AKTUAL TV “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məsələni şərh edərkən məlum olub.
O, əvvəlki kimi yenə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qəsddən adam öldürmələrini bəhanə gətirərək onların azad olunmasından imtina etdiklərini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Yerevanın girov saxladığı azərbaycanlıların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə rəsmi Bakının hazır olduğunu bildirib.
Xatırladaq ki, 2014-cü ilin iyulun 11-də azərbaycanlı mülki şəxslər – D.Əsgərov və Ş.Quliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında “məhkəmə” təşkil edilərək D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşlərində, habelə Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla 2017-ci və 2018-ci illərdə apardığı müzakirələr zamanı əsir-girovların “hamının-hamıya” formatında azad olunması ilə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırıb.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 2019-cu il sentyabrın 11-də rəsmi məlumat verib.
Dövlət Komissiyası Azərbaycanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etdiyini yenidən diqqətə çatdırır, 2019-cu il sentyabrın 7-də Rusiya Federasiyası və Ukrayna arasında əsirlərin “hamının-hamıya” mübadiləsini yüksək insanpərvərlik aktı kimi təqdir edərək, bu humanizm nümunəsinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha bildirib.