Oktyabrın 9-da “Global Media Group”un İdarə Heyətinin sədri Elnur Abdullayev və BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov arasında Anlaşma Memorandumu imzalanıb.
Aktualtv.az xəbər verir ki, sənədə əsasən müvafiq qurumlar dayanıqlı biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin cəmiyyətdə təbliği istiqamətində birgə tədbirlər həyata keçirəcəklər.
Bir müddət öncə Qlobal Sazişə üzv kimi qoşulan “Global Media Group” ekoloji, sosial və korporativ idarəetmə (ESG) sahələrində məsuliyyətli biznes prinsiplərinin təşviqi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) sadiqliyini nümayiş etdirib.
“Global Media Group”un Korporativ Sosial Məsuliyyət strategiyası da dayanıqlı inkişaf dəyərlərinə və məsuliyyətli biznes təcrübələrinə əsaslanır. Bu strategiya çərçivəsində şirkətlər qrupu bir sıra təşəbbüsləri reallaşdırmağa davam edir. Enerji səmərəliliyinin artırılması, proseslərin avtomatlaşdırılması, tullantıların azaldılması və onların emalı üçün aidiyyəti qurumlarla əməkdaşlıq edilməsi, sənədlərin rəqəmsallaşdırılması nəticəsində kağız sənədlərin istifadəsinin minimuma endirilməsi, ədalətli iş mühitinin təmin edilməsi, sosial mühitə töhfələr verilməsi, işçiləri təkmilləşdirməklə sıx əməkdaşlığa təşviq edilməsi və s. istiqamətlərdə öz töhfələrini verməyə davam edir.
“Dayanıqlılıq bugünkü qlobal iş dünyasında əvəzolunmaz prioritetə çevrilib. “Global Media Group” olaraq biz də missiyamızı davamlılıq prinsipləri üzərində qurmağı öz öhdəliyimizə götürmüşük. “Global Media Group”un tərkibinə daxil olan “Global Management”, “Report” İnformasiya Agentliyi, Baku TV və Oxu.Az şirkətlərinin hər biri keyfiyyətin idarə edilməsindən ətraf mühitin mühafizəsinə, əməyin mühafizəsindən təhlükəsizliyinə qədər ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq sertifikatlarına sahibdir.
BMT-nin Qlobal Sazişində iştirakımız bizə ekoloji məsuliyyətdə irəliyə doğru hərəkət etməyə, bu istiqamətdə əmin addımlar atmağa imkan verir. Biz holdinqin və tərkibində olan şirkətlərin strategiyasına, əməliyyatlarına və mədəniyyətinə dayanıqlılıq prinsiplərini inteqrasiya etdirməyi, prosesləri daha şəffaf şəkildə idarə etməyi hədəfləyirik. Bütün bu addımlar şirkətin davamlılıq sahəsində aktiv və məsuliyyətli rol oynamasına kömək edir və nəticə olaraq, sosial, ekoloji və iqtisadi baxımdan da müsbət təsir yaradır. Belə ki, “Global Media Group” bu memoranduma əsasən Qlobal Sazişə yalnız üzv olmaqla kifayətlənməyərək, daha böyük layihələrdə birgə əməkdaşlıq etməyi planlaşdırır“, – “Global Media Group”un İdarə Heyətinin sədri Elnur Abdullayev bildirib.
“Bu gün media maarifləndirməni artırmaq, ictimai rəyi formalaşdırmaq və ekoloji, sosial və iqtisadi məsələlərdə hesabatlılığı təşviq etməklə dayanıqlı inkişafda mühüm rol oynayır və bununla da, daha davamlı gələcəyə doğru kollektiv fəaliyyətə təkan verir. “Global Media Group”un BMT-nin Qlobal Sazişinə sadiqliyi və tərəfdaşlığı təkcə şirkət və onun tərkibindəki qurumların özlərinin dayanıqlı olması üçün deyil, eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən özəl sektorların təmin etməyi hədəflədiyimiz qlobal gələcəyi üçün onları səfərbər etmək adına da mühüm bir dönüş nöqtəsidir” , – BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov bildirib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bu ilin ölkəmiz üçün mühüm il olacağını göstərir. Davamlılıq sahəsində beynəlxalq platformalarda daha böyük töhfələr vermək istəyən “Global Media Group” iş dünyasında davamlılığı təşviq etməyə və “yaşıl” bir dünya üçün bu istiqamətdə səy göstərməyə davam edəcək.
“Global Media Group” haqqında
Azərbaycanın ən böyük media-holdinqlərindən biri olan “Global Media Group” 2017-ci ildən fəaliyyətə başlayıb. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.
“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn) müraciət edə bilərsiniz.
BMT-in Qlobal Sazişi haqqında
BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş 160-dan çox ölkədə 15 mindən artıq biznes və 3800 qeyri-biznes tərəfdaşlarını bir araya gətirən korporativ dayanıqlılıq təşəbbüsüdür. Azərbaycandan SOCAR, AzInTelecom, Azerbaijan Airlines, PASHA Technology , Azercell, Neqsol Holding, Pasha Bank və digər qabaqcıl şirkət artıq bu təşəbbüsə qoşulub.
Qlobal Saziş haqqında daha ətraflı məlumat əldə etmək üçün https://unglobalcompact.org saytına keçid edə bilərsiniz.