Azərbaycanda həkimlərə 11.7 milyon manat əlavə ödəniş edilib

Azərbaycan Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli sərəncamına və Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21462 tibb işçisinə, 2372 qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

Aktual Tv xəbər verir ki, Bakı şəhəri üzrə 145, respublikanın digər şəhər və rayonları üzrə 118 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat müddətli əlavə ödənilib.

“Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

1.Tibbi profilaktik tədbirləri həyata keçirən 15113 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 4.9 milyon manat ödənilib.

Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov aşağıdakı nümunə ilə hesablamanı izah edir: “Tutalım, poliklinikada çalışan sahə pediatrının 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronovirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 292 manat 32 qəpik müddətli əlavə almalıdır. 292.32 = ((406 / 25) x 6) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

Hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı/ aylıq iş günlərinin sayı) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli

2.Təcili tibbi yardım xidməti göstərən 4967 tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 378 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 4.7 milyon manat ödənilib.

R.Həsənov aşağıdakı nümunə ilə hesablama qaydasını izah edir: “Tutalım, Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronovirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 389 manat 76 qəpik müddətli əlavə almalıdır. 389.76 = ((406 / 25) x 6) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1004 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 700 min manat ödənilib.

Maliyyə departamentinin rəhbərinin izahı: “Xəstəxanada çalışan həkim infeksionistin13-cü dərəcə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronovirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 487 manat 20 qəpik müddətli əlavə almalıdır. 487.20 = ((406 / 25) x 6) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”, – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]