Prezidentin bu addımı tərbiyəvi, maarifləndirici nümunədir – RƏY

“Prezidentin və Birinci vitse-prezidentin işğaldan azad olunmuş torpaqlara səfər etməsi və orada ermənilərin işğal illərində törətdikləri vəhşiliklərlə bağlı rəsmi və ən mötəbər mənbələr olaraq məlumatlar yayması Azərbaycan üçün strateji əhəmiyyətlidir”.

AKTUAL TV xəbər verir ki, bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunan Ağdam rayonuna səfərinə münasibətini ifadə edərkən qeyd edib.

Prezidentin Ağdama səfərini yüksək qiymətləndirən A.Quliyevin sözlərinə görə, ermənilərin törətdikləri vəhşiliklər barədə ilk mötəbər mənbə olaraq Prezident tərəfindən məlumatın yayılması xüsusi haldır: “Sözsüz ki, bu, oradakı dağıntılar haqqında Ermənistanın və onun havadarlarının sonrakı manevr və onun üzərində spekulyasiya etmək imkanlarını xeyli dərəcədə məhdudlaşdırır. Çünki artıq ermənilər oradakı dağıntıların miqyası barədə bundan sonra hər hansı kiçildici bəyanat verə bilməyəcəklər. Ona görə ki, ilkin mötəbər və dəqiq məlumatı ən rəsmi mənbə sayılan Azərbaycan Prezidenti verib. Bu nöqteyi-nəzərdən Prezidentin ora səfərləri və oradakı vəziyyətlə bağlı ilkin məlumatları Azərbaycan üçün strateji əhəmiyyətlidir. Ermənistan üzərində bizim bundan sonra hüquqi müstəvidə aparacağımız proseslərdə çox tutarlı mənbələrə və faktlara çevriləcək”.

Prezidentin tarixən Azərbaycana məxsus olan dini, arxitektura, memarlıq, mədəniyyət abidələri ilə bağlı xüsusi həssaslıq nümayiş etdirməsinin, eləcə də bu ərazilərin bərpası ilə bağlı verdiyi bəyanatların böyük əhəmiyyəti olduğunu vurğulayan ekspertin fikrincə, Prezidentin və Birinci vitse-Prezidentin bu bölgələrə həssas səfərləri həm də onun ifadəsidir ki, Azərbaycan işğaldan azad olunmuş rayonlarla bağlı dövlət səviyyəsində böyük reabilitasiya proqramları həyata keçirməkdə iradəlidir və bunu sona qədər həyata keçirəcək: “Bu, o deməkdir ki, oralarda işğaldan azad olunan dövr üçün hansı bərpa və reabilitasiya işlərinin aparılacağı ilə bağlı özü birbaşa təəssürat əldə etmək və həmin proqramları şəxsən işləmək haqqında düşünür. Çünki həmin o proqramlar işlənərkən yerlərdən alınan vahid dövlət orqanlarının verdiyi məlumatlar başqa, amma Prezidentin özünün birbaşa təəssürat yolu ilə aldığı informasiyalar həmin ərazilərin bərpa proqramlarının işlənməsində çox önəmli rol oynayacaq”.

Dini, mədəniyyət abidələrimizə Prezidentin həssas yanaşmasını xüsusi müzakirə mövzusu hesab edən Aydın Quliyev vurğulayıb ki, bu, böyük mesajlar ötürmək potensialına malikdir: “Yəni Prezidentin Azərbaycan xalqının çox əziz və müqəddəs bildiyi dini rituallara sona qədər dəqiq əməl etmək istəyindən xəbər verir. Bu, onu göstərir ki, Prezident İlham Əliyev bizim dini rituallarımıza, adət-ənənələrimizə yaxından bələddir. Bəzilərinə xırda detal kimi görünsə də, dağıntılar, toz-torpağın içində olan məscidə daxil olarkən dini rituallara tam şəkildə əməl etmək özü də bir həssaslıq nümunəsidir və əslində, müsəlman dünyasına bir mesajdır ki, məscidin hansı şəraitdə, görkəmdə olmağından asılı olmayaraq, bunun adı məsciddirsə, müqəddəs yerdirsə, tələb olunan bütün qaydalara əməl etmək qaçılmazdır. Bu mənada Prezidentin dağıntılar altından çıxmış məscidə daxil olarkən rituallara tam əməl etməsi tərbiyəvi, maarifləndirici nümunədir”.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]