Yeni yaradılan Media Hərəkatı: Məqsəd və Hədəflər (RƏYLƏR)

Məlumat verildiyimiz kimi həmkarımız İradə İbrahimovanın təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə məqsədilə “Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatı yaradılıb.

  Yeni yaradılan Hərəkata 100-dən artıq media təmsilçisi, jurnalist, həmçinin tanınmış ictimaiyyət xadimləri qoşulub.

AKTUAL TV Media Hərəkatına qoşulan bəzi mətbuat katiblərinin fikirlərini öyrənib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova

Mən böyük məmnuniyyətlə həmkarım İradə İbrahimovanın təşəbbüsü ilə başladılan bu Hərəkata qoşulanlardan birinciyəm. Bu çox önəmli və vacib bir təşəbbüsdür. Bu gün bizim cəmiyyətimiz və bütün dünya COVİD 19-la üz-üzə dayanıb. Əfsuslar olsun ki, bu xəstəlikdən dünyasını dəyişən nə qədər insan var. Bu xəstəliyi yüngül şəkildə keçirən insanlarla bərabər əfsuslar olsun ki, xəstəliyi ağır şəkildə keçirən ölümlə-qalım arasında hələ də mübarizə aparanlar var. Problem ondan ibardətdir ki, bu gün cəmiyyət iki yerə bölünüb. Əvvəllər bu ikiyə bölünmə hardasa bərabər şəkildə idi. Bu gün bu xəstəliyə ciddi yanaşan, maska taxan, sosial məsafə saxlayan, özünü və ətrafını qoruyan insanlar daha çoxdur, nəinki qeyri ciddi yanaşanlar. Əfsuslar olsun ki, cəmiyyətimizdə xəstəliyi ciddi qəbul etməyib, olmamış kimi davranan insanlar da var. Mətbuat cəmiyyətdə böyük fikir formalaşıran söz sahibidir. Təbii ki, biz də bu məqamda həmrəy olmalıyıq. Biz media vasitəsi ilə insanlara çatdırmalıyıq ki, cəmiyyətimiz, insanlarımız təhlükə qarşısındadır. Biz də media qurumu olaraq əlimizdən gələn maarifləndirmə işlərini etməliyik ki, bu xəstəlik tezliklə aradan qalxsın!.

Milli Olimpiya Komitəsinin (MOK) İctimaiyyətlə Əlaqələr və mətbuat katibi Günay Malikqızı 

Fikrimcə belə bir Hərəkata qoşulmaq hamımızın borcudur. Artıq vəziyyət elə həddə gəlib çatıb ki, bundan sonra daha da diqqətli və məsuliyyətli olmaq məcburiyyətindəyik. Bununla yanaşı bir yerdə olduqda, kiminsə inandığı adamın söz deməyi daha təsirli olur. Ona görə jurnalistlərin, tanınmış ictimai xadimlərin bir yerə yığışmağı və cəmiyyətə bu mesajı verməyi doğru, düşünülmüş bir addımdır. İnanırıq ki, tezlikdə az itkilərlə bu problemdən qurtularıq. Hər kəsi bu təşəbbüsə qoşulmağa səsləyirəm!

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Elməddin Behbud 

Həmkarımız İradə İbrahimovanın elan etdiyi “Özünü qoru, çevrəni xilas et” adlı Media Hərəkatına böyük məmnuniyyətlə qoşulmuşam. Əlbəttə ki, bir ölkəni, regionu deyil bütün dünyanı cənginə alan pandemiya ilə bağlı yalnız ayrı-ayrı dövlət qurumları yox, hər bir vətəndaşın ciddi şəkildə mübarizə aparması lazımdır. O cümlədən Azərbaycanda da belədir. Bildiyiniz kimi mart ayından etibarən dövlət COVİD 19-la mübarizə üçün çox ciddi addımlar atır. Cənab prezidentin qeyd etdiyi kimi burada hər bir vətəndaşın üzərinə xüsusi məsuliyyət düşür. Bu sırada isə xüsusi olaraq vətəndaş cəmiyyəti institutlarının o cümlədən media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Çünki biz pandemiyanın doğurduğu təhlükəni, karantin rejiminə əməl olunmasının vacibliyiliyini, gigeynik qaydalara əməl olunmasını daha çox çağırış etməliyik. Biz bu qaydalara əmək etməliyik ki, cəmiyyətimizi də bu qaydalara riayət etməyə çağıraq. Belə bir çətin durumda jurnalsitlərin, tanınmış ictimamiyyət xadimlərinin bir çətir altından birləşdirilməsi inanıram ki, vətəndaşlara və cəmiyyətə də bir mesaj olacaq. Bu baxımdan jurnalist İradə İbrahimovun təşəbbüsü ilə yaradılan bu xeyirxah Hərəkata qoşuldum. Bütün həmkarlarımı da bu Hərəkatda fəal iştirak etməyə çağırıram. Bizim Operativ Qərargahın bütün qərarlarına ciddi şəkildə riayət etməyimiz lazımdır. Bir birgə olsaq maksimum şəkildə insanlara karantin qaydalarına əməl etməyi, sosial məsafə saxlamağı inandıra bilsək düşünürəm ki, qlobal bəla ilə tezliklə vidalaşa bilərik.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov

#ÖzünüQoru #ÇevrəniXilasEt  Media Hərəkatı təşəbbüsü indiki məqamda yerinə düşən, xüsusi missiya daşıyan bir addım oldu. Ona görə də bu təşəbbüsə ürəklə qoşuldum. Təşəbbüsün dəyərli həmkarımız İradə xanımdan gəlməsi, bir çox mətbuat katibləri və media adamları tərəfindən dəstəklənməsi bu hərəkatın geniş ictimai təsirə malik olacağını deməyə əsas verir. Ölkəmizin indiki məqamında bunun böyük əhəmiyyəti olduğunu düşünürəm. Bir insanı belə maarifləndirməyi, düzgün istiqamətə yönəltməyi bacarmaq ən yaxşı addımlardan biridir.

Əslində bizim hər birimiz koronavirusla mübarizədə dövlətin həyata keçirdiyi tədbirləri, cəmiyyətdəki bütün səmərəli addımları həmişə dəstəkləmişik. Ancaq birlikdə vahid bir hərəkata qoşulmaq həm cəmiyyətə yaxşı bir həmrəylik mesajıdır, həm də hər birimizin vətəndaşlıq borcudur.

Koronavirus pandemiyası ilə mübarizədə daim öndə olan media nümayəndələri olan dostlarımıza, o cümlədədən sizə də bu təşəbbüsə verdiyiniz fəal dəstəyə görə bir daha təşəkkürümü bildirirəm. İnanıram ki, çətin məqamlarda, sınaq adlarında daha möhkəm birləşməyi bacaran xalqımız bu çətin günləri də arxada qoyacaq, koronavirusla mübarizədə əsil həmrəylik nümunəsi göstərə biləcəkdir. Bir daha hamıya səslənirəm, #ÖzümüzüQoruyaq, #ÇevrəmiziXilasEdək!

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova

Koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə yaradılan “Özünü qoru, çevrəni xilas et” adlı Media Hərəkatına mən də qoşuldum. Pandemiya dövründə belə bir Hərəkatın yaradılması çox əhəmiyhətlidir. Çünki ətrafımızda hələ də virusun mövcudluğuna inanmayan kifayət qədər insan var. Bəzən mağazada satıcıya deyəndə ki, niyə maskadan istifadə etmirsiz? Sual verir ki, doğrudan virus var? Belə insanlarla qarşılaşdıqda mən vəziyyəti onlara izah etməyə çalışıram. Onların tək özünü deyil, digərlərinin də həyatına təhlükə yaratdığını bildirirəm. Sağlamlığımız naminə biz yeni qaydalarla yaşamağı öyrənməliyik. Yaxınlarımızı, ətrafımızı, elə özümüzü də bu virusdan xilas etmək üçün qoruyucu vasitələrdən istifadə etməliyik, məsafə saxlamalıyıq. Hər gün üzücü xəbərlər almamaq üçün hamımız bir olub birgə mübarizə aparmalıyıq. Bu mənada həmkarımız İradə İbrahimovanın təşəbbüsü ilə yaradılan Hərəkat düşünürəm ki, virusla mübarizədə güclü təbliğat vasitəsinə çevriləcək

Dövlət Gömrük Komitəsi Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova



Bütün dünyada o cümlədən ölkəmizdə COVİD 19 pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Bununla bağlı dövlətimiz tərəfindən pandemiyanın qarışısının alınması istiqamətində bir sıra sosial işlər həyata keçirilib. Eyni zmanda ölkə başçısı İlham Əliyev vətəndaşlara müraciət edib. Həkimlər tərəfindən tövsiyyə edilən qaydalara əməl etməyə vətəmdaşlara səslənib. Cənab prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra dövlət tədbirlərində nümunə göstərərk maskadan istifadə edir. Ona görə biz də bu media Hərəkatı adı altında birləşərək hər kəsə çağırış edirik. Bildiyiniz kimi bu Hərəkata artıq bir sıra qurumların mətbuat katibləri, jurnalistlər qoşulublar. Bu Hərəkat vasitəsi ilə digər həmkarlarımıza da səslənirik. İnanırıq ki, bir birlikdə bu virusa qalib gələcəyik. 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov


Düşünürəm ki, həmkarımız, ETSN-nin mətbuat katibi İradə İbrahimovanın təşəbbüsü ilə yaradılan Hərəkat mühüm bir addımdır. Tanınmış insanların o cümlədən mətbuat katiblərinin bu işə dəstək verməsi sevindirici haldır. Bir vətəndaş olaraq COVİD 19-la mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Dövlət tərəfindən bütün zəruri tədbirlər görülməkdədir. Ən əsası isə vətəndaşlarımızın üzərinə düşən vəzifə ondan ibarətdir ki, Operativ Qərargahın qaydalarına riayət etsinlər, sosial məsafə saxlasınlar həmçinin qapalı məkanlarda maskadan istifadə etsinlər. Düşünürəm ki, bunları etməklə tezliklə bu virusdan qurtulmuş olarıq. Biz Birlikdə Güclüyük!

Məlumat üçün bildirək ki, artıq “Özünü qoru, çevrəni xilas et” Media Hərəkatının üzvləri maarifləndirici aksiyalara start veriblər. Hərəkata qoşulan media təmsilçiləri yaşadıqları ərazidə, çevrələrində maskadan istifadə etməyən qonşularına, yaxınlarına maska paylayıb, qoruyucu vasitələrdən istifadənin, sosial məsafə saxlamağın, gigiyenik qaydalara əməl etməyin zəruriliyini söyləyiblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]