Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli Dəyərlərin Qorunması” ictimai birliyi tərəfindən icrasına başlanan “Ağa Musa Nağıyev irsinin təbliği” layihəsi 1 iyul – 30 sentyabr 2024-cü il tarixlərini əhatə edən 3 (üç) ay müddətində icra olunacaq. Layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru, Bakı milyonçusu və xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva-Muxtarovadır.
Layihənin ideyası Ağa Musa Nağıyevin milli maraqlara xidmət edən xeyriyyəçilik ənənələrini bərpa etmək, iş adamlarının təhsil, səhiyyə, mədəniyyət və digər ictimai-sosial sahələrə sərmayələr yatırmaqla dövlətin üzərinə düşən maliyyə yükünün azalmasına dəstək göstərmək, elmi tədqiqatların və onun Azərbaycan cəmiyyətində daha da geniş tətbiq olunmasına dəvət etməkdən ibarətdir. Xeyriyyəçilik ənənələrinin bu şəkildə geniş təbliğ olunması, eyni zamanda, Azərbaycanın milli maraqlarına da uyğundur, çünki Azərbaycan cəmiyyətində bu xüsusiyyətləri yaymaqla milli birlik, milli şüur və milli özünüdərketmə təmin edilir. Ona görə təqdim olunan layihənin tərbiyəvi xarakteri olduqca güclüdür. Bu ideya əsasında “Ağa Musa Nağıyev – 175” video çarxı hazırlanacaq və təqdimat mərasimi keçiriləcək.
Məqsəd XX əsrin əvvəllərində milyonçu və xeyriyyəçi Ağa Musa Nağıyevin rəhbərliyi ilə inşa edilmiş 98 binanın Azərbaycan paytaxtının arxitektura ansamblının əsasını təşkil etdiyini göstərmək, Nağıyevin Azərbaycan neft, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrin inkişafına töhfələrini göstərmək və bununla da Azərbaycan cəmiyyətində bununla bağlı biliklərin daha da genişləndirilməsinə, xeyriyyəçilik ənənələrinin real həyatda tətbiqinə nail olmaqdır. Bundan əlavə, Ağa Musa Nağıyevin həyatı və fəaliyyəti ilə bağlı yeni tədqiqatların nəticələrini misal göstərərək əsasən gənc nəsildə xeyriyyəçilik ənənələrinin Azərbaycan cəmiyyətində daha da geniş yayılmasına nail olmaq əsas məqsədimizdir. Buna nail olmaq üçün bir sıra vəzifələrimiz var. Əvvəlcə, “Ağa Musa Nağıyev – 175” video çarxı çəkmək üçün peşəkar heyət formalaşdırılacaq. Daha sonra çarxın iştirakçıları təyin olunacaq və onlardan müsahibələr alınacaq. Bunun əsasında ssenari yazılacaq və çarx montaj ediləcək. Əsas vəzifələrimizdən biri də hər bir iş barəsində mətbuata mütəmadi şəkildə məlumat verməkdir. Çarxla bağlı müsbət rəy alandan sonra isə təqdimat mərasimləri keçiriləcək.