“Erməni qadınları gələcəyi olmayan ölkədə uşaq dünyaya gətirmək istəmirlər”.
Bunu erməni siyasi şərhçisi Razmik Akopcanyan deyib.
Onun sözlərinə görə, 2022-ci ilin sonunda MDB ölkələri arasında ən yüksək işsizlik səviyyəsi Ermənistanda qeydə alınıb və işsiz əhalinin faizi 14,5% təşkil edib. “Bu, rəsmi məlumatdır. Ölkədə qeyri-rəsmi işsizlik rəqəmləri bundan da yüksəkdir”, – deyə o, vurğulayıb.
Razmik Akopcanyan qeyd edib ki, bir problem başqa problemin yaranmasına gətirib çıxarır. “Ermənistanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik doğum səviyyəsinə və əhalinin ölkədən getməsinə təsir edir. İndi bizim sayımız üç milyondan azdır. Bundan əlavə, vəziyyət daha da pisləşə bilər – axı, heç kim özü və uşaqları üçün qeyri-müəyyən gələcək istəmir. Bizə minimum iqtisadi sabitlik üçün dövlət zəmanəti lazımdır, bu isə yoxdur. Bəs, nə var? Ermənistanın dövlət borcunun 45%-dən çox artdığını və bu gün 9,97 milyard dolları ötdüyünü göstərən rəqəmlər var. Yəni, Ermənistan hakimiyyəti respublika vətəndaşlarının gələcək nəsilləri üçün borc quyusu qazıb. Bəs, kiçik bir ölkə üçün böyük xarici borc nədir? Bu onun müstəqilliyinin azalmasıdır”!
Erməni siyasi şərhçisi deyib ki, bütün bunlar isə Rusiya ilə Qərb arasında yöndəmsiz manevr cəhdlərinin fonunda baş verir. “Canavarların ona tez-tez hücum etməsi barədə nağıl danışan, sonra həqiqətən də ona hücum edəndə köməksiz qalan adamın misalı bizim üçün çox aktualdır. Dünya görür ki, respublika rəhbərliyi KTMT (ОДКБ) ilə bağlı tənqidi bəyanatlar verir, amma, eyni zamanda, Ermənistan bu təşkilatı tərk etmir”.
Etibar Məmmədov /aktualtv.az/