Deputat: “Sosial şəbəkələrin fəaliyyəti qanunla tənzimlənməlidir”

Son dövrlər bir sıra ölkələrdə sosial şəbəkələrə tənzimləmələrin gətirilməsi ilə bağlı geniş müzakirələr aparılır. Hətta bəzi ölkələrdə bu prosesə başlanılıb, hətta müəyyən qanun qəbul edən ölkələr də var.
  • 01/08/2020
  • 22:52

Belə ki, hazırda informasiya texnologiyalarının inkişafı, informasiya mübadiləsi cəmiyyətdə informasiya axınının surətlənməsinə, bu isə öz növbəsində ictimai münasibətlərdə çevik dəyişikliklərə gətirib çıxarır. Bu baxımdan sosial şəbəkələr vasitəsi ilə 3 kateqoriyada ciddi dəyişikliklər baş verməsi potensialı böyükdür. Bu sıraya şəxslər arasında olan münasibətləri, cəmiyyətdə əsas götürülən milli-mənəvi dəyərləri və əlbəttə ki, dövlətin təhlükəsizliyi ilə bağlı olan münasibətləri aid edə bilərik. Qeyd etdiyimiz bu 3 məsələyə sosial şəbəkələr vasitəsilə zərərin yetirilməsi üçün ciddi təhlükə potensialının olduğunu aydın şəkildə görə bilərik. Bu mənada əgər şəxslərin bir-birinə, eyni zamanda cəmiyyət və dövlət əleyhinə hərəkətlərinə görə məsulliyyəti qanunvericilik aktları ilə tənzimlənirsə həmin standartlar eyni zamanda şəxsin sosial şəbəkələrdə olan davranışlarına da tətbiq edilməlidir. Son günlərdə Azərbaycan-Ermənistan arasında olan hərbi münaqişənin alovlanması zamanı baş verən informasiya müharibəsində yanlış məlumatların nə dərəcədə təhlükəli, ajotaj yarada biləcək gücdə olduğunu müşahidə etdik.

Bu dövlət təhlükəsizliyi üçün kifayət qədər vacib və aktual olan məsələdir. Bu baxımdan sosial şəbəkələrdə yanlış fikirlərin dolaşması kifayət qədər sürətli baş verir, bu isə dövlət, cəmiyyət və şəxslərin qanunla qorunan mənafelərinə də mənfi təsir göstərir.

Biz sosial şəbəkələrin zərərlərini 2 hissəyə ayıra bilərik:

1) Şərəf, ləyaqət, yaxud qanunla qorunan ictimai maraq və mənafelərə zərər vurulması bağlı konkret subyekt və ya obyektə yönələn zərərlər – bu halda zərərin yönəldiyi konkret hədəf rahatlıqla müəyyən olunduğu üçün onunla çevik mübarizə aparmaq mümkün olur.

2) Dövlət və ictimai təhlükəsizliyə aid olan, konkret subyekt və obyektə bilavasitə deyil, dolayı yolla yönələn zərərlər – bu halda zərərin yönəldiyi konkret hədəf rahatlıqla müəyyən edilə bilinmədiyi üçün onunla çevik mübarizə aparılması mümkün olmur. İctimai şəkildə ajotaja səbəb ola biləcək informasiyaların sosial şəbəkələr vasitəsilə paylaşılması buna bariz nümunə hesab edilə bilər. Xüsusilə pandemiya dövründə bəzən həqiqi olmayan, insanlar arasında təşvişə səbəb olan bir sıra paylaşımların şahidi olmuşduq. Əlbəttə ki, bu tipli paylaşımların zərər vurduğu obyekt konkret subyektlər deyil, ictimai təhlükəsizlikdir. İctimai təhlükəsizlik isə birbaşa dövlət təhlükəsizliyi ilə bağlıdır, həmçinin onun təmin edilməsi cəmiyyətin sabitliyi baxımından kifayət qədər vacib nüansdır. Bu məqamda, xüsusilə ötən illərdən bəri rastlaşdığımız ciddi bir problem də var: dini ekstremizm məzmunlu və yanlış dini baxışların paylaşılması. Əlbəttə ki, yanlış, daha çox dini xürafat məzmunlu paylaşımlar etmək, insanların dini bilgisizliyindən istifadə edərək həqiqi olmayan məlumatlar yaymaq, onların surətli şəkildə təsir altına düşmələrinə səbəb olur. Sonradan həmin yanlış olan məlumatlar insanların fərdi təsəvvüründə doğru və həqiqət kimi qavranılır. Bu isə kifayət qədər ciddi sosial problemdir, dolayısı ilə dövlət təhlükəsizliyinə ciddi təhdiddir. Bu səbəbdən xüsusilə də bizim dövlət təhlükəsizliyimiz üçün son dərəcə vacib olan qeyd etdiyimiz dini radikal fikirlərin sosial şəbələrdə paylaşılmasıyla bağlı xüsusi tənzimləmələrin qanunvericiliyə gətirilməsinə ciddi ehtiyac olduğunu düşünürəm. Eyni zamanda sosial şəbəkələrdə tənzimləmələrin gətirilməsinin vacib olduğu başqa bir məsələ isə milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlıdır.

Cənab Prezident yeni Təhsil nazirini təyinatı ilə bağlı videoformatda qəbul edərkən xüsusilə gənc nəslin, məktəbyaşlı uşaqların tərbiyəsinin vacibliyini önə çəkdi. Cənab prezident öz çıxışında bildirdi ki, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Bu mənada sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin əleyhinə yönələn hər hansı çağırışların, hərəkətlərin yayılmasına, yetkinlik yaşına çatmayan şəxslərin təlim-tərbiyəsinə zidd yönəlməsinin qarşısının alınmasına ciddi ehtiyac var. Qeyd edilənlərə uyğun olaraq, fikirlərimizi ümumiləşdirsək bildirə bilərik ki, ictimai və dövlət təhlükəsizliyi baxımından sosial şəbəkələrdə zərərli çağırışların qarşısının çevik alınması zərurəti mövcuddur və bu sahədə hüquqi tənzimləmələrin tətbiq edilməsi zamanın tələbidir.

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

  • Aktual Xəbər
  • Azərbaycan Həqiqətləri
  • Diaspora
  • Aktual Layihə
  • Aktual TV
  • Aktual Mövqe
  • Sizdən Xəbər

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]