Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyi tərəfindən icrasına başlanan “Soydaşlarımız arasında Azərbaycan dilinin təbliği” layihəsi 1 iyul – 30 sentyabr 2024-cü il tarixlərini əhatə edən üç ay müddətində həyata keçiriləcək. Təşkilatın sədri Nəsimi Həsənovun rəhbəri olduğu layihə diasporda yaşayan azərbaycanlılarla ana dili arasında olan sıx bağların saxlanmasına, möhkəmlənməsinə və daha da inkişaf etməsinə dəstək verməyə, ana dili ilə əlaqələri zəifləmiş və yaxud tam şəkildə kəsilmiş soydaşlarımızda isə bu əlaqələrin yenidən bərpasına xidmət edir. Məlumdur ki, dünyada təxminən 50 milyon azərbaycanlı var və onların hər biri ana dilinin daşıyıcısıdır. Bu isə o deməkdir ki, onlar, eyni zamanda milli mədəniyyətin daşıyıcılarıdır. Ana dilinin unudulması, bu dilin “daşıyıcısı” statusunun itirilməsi gələcəkdə milli-mənəvi və mədəni dəyərlərin itirilməsi ilə nəticələnir. Xarici ölkələrdə yaşayan ikinci, üçüncü nəsil soydaşlarımızla ana dili arasında bağlar müxtəlif səbəblər üzündən tədricən zəifləyir və bəzi hallarda tamamilə qırılır.
Daha bir məqsəd Azərbaycan dilinin qalib xalqın dili olduğunu xarici ölkələrdə təbliğ etmək, qloballaşma şəraitində diasporda yaşayan yeni nəsil azərbaycanlıların ana dilini qoruması və inkişaf etdirməsinə motivasiya verməkdən ibarətdir. Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan xalqı dünyada artıq qalib xalq kimi tanınır və qəbul olunur. Bu qalibiyyət onun bütün atributlarına, o cümlədən ana dilinə də şamil olunur. Bütün dünya ilk dəfə məhz azərbaycan dilində Vətən müharibəsinin Azərbaycan xalqının və dövlətinin Zəfəri ilə bitməsi xəbərini eşidib. Başqa sözlə, azərbaycan dili – Zəfər dilidir. Layihə çərçivəsində “Zəfər dili” çarxı çəkmək üçün peşəkar heyət formalaşdırılacaq. Daha sonra çarxın iştirakçıları təyin olunacaq və onlardan müsahibələr alınacaq. Əsas vəzifələrimizdən biri də hər bir iş barəsində mətbuata mütəmadi şəkildə məlumat verməkdir. Çarxla bağlı müsbət rəy alandan sonra isə təqdimat mərasimləri keçiriləcək. Çarxın Bakıda təqdimat mərasimi və “azərbaycanlılar arasında mənəvi bağların qorunub saxlanmasında ana dilinin rolu” mövzusunda konfrans keçiriləcək.