.
Eyni zamanda 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə:
• muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur;
• 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür.
Lakin 65 yaşdan yuxarı şəxslərə risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.
Mənbə: Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah