Makronun növbəti məğlubiyyəti – Zelenski Britaniyanı seçir – ŞƏRH

Böyük Britaniya Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı təşəbbüsü ələ alır. Ağ Evdə ABŞ Prezidenti Donald Trampla qalmaqallı görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin dərhal Londona səfər etməsi və ən yüksək səviyyədə qəbul olunması bu qənaətə gəlməyə əsas verir.

Məhz Londonda uzun illərdən sonra Ukrayna ilə bağlı konkret qərarlar qəbul edilib, addımlar atılıb. İngilislər ciddi fikir ayrılığında olan Avropa liderlərini bir araya toplayıb onları Ukraynaya gələcəkdə dəstək göstərilməsinə razı salmağa müvəffəq olub. London sammitinin təşkilatçısı, Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, məqsəd müharibənin dayandırılması planını hazırlamaq idi.

Görüşdən sonra keçirilən mətbuat konfransında Baş nazirin səsləndirdiyi fikirlər maraqlıdır. Bildirib ki, hərəkətlərin sürətli tempini saxlamaq və ümumi plan üzərində işləməyə davam etmək üçün tezliklə yenidən görüşəcəklər: “İndi əlavə söhbətlərin vaxtı deyil – ədalətli və davamlı sülhə nail olmaq üçün hərəkətə keçmək və yeni plan ətrafında birləşmək vaxtıdır”.

Ukrayna ilə bağlı təşəbbüsü tamamilə ələ alan Britaniya bu ölkəyə 1,6 milyard funt-sterlinqlik hərbi yardım paketini də açıqlayıb. Martın 2-də açıqlanan 2,2 milyard funt-sterlinqlik kreditdən başqa, London 1,6 milyard funt-sterlinq ayırır və bu, Ukraynaya Belfastda istehsal olunacaq 5000-dən çox hava hücumundan müdafiə raketi almağa, ölkənin güclü müdafiə sektorunda iş yerləri yaratmağa imkan verəcək: “Bu, kritik infrastrukturu indi qorumaq və Ukraynanı sülhün təmin olunmasında gücləndirmək üçün həyati əhəmiyyət kəsb edəcək, çünki biz keçmişin səhvlərindən dərs almalıyıq. Rusiyanın asanlıqla poza biləcəyi Minsk kimi zəif razılaşmanı qəbul edə bilmərik”.

Artıq nəticə də var. Məsələn, sammitin yekunu olaraq bu gün Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ ölkələrinin müdafiə xərclərini 1,5 % artırmağı təklif edib. O, ümumi büdcəsi 800 milyard avro təşkil edəcək Aİ-nin yenidən silahlanma planını təqdim edib. Onun sözlərinə görə, Avropa Komissiyası Aİ-də hava hücumundan müdafiə vasitələrinin istehsalı və Ukrayna üçün silah istehsalı ilə bağlı kredit şəklində 150 milyard avro cəlb etmək niyyətindədir. “Avropa öz müdafiə xərclərini artırmağa hazırdır. İlk növbədə qısamüddətli perspektivdə Ukraynanın dəstəklənməsi üçün, uzunmüddətli perspektivdə isə öz təhlükəsizliyinin təmin edilməsi üçün”, – o bildirib. Ukrayna Böyük Britaniya ilə silah istehsalı üçün kredit müqaviləsi də imzalayıb.

Beləliklə, Britaniyanın Ukraynaya kömək etmək üçün mühüm addımlar atdığı göz önündədir. Hətta onların arasında Ukraynaya hərbi kontingentin göndərilməsi də var. Məsələn, Starmer deyib ki, bu sazişin icrası üçün Ukraynaya hərbi kontingent də göndərəcəklər.

Göründüyü kimi, Böyük Britaniya Ukrayna ilə bağlı təşəbbüsü tamamilə ələ alıb. ABŞ-dən sonra çoxları gözləyirdi ki, Zelenski Ukrayna müharibəsində təşəbbüsü ələ almağa çalışan Fransaya üstünlük verəcək. Lakin prezident Emmanuel Makronun bununla bağlı bütün təşəbbüsləri puç olub. V.Zelenski nəinki onunla məsləhətləşmələr aparmaq istəyib, əksinə, onunla əlaqə belə saxlamayıb. Bu dəfə də uduzan Yelisey sarayı ABŞ-nin Ukraynaya hərbi yardımının dayandırılmasından yalnız neçə gün sonra bir sıra nazirlər və ordu komandanlığının nümayəndələrinin iştirakı ilə iclas keçirmək qərarına gəlib. Dövlət başçısı hökumət üzvləri ilə Kiyevə ABŞ yardımının dayandırılması ilə yanaşı, martın 6-da keçiriləcək Aİ sammitini də müzakirə edəcək. Sammitdə Ukraynaya yardımın və müdafiə xərclərinin artırılması müzakirə olunacaq. Bu görüşdə də Britaniya əsas rol oynayacaq.

Baş verənlər Fransanın, xüsusən də, Makronun növbəti uğursuzluğudur. Prezident gözləyirdi ki, Ukrayna ABŞ-lə yaşananlardan sonra üstünlüyü ona verəcək, diqqət Fransaya yönələcək. Lakin Zelenski bütün bu fikirlərin üstündən xətt çəkib. Çox güman ki, Ukrayna liderində bu fikrin möhkəmlənməsində Emmanuel Makronun özünü yarıtmaz siyasətçi kimi göstərməsi mühüm rol oynayıb. Onun idarəçiliyi dövrü Beşinci respublikanın tarixinə ən biabırçı illər kimi düşüb. Keçirilən rəy sorğuları Makron hökumətinin reytinqinin ən aşağı həddə olduğunu üzə çıxarıb. 2017-ci ildən ölkəni idarə edən Makronun idarəçiliyi nəticəsində sosial gərginlik o həddə çatıb ki, hökumət ölkə prezidenti Emmanuel Makronun iqtisadi islahatları çərçivəsində işsizlik müavinətlərini azaltmaq qərarına gəlib. İslahat çərçivəsində müavinətlərin ödənilmə müddəti 18 aya endirilib.
Qeyd olunan faktlar müasir Fransanın necə acınacaqlı vəziyyətə salındığını təsdiqləyən az sayda faktlardan bəzisidir. Problemlər tək xarici siyasət məsələlərini əhatə etmir, bu problemlər artıq milli fəlakət həddinə çatıb. Makron hökumətinin yarıtmaz siyasətinin ən ciddi fəsadı həm də sağların güclənməsidir. Bu isə miqrantların çoxluq təşkil etdiyi ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər.

Görünür, Zelenski də bunları görərək lazımı nəticəsini çıxarıb. Onun Londona üstünlük verməsinin əsas səbəblərindən biri budur. Məhz London hökuməti əksər münaqişələrin həllində obyektiv mövqeyi ilə seçilib. Bunları isə Fransa haqqında söyləmək olmaz. Makronun yarıtmaz siyasəti xüsusilə xarici siyasətdə özünü göstərib. Tək Ukrayna lideri deyil, dünya gördü ki, Yelisey sarayı necə Afrikadakı müstəmkələlərindən qovulur. Əvvəl, Niger, ardınca Qabon, Çaddan biabırcasına Fransanı qovub çıxardılar. İndi isə növbəti gərginlik Əlcəzairlə bağlı yaşanır.

Ukrayna lideri də qeyd olunları illərdir sezir və müşahidə edir. Bilir ki, dünya böyu nüfuzunu itərən dövlət ona yardımçı ola bilməz. Paris etibarsız tərəfdaş olduğuna görə, hər an mövqeyini dəyişə bilər. Bu səbəbdən də üstünlüyü Avropa İttifaqının ən nüfuzlu keçmiş üzvü olan Britaniyaya vermək qərarına gəlib. Bu da Makron və komandası üçün biabırçı faktlardan biri kimi tarixdə qalacaq.(Report)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]