İlham Əliyev: dünyadan bir addım irəlidə… – Etibar Məmmədovun təhlili

Vətən müharibəsinin bitməsindən dörd aydan çox zaman keçməsinə baxmayaraq, bir sıra mühüm suallar var ki, bunlara hələ də cavab tapılmayıb, üstəlik, bu istiqamətdə heç cəhdlər də olmayıb. Bunlar hansı suallardı və nəyə görə bunlara cavab vermək vacibdir? AKTUAL TV-nin müsahibi jurnalist-politoloq, milli təhlükəsizlik və siyasi strategiya üzrə ekspert Etibar Məmmədovdur.

Etibar müəllim, əvvəla onu aydınlaşdırmaq istərdim ki, nəyə görə nəzərdə tutduğunuz suallara cavab tapmaq vacibdir?

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri Birgə Bəyanatı imzaladılar. Xatırlayırsınızsa, imzalanma mərasimindən sonra Prezident Əliyev 44 günlük Vətən müharibəsinin böyük qələbəylə başa çatması münasibəti ilə xalqa müraciət etdi. Dövlət başçısı orada statusla bağlı belə bir söz dedi: “Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq…”. Peşəmlə əlaqədar Prezident İlham Əliyevi səfərlərdə müşayiət edərkən və elə sonrakı dövrdə də şahidi olmuşam ki, dövlət başçısının dediyi hər bir sözün altında böyük məna var və o, həmişə sözünün yiyəsi olub. Bunu hər bir Azərbaycan vətəndaşı təsdiqləyə bilər. 10 noyabr müraciəti zamanı “nə qədər ki, mən Prezidentəm, olmayacaq…” sözlərini eşidəndə mən özümə sual verdim: bəs sonra?..

Cavabınız nə oldu?

Cavabım belə oldu: “Azərbaycan dövlətinə və xalqına bundan sonrakı bütün zamanlarda İlham Əliyev düşüncə tərzi, İlham Əliyevin siyasi fəlsəfəsi, İlham Əliyev yanaşması rəhbərlik etməlidir”…

Nəyə görə?

44 günlük Vətən müharibəsində zəfərin əldə olunmasının bir çox nəticələri var. Əlbəttə, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Lakin digər mühüm nəticə odur ki, bu müharibədə qələbə qazanmaqla biz namusumuzu, qeyrətimizi, nəhayət, kişiliyimizi qaytardıq. Biz “başı qapazlı”, “həmişə itirən kütlə” statusundan xilas olduq və indi artıq “Qalib xalqın” nümayəndələriyik. Başqa sözlə, Qələbəmizin mənəvi tərəfləri saysız-hesabsızdır. Son 200 ildə, ilk dəfə olaraq, biz bu hissləri yaşayırıq. Təsəvvür edirsiniz?! Bu xoşbəxtliyin də müəllifi İlham Əliyevdir. Və indi mənin ən böyük arzum odur ki, Azərbaycan xalqının qalibiyyəti əbədi olsun, çünki bu əbədiyyatın içində mənim övladlarım, nəvələrim, hər kəsin övladları, qısası, gələcək nəsillərimiz var…

Və…

Və İlham Əliyev Azərbaycanın tarixi torpaqlarını işğalçılardan azad etməklə, belə demək mümkündürsə, faktiki olaraq, təhlükəsiz gələcəyimizin plankasını təyin etdi. Beləliklə, Azərbaycan xalqının və dövlətinin strateji təhlükəsizliyini təmin etmək üçün ölkəni idarə edən şəxs ən azı bu səviyyənin tələblərinə cavab verməlidir. Əks təqdirdə, yəni səviyyə hətta bir millimetr aşağı olarsa, gələcəkdə ərazi bütövlüyümüzün pozulması, xalq kimi mövcudluğumuz real təhlükəyə çevrilə bilər. Azərbaycanın düşünən beyinləri, ictimai-siyasi fikrin təmsilçiləri qarşılarına sual qoymalı və bunun cavabını tapmalıdır: “Azərbaycan dövlətçilik idarəetməsində “İlham Əliyev düşüncəsinin” əbədiliyini təmin etmək üçün hansı addımlar atılmalıdır?

Sözsüz ki, vacib sualdır…

Bu sual vacib yox, həyati vacib əhəmiyyət kəsb edir. Təbii ki, biz, bir millət, xalq və dövlət olaraq, bir daha işğala məruz qalmaq, son 30 ildə yaşadığımız məhrumiyyətlərin, iztirabların təkrarlanması istəmirik. Bu səbəbdən hər birimiz millətimizin, dövlətimizin, xalqımızın və ölkəmizin strateji təhlükəsizliyinin təmin olunmasında iştirak etməliyik. Təkrar edirəm, strateji təhlükəsizlik deyəndə, mən 100, 200 ildən yox, əbədi təhlükəsizlikdən danışıram. Milli maraqların təmin olunması üçün milli birlik, vahid milli düşüncə əsas şərtdir. 44 günlük müharibə zamanı Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi mövqe buna əyani sübutdur. Müharibə dövründə informasiya təhlükəsizliyi siyasəti də, ictimai rəyin formalaşdırılması prinsipləri də müharibə qanunlarına uyğun şəkildə qurulmuşdu və bu da öz effektivliyini göstərdi. Söhbət müharibədən sonra baş verənlərdən gedir. Həyati vacib suallar var ki, bunlara cavablar axtarılmalı, cəmiyyətimizin ən proqressiv təbəqələri, yəni ziyalılar, alimlər, qeyri-hökumət təşkilatları bu suallar ətrafında geniş müzakirələr aparmalıydılar. Lakin bu baş vermədi və indi də biz bunu görmürük. Əlbəttə, suallar da, düşüncələr də fərqli ola bilər və olmalıdır. Problem ondadır ki, həmin sualları heç səsləndirmirlər axı. Belə olan halda, təbii ki, cavablar da yoxdur. Cavablar da ona görə yoxdur ki, üç-beş ekspert istisna olmaqla, qalanları məsələyə olduqca səthi yanaşırlar, 44 günlük müharibənin nəticələrini qlobal mənada təhlil etmək əvəzinə, bu nəticələri kiçiltməklə məşğuldurlar.

Səthi yanaşanlar kimlərdi?

Dediyim kimi, özlərini ekspert kimi təqdim edənlər, onların düşüncələri və rəylərinə istinad edən media qurumları, bir sıra hallarda hətta bəzi millət vəkilləri və sair. Siyahını uzatmaq olar. Sözsüz ki, onların səsləndirdikləri rəy, fikir ictimai rəyə mütləq təsir göstərir. Bu təsirin güclü yaxud zəif olması artıq ikinci məsələdir. Əsas odur ki, ictimai rəyin formalaşmasında iştirak edən bu cür insanlar yaxud media qurumları və başqaları cəmiyyətdə bir fon yaradırlar. Bu səbəbdən, məsələn, nüfuzlu informasiya saytı problemə nə qədər səthi, qeyri-peşəkar yanaşırsa, ictimai rəydə də bu səthilik özünü büruzə verəcək.

Başqa hansı suallar var ki, səslənməli və geniş müzakirə olunmalıdır?

Erməni media məkanında ən çox müzakirə olunan məsələlərdən biri belə səslənir: “nəyə görə biz (Ermənistan və ermənilər – red.) məğlub olduq?” Müxtəlif cavablar verilir və yalnız onu deyə bilərəm ki, nə qədər “ermənilik” xəstəliyi var, bir o qədər düzgün nəticə çıxarmaq mümkün olmayacaq. Bununla belə etiraf etməliyik ki, düşmən öz məğlubiyyətinin səbəblərini və bunları aradan qaldırmaq yollarını axtarır. Qəti şəkildə əminəm ki, yalnız məğlubiyyətdən yox, həm də qələbədən dərslər çıxarmağı bacarmaq lazımdır. Təəssüf ki, bu günə qədər ekspertlərimiz bu barədə heç nə danışmayıblar. Məsələn, nəyə görə birinci Qarabağ müharibəsi 20 faiz torpaqlarımızın işğalı ilə nəticələndi və nəyə görə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu?

Nəyə görə?

Azərbaycan cəmiyyətində vətənpərvərlik hissləri həmişə güclü olub. İstər XX əsrin 90-cı illərinin əvvəlində, istərsə də 2020-ci ildə. Lakin birinci Qarabağ müharibəsi zamanı zəruri siyasi-iqtisadi amillərin olmaması vətənpərvərlik faktorunun təsirini minimuma endirirdi. Reallıq ondan ibarətdir ki, 1992-93-cü illərdə ölkə rəhbərliyinin qarşısında dayanan prioritet vəzifə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək deyil, təcavüzkar Ermənistan ordusunun hücum əməliyyatının qarşısını almaq idi.

Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə gələnə qədər Azərbaycan hakimiyyəti dövlətçiliyi süqutdan xilas etmək üçün özünün intellektual və digər imkanlarının limitindən tam şəkildə istifadə etmişdi. Azərbaycanın ilk iki prezidenti Ayaz Mütəllibov (1991-1992)Əbülfəz Elçibəy (1992-1993) bu məqsədə nail ola bilmədilər.

1993-1994-cü ildə Qarabağ münaqişəsi ilə bağlı hərbi-siyasi, iqtisadi və beynəlxalq proseslərin təhlili sübut edir ki, ermənilər siyasi və hərbi meydanda əldə etdikləri üstünlükləri artıq Heydər Əliyev hakimiyyətə gələndən sonra itirməyə başladılar. Heydər Əliyev 12 may 1994-cü il tarixdə atəşkəs rejimi haqqında razılaşmanı əldə etməklə müharibəni dayandırdı və ən qiymətli amili qazandı – zamanı. Bununla da Heydər Əliyev erməniləri şahmat oyununda hücumun birinci və ən başlıca prinsipini pozmağa məcbur etdi: “düşmənə inkişaf etməyə imkan verməməli”. Atəşkəs razılaşması yalnız ilk baxışdan Azərbaycanın Qarabağ cəbhəsində məğlubiyyəti tanıması kimi görünürdü. Uzunmüddətli perspektivdə isə, bu razılaşma ermənilərin 2020-ci il məğlubiyyətinin başlanğıcını qoydu. Heydər Əliyev, həqiqətən, hakimiyyətin ustası idi və Azərbaycanın strateji milli maraqlarının təmin olunması naminə bütün siyasi baqajını istifadə etdi. Bu səbəbdən mən hesab edirəm ki, birinci Qarabağ müharibəsində Azərbaycanın məğlubiyyətinin əsas səbəbi, bir tərəfdən, zəruri iqtisadi, siyasi, hərbi və digər amillərin olmamasıydısa, digər tərəfdən, yaranmış vəziyyətdən minimal itkilərlə çıxış yollarını tapmağa qadir olan liderin olmaması idi.

Deməli, ikinci Qarabağ müharibəsində bizə qələbə qazandıran əsas amil lider faktorunun olmasıdır?

Şübhəsiz. Müharibə yalnız müasir standartlara tam cavab verən ordu deyil. Müharibə yalnız iqtisadiyyat, xarici və daxili siyasət demək deyil. Müharibəni uğurla aparmaq və qələbəli sonluğa çatdırmaq üçün çoxsaylı amillər kompleksini tam təmin etmək, bu amillərin düzgün və məqsədyönlü şəkildə əlaqələndirilməsini həyata keçirmək əsas şərtdir. Bu şərti isə yalnız lider gerçəkləşdirə bilər. Sadə dildə desək, ordunun qələbə qazanması üçün güclü rəhbəri olmalıdır. Rəhbərsiz ordu məğlubiyyətə məhkumdur. Ona görə lider faktoru burada ən önəmli amildir. Azərbaycan ona görə bəxtəvərdir ki, Heydər Əliyev və İlham Əliyev bu amilin mövcudluğunu təmin etdilər.

Bura qədər danışdıqlanızı, bir növ, daxili siyasətə aid etmək olar. Amma 44 günlük müharibə zamanı Azərbaycanın əleyhinə açıq çıxışlar edən ölkələr də oldu. Məsələn, Fransa. Bu barədə nə deyə bilərsiniz?

Bu növbəti sualdır ki, mən bunun ətrafında ciddi müzakirələrin aparılmasını və tövsiyələrin qəbul edilməsini vacib sayıram. Lakin 44 günlük müharibə dövründə Fransanın tutduğu mövqenin təhlil olunması, bəlkə də, ikinci və ya üçüncü cərgədə dayanan məsələlərdəndir. Bir az sonra mən bu məsələyə qayıdacam. Mən diqqətinizi başqa istiqamətə yönəltmək istəyirəm.

İlk növbədə, vurğulamaq istəyirəm ki, Vətən müharibəsinin nəticələrini araşdırarkən, Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyatların dünyanın müxtəlif hərbi akademiyalarında öyrənildiyi, bu əməliyyatların dərsliklərə salındığı qeyd edilir. Bu, həqiqətən də, belədir. Lakin istənilən müharibədə hərbu uğurun qazanılması diplomatik sahədə nailiyyətlərin əldə edilməsi ilə birbaşa bağlıdır. Bunu unutmamalıyıq. Mən əminəm ki, dünyanın nüfuzlu diplomatiya akademiyalarında Azərbaycan diplomatiyası da hərtərəfli şəkildə öyrəniləcək, çünki Vətən müharibəsində tam qələbənin təmin olunmasında, hərbi qələbənin siyasi qələbə ilə bərkidilməsində diplomatiyamızın yeri və rolu əvəzsizdir.

Sözlərimin təsdiqi Rusiyanın və onun rəhbəri Putinin həmin 44 gün ərzində sərgilədiyi mövqe oldu. Bu, Azərbaycan diplomatiyasının möhtəşəm nailiyyətidir. Azərbaycan kimi kiçik bir dövlət Rusiya kimi nəhəng ölkəni, özü də tarixən ermənilərə dəstək verən, əksər vaxtlarda Azərbaycana münasibətdə qərəzli mövqeyi ilə seçilən Rusiyanı bu müharibədə neytral mövqe tutmağa məcbur etdi. Bu azmış kimi, bir sıra həyati vacib məqamlarda rəsmi Moskva hətta Azərbaycanın mövqeyini dəstəklədi də. Mən 100 faiz əminəm ki, hər bir Azərbaycan vətəndaşı Rusiya prezidentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verməsindən həm sevindi, həm də buna təəccübləndi, çünki bu, bizim üçün həqiqətən sürpriz idi. Əslində isə, bu, uzun illər həyata keçirilən diplomatik fəaliyyətin nəticəsi idi. Ona görə mən əminliklə deyirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü ona görə bərpa etməyə nail oldu ki, Prezident İlham Əliyev bütün parametrlər üzrə dünyadan bir addım irəlidə idi. Həm sözdə, həm əməldə. Bütün digər variantlarda, ən azından, müharibə olmayacaqdı və işğal davam edəcəkdi.

Bəs Fransa?..

Bəli, Azərbaycanın öz sərhədlərini bərpa etməsi bir sıra ölkələrin, dediyiniz kimi, məsələn, Fransanın və digər Qərb dövlətlərinin kəskin reaksiyasına səbəb oldu. Hesab edirəm ki, Emmanuel Makronun Ermənistanın tərəfini tutması yalnız Fransa-Türkiyə münasibətlərində artan gərginlik yaxud Azərbaycanın uğurlu əks-hücum əməliyyatı ilə bağlı deyildi.

Vətən müharibəsinin nəticəsi göstərdi ki, Azərbaycanda qurulmuş siyasi sistem, misal üçün, Fransanın siyasi sistemindən daha effektiv və çevikdir. Azərbaycanın siyasi sistemi münaqişəli vəziyyətləri həll etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdiyi halda Fransa siyasi sistemi böhranlı vəziyyətlərin qarşısında aciz qaldığını göstərdi. Fransa nəinki problemləri həll edə bilmir, əksinə, dünyada problemlər yaradan əsas ölkələrdəndir. Təbii ki, belə olan halda, Fransa özünün tükənmiş dəyərlərini müdafiə etmək üçün işğalçının tərəfini tutmağa üstünlük verdi. Bununla da o yenidən məğlub oldu.

Beləliklə, milli maraqlara cavab verən siyasi sistemin qurulması müharibədə qələbəni və ölkəmizim strateji təhlükəsizliyini təmin edən daha bir mühüm amildir.

Nə qədər belə suallar var?

Çox və bunların hamısı təfərrüatlı müzakirə tələb edir. Yenə deyirəm, cavablar müxtəlif ola bilər. Əsas məsələ odur ki, suallar səslənsin və cəmiyyətdə diskussiyalara başlanılsın. Bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, əslində, Prezident İlham Əliyev, faktiki olaraq, milli konfliktologiya elminin əsaslarını qoydu. Özü də bu elm müxtəlif nəzəriyyələrlə yanaşı real və müasir münaqişələrin həlli təcrübəsinə əsaslanır. Bu istiqamətdə də düşünmək, fikrimcə, vacibdir.

Təşəkkür edirəm.

Sağ olun.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]