Kreml yenidən nüvə şantajına əl atıb.
Bunu Ukrayna ordusunun generalı və Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuj deyib.
Onun sözlərinə görə, buna səbəb Ukraynanın Kursk vilayətində keçirdiyi əməliyyatla bağlı Rusiya rəhbərliyi arasında yaranmış panikadır:
“Putin qorxur. Ukrayna ordusu Rusiya ərazisinə daxil olub, Kursk vilayətində əməliyyatı davam edə və genişlənə bilər. Eyni şey müvəqqəti işğal olunmuş ərazilərə də aiddir. Ukrayna düşmənin heç gözləmədiyi yerdə strateji zərbələr endirə bilər. Xüsusilə Krıma doğru. Və bu artıq rejimin süqutunun əlaməti ola bilər”.
Malomuj qeyd edib ki, Moskva sadəcə olaraq Kursk vilayətində baş verənləri müşahidə edir:
“İndi düşmənin yenidən nüvə ritorikasına əl atmaqdan başqa çarəsi yoxdur. Bu yolla, görünür, onlar Ukraynanın cəbhənin müəyyən hissələrinə hücumundan ehtiyat edərək fəal olmağa çalışırlar.
Rusiyaya xəbərdarlıq edilib ki, nüvə silahından istifadə məqbul deyil. Əgər Moskva taktiki nüvə silahı ilə zərbələrə hazırlaşarsa, bu, bütün dünya ilə qarşıdurmaya səbəb olacaq. İndi hamı tərəfdaşlarımızın Rusiya ərazisində silahlarının tətbiqi ilə bağlı qərarını gözləyir. Bu, Kremlin nüvə şantajına əl atdığı daha bir “qırmızı xətt” olacaq. Lavrovun Rusiyanın müdafiə konsepsiyasında, xüsusən də nüvə silahından istifadə ilə bağlı iddia edilən dəyişikliklə bağlı açıqlamaları məhz bununla bağlıdır”.