“Paşinyan avtoritar adamdır” – Azərbaycanlı politoloq

İrəvan şəhərinin sabiq meri və İctimai xidmətlərin tənzimlənməsi Komissiyasının keçmiş sədri Robert Nazaryan həbs edilib.

AKTUAL TV xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, Robert Nazaryanın həbsinin əsas motivi ölkənin keçmiş prezidenti Serj Sərkisyana qarşı ifadə verməkdən imtina etməsidir.

Mövzu ilə bağlı söhbətləşdiyimiz politoloq Qabil Hüseynli bildirib ki, təkcə “Hraparak” qəzeti deyil, Rusiya mediası da son vaxtlar Ermənistanda antidemokratik meyillərin, antidemokratik basqıların artmasından gen-bol bəhs edirlər:

“Bildirirlər ki, dünənədək özünü demokrat libasında təqdim etməyə çalışan və bununla öyünən Paşinyan hakimiyyətin qorunub saxlanılması, rəqiblərin siyasi səhnədən sıxışdırılıb çıxarılması məsələsi gələndə demokrat obrazını tamamilə unudur. Son zamanlar Ermənistanda həqiqətən də bir hakimiyyət böhranı müşahidə olunmaqdadır. Artıq Paşinyanın reytinqinin sürətlə aşağı düşməsi və ona qarşı olan qüvvələrin inteqrasiya prosesinin getməsi Paşinyanı özündən çıxarmağa başlayıb. O, bu əsəbləşməyi özünün avtoritar hərəkətləri ilə nümayiş etdirir. Məsələn, çoxları son zamanlar ərsəyə gələn “Vətən” partiyasının Rusiyanın maliyyəsi əsasında yarandığını və himayə olunduğunu iddia edir. Bundan əlavə Robert Köçəryan həmin partiyanın təbliğatında ciddi surətdə iştirak edir. Bunun nəticəsində bu partiyanın elektoral bazası hər gün sürətlə artır. Hazırda “Vətən” partiyası Ermənistan siyasi səhnəsində hamını qıcıqlandıran bir amilə çevrilib. Xüsusilə də bu daha çox Paşinyana təsir göstərir. Partiya özünün sərt bəyanatları, sıralarına varlı adamları cəlb etməsi, İrəvanın mərkəzində dəbdəbəli qərargah icarəyə götürməsi ilə seçilir. Bəzən də onun “Qarabağ klanı” tərəfdindən maliyyələşdirilməsinə dair rəylər formalaşdırılır”.

Müsahibimiz bildirib ki, “Vətən” partiyasının keçirdiyi tədbirlər, ora sosial baza axını Paşinyanı çox qəzəbləndirir və bu partiya ilə bağlı artıq bəzi məhdudlaşdırıcı tədbirlər görülür:

“Bu da əks-effekt verir və əslində həmin partiyanı daha da populyarlaşdırır. Həmin partiyanın əzabkeş obrazını formalaşdırır”.

Politoloq qeyd edib ki, son vaxtlar Ermənistanda məhkəmə orqanlarına da təzyiqlər artıb:
“Bundan əlavə Köçəryandan sonra Sərkisyana qarşı da materialların toplanılmasına başlanıb. Sərkisyanın qardaşı oğlu Narek Sərkisyanı bir neçə ay əvvəl Çexiyada həbs edərək İrəvana gətirdilər. Ancaq mətbuat yazır ki, onun haqqında qaldırılan cinayət işinin əsasında ciddi kriminal əlamətlər yoxdur. Sadəcə, o adamı Sərkisyanın qardaşı oğlu olmasına görə həbs ediblər və sair”.

Qabil Hüseynli deyib ki, Nikol Paşinyan demokratiya anlayışını çoxdan unudub:

“Hazırda onun üçün hakimiyyətini qoruyub saxlamaq anlayışı mövcuddur. Hadisələrin gedişindən belə qənaət hasil oldu ki, Paşinyan mahiyyət etibarilə əslində avtoritar adamdır. Onu demokratiyaya daha çox Corc Soros yönləndirib. Hakimiyyəti nüfuzdan düşdükcə, reytinqi itirildikcə demokratiyaya olan hörmət-izzət də tamamilə sıradan çıxır və nəticə etibarilə onda avtoritarizm hissləri güclənir. Bir sözlə Ermənistandakı hakimiyyət böhranı ölkədə avtoritarizmin daha da güclənməsinə səbəb olan amillərdən biridir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]