Kiyev Ankaradan Krımda taxıl yükləndiyi iddia edilən gəmini saxlamağı xahiş edib.
Aktualtv.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. Bildirilib ki, Ukrayna hakimiyyəti gəmi kapitanının və heyətinin Türkiyə tərəfindən dindirilməsini istəyir. Dubay şirkətinə məxsus, Panama bayrağı altında üzən gəminin 19 min ton taxıl yükü ilə Türkiyə limanına gəldiyi qeyd edilib. Ukrayna prokurorluğu yük gəmisinin saxlanmasını Türkiyədən xahiş edib. Çünki ehtimal olunur ki, taxılın bir hissəsi Kerç boğazında lövbərdə olan zaman gəmiyə yüklənib.
Nəşr həmçinin əlavə edib ki, Ukrayna hakimiyyəti Türkiyədən ekspertiza üçün taxıl nümunələri götürməsini, həmçinin gəminin kapitanını və ekipajını dindirməsini istəyir.
Səbinə Kərimova / aktualtv.az