AKTUAL TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə adıçəkilən Qeyri-Hökumət Təşkilatı ““Azərbaycanın məşhur milyonçusu, xeyriyyəçi Ağa Musa Nağıyevin nəslinin sovet rejimi tərəfindən təzyiqlərə məruz qalmasından bəhs edən “Mənəviyyat carçısı” video çarxının çəkilməsi ” layihəsi çərçivəsində eyniadlı sənədli film üzərində işləyir.
Layihə çərçivəsində Azərbaycanın XX əsr tarixinin qaranlıq və öyrənilməmiş səhifələrindən olan milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin nəslinin sovet rejimi tərəfindən təzyiqlərə, işgəncələrə, hətta sürgünlərə məruz qalmaları barədə cəmiyyətə ətraflı və dəqiq faktlar əsasında məlumat veriləcək.
Layihənin rəhbəri milyonçunun nəvəsi, yazıçı-publisist Dilarə Nağıyeva-Muxtarovadır. “VətənTV” Media Şirkətində istehsal olunacaq filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Büllur Cavadqızıdır.
Layihə çərçivəsində tarixi reallıqlar və həqiqətlər əsasında çəkiləcək filmdə qarşıya qoyulan məqsəd, yeni nəslin nümayəndələrinə və ümumilikdə cəmiyyətə mesenat Ağa Musa Nağıyev barəsində, həm də onun irsi və mirası barədə düzgün məlumatların çatdırılmasına çalışmaqdır.