Bu sözləri AKTUAL TV -yə açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkili bildirdi ki, plenar iclaslar əvvəlki dövrlərlə müqayisədə dəfələrlə çox keçirilib: “Bu sessiya ərzində həm yeni qanunlar qəbul edildi. Həm də, qanunvericiliyə zamanın tələbinə uyğun, xüsusilə, pandemiyanın doğurduğu şəraitdən irəli gələn əlavə və düzəlişlər edildi. Hesab edirəm ki, bəzən sərt görünən bu qərarlar nəticədə vətəndaşın sağlamlığının qorunmasına yönəlib. Cənab Prezident də son çıxışlarında bir neçə dəfə vurğulayıb ki, sərt karantin qaydalarının tətbiqi ölkə iqtisadiyyatına, büdcəmizə ölçüyəgəlməz zərbələr vursa da, Azərbaycan vətəndaşının sağlamlığı hər şeydən üstündür. Bu baxımdan, Milli Məclisin son zamanlar qəbul etdiyi qərarların da mahiyyətində bu yanaşma dayanır”.
A.Məmmədovun sözlərinə görə sessiya müddətində həm deputatlar, həm də cəmiyyət tərəfindən rəğbətlə qarşılanan məsələlərdən biri Milli Məclisin rəhbərliyi tərəfindən bir sıra yeniliklərin gətirilməsidir: “Mən deputat kimi parlamentdə yeni olsam da, əvvəl hər zaman Milli Məclisin fəaliyyətini izlədiyimdən və stajlı həmkarlarımın fikirlərinə əsas deyə bilərəm ki, indi parlamentdə çox böyük işgüzar mühit yaranıb. Bu sırada, cari məsələlərlə bağlı deputatlara geniş çıxış imkanlarının yaradılmasını qeyd etmək istərdim. Özü də, bu zaman köhnə-yeni deputata fərq qoyulmur. Deputatlar cəmiyyəti, həmçinin, seçildikləri dairənin seçicilərini narahat edən məsələlər ətrafında söz alıb çıxış edirlər. Hesab edirəm ki, bu hörmətli sədr Sahibə xanım Qafarovanın Milli Məclisin fəaliyyətinə gətirdiyi yeniliklər içərisində xüsusi qeyd edilməlidir. Bu və digər yeniliklərə görə buradan hörmətli sədrimizə təşəkkür etmək istəyirəm. İnanıram ki, bu müsbət yeniliklər davam etdiriləcək”.
Tətil müddətində daha çox seçicilərin problemləri ilə məşğul olacağını deyən millət vəkili bu yöndə karantin rejiminin tələblərinə uyğun fəaliyyət planı hazırladıqlarını bildirdi: “Bizim seçicilərlə işimiz ikiqat ağırdır. Çünki, ərazisi işğal olunmuş Kəlbəcər rayonunun əhalisi ölkənin müxtəlif yerlərində məskunlaşıb. Kompakt məskunlaşmanın olmaması, onların qayğıları ilə maraqlanmağı, müraciətlərini dinləməyi, onları müvafiq orqanlara çatdırmağı çətinləşdirir. Bununla belə, İcra hakimiyyəti başçısı çalışdığım dövrdə həmyerlilərimizlə işləmək məsələsində əldə etdiyimiz təcrübə köməyimizə gəlir”.
A.Məmmədov payız sessiyasında həmkarlarına pandemiyasız, normal parlamentarizm fəaliyyəti arzuladı.