Sentyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçkilərdə demək olar ki, əksər siyasi partiyalar namizədləri ilə iştirak edir. Lakin müxalifət partiyaların namizəd sayı ümumilikdə götürdükdə çox azdır. Ən çox namizəd irəli sürən (25 nəfər) müxalifət təşkilatı Müsavat Partiyasıdır.
Yeri gəlmişkən, bütün müxalifət namizədlərinin hamısı deputat seçilsə belə, onların Milli Məclisdəki məsələlərə təsiretmə imkanları o qədər də böyük olmaya bilər.
Maraqlıdır müxalif siyasi partiyalar nə üçün bu qədər az namizədlərlə seçkilərə qatılıb?
Modern.az məsələ ilə bağlı siyasi partiyalarla əlaqə saxlayıb.
Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı bildirib ki, onlar seçicilərin seçkiyə olan inamını nəzərə alaraq namizədlik barədə qərar qəbul ediblər:
“Nəticədə 34 nəfər namizədimiz oldu ki, onlardan da 25-i qeydə alınıb. 9 nəfərin müxtəlif bəhanələrlə seçkidə iştirakının qarşısı alındı. Namizədlərimizdən biri – professor Nəsiman Yaqublu müəmmalı şəkildə dünyasını dəyişdi”.
Gülağa Aslanlı vurğulayıb ki, parlamentin işini nizama salmaq üçün bütün millət vəkillərinin Müsavat Partiyasının üzvü olması yox, əksəriyyətinin müsavat ideologiyasına sahib olması vacibdir.
REAL Partiyasının icraçı katibi Natiq Cəfərli maddi resursları çatmadığı üçün az namizədlə seçkidə iştirak etməyi məqbul saydıqlarını söyləyib:
“REAL Partiyası ötən ilin dekabrında Seçki Qərargahı yaradıb. Biz partiya daxilində kimin namizəd olmaq istədiyini öyrənmək üçün seçki təşkil etdik. 80-dən çox şəxs namizəd olmaq istədi. Siyasi komitə və İdarə Heyəti olaraq onların hamısı ilə bir-bir görüşdük. İki strategiyadan birini seçməliydik. Ölkənin müxtəlif yerlərində 80-ə yaxın namizədlə iştirak edib resursları qeyri-rasional istifadə etməliydik, yaxud da namizədlər arasında qalib gəlməyə yaxın olanları seçib resursları bir istiqamətə cəmləməliydik. Bilirsiniz ki, istənilən ölkədə, o cümlədən Azərbaycanda seçki prosesi çoxlu maddi resurs tələb edir. REAL Partiyasının isə o qədər böyük maddi resursu yoxdur. Hər namizədin seçki kampanyasına əvvəldən axıra qədər təxminən 7-10 min vəsait tələb olunur. İnsan resursları da kifayət qədər vacibdir. İrəli sürdüyümüz 13 namizəddən 12-si qeydiyyatdan keçib. Hər birinin ortalama 50 müşahidəçisi var. Bu isə ümumilikdə 600 müşhidəçi deməkdir. Onlara daha yaxşı müşahidəçi olması üçün treninqlər keçirilməli, müxtəlif işlər görülməlidir ki, buna da vəsait lazımdır. Biz düşündük ki, 12 güclü namizədlə çıxış edək, namizədlərimizin qalibiyyətinə nail olaq. Parlamentdə fraksiya yaratmaq indiki dönəmdə daha uğurlu strateji xəttdir”.
N.Cəfərli söyləyib ki, onsuz da Azərbaycanda hökumət parlament seçkisi ilə qurulmur:
“Hökumət parlamentdən çıxmır. Ona görə parlamentdə güclü səsə, mövqeyə malik olmaqla hökumətin fəaliyyətinə təsir etmək imkanları sahiblənmək müsbət haldır. REAL Partiyası bu yolla getməyə üstünlük verdi. 12 namizədimizin hamısı da qalibiyyətə ən layiq namizədlərdir. Hər biri öz dairəsində ciddi mübarizə aparır”.