Alim: “Qarabağ çaylarının suları Azərbaycanda ən keyfiyyətli sular hesab oluna bilər”

Qarabağın yeraltı suları ilə qidalanan çayların suları Azərbaycanda demək olar ki, ən keyfiyyətli sular hesab olunur.

AKTUAL TV -nin məlumatına görə, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Məhəmməd Abduyev işğaldan azad olunmuş ərazilərimizdə su ehtiyatları və onlardan yararlanma imkanları, torpaqların azad olunmasının su ehtiyatlarının idarə edilməsinə təsiri haqqında fikirlərini açıqlayarkən deyib.

O bildirib ki, Azərbaycanın su ehtiyatları orta hesabla 30.0 km3-dir. Bunun 2/3 hissəsi, yəni 20.0 km3 tranzit axımın payına düşür, 10.0 km3-i isə sərhədlərimiz daxilində formalaşır. İşğaldan azad olunan ərazilərimizin çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 mln.kub metr olaraq hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir.

İşğal dövründə Azərbaycan Tərtərçay, Həkəriçay, Tərtərçayın qolu Levçay, Tutkunçay, Xaçınçay və digər bu kimi böyük çayların su ehtiyatlarından məhrum olduğundan, əkin sahələrinin suvarılmasında, xüsusilə bitkilərin vegetasiya dövründə çətinliklər yaranırdı. Ermənilər ekoloji terror törədərək həmin çayların sularını dağətəyi ərazilərə buraxmırdılar.

Qarabağ çatlı vulkanik süxurların geniş yayıldığı ərazi olduğuna görə yeraltı sularla daha zəngindir və onlar nisbətən dağətəyi ərazilərdə səthə çıxaraq bulaq şəklində çayları qidalandırır. Hidrokimyəvi xüsusiyyətləri – kalsium hidrokarbonatlılığına görə onların ümumi codluğu nisbətən aşağıdır və bu çayların suları Azərbaycanda demək olar ki, ən keyfiyyətli sular hesab olunur. Həm də xüsusilə yuxarı hissələrində meyillilik və sululuq çox, axın sürəti böyük olduğundan bu çaylar hidroenerji ehtiyatları ilə də zəngindir. Onların Azərbaycanın digər sahələrindəki suvarma sistemlərinə daxil olması, eyni zamanda, ərazidəki Sərsəng, Suqovuşan, Ağdamkənd, Xaçınçay və sairə su anbarları ekoloji bərpa prosesinin sürətlənməsinə təkan verəcəkdir.

Alim qeyd edib ki, işğal zamanı bu çayların qarşısı ermənilər tərəfindən kəsildiyinə görə Qarabağın dağətəyi ərazilərində qazılmış çoxlu artezian quyularının suyundan istifadə olunurdu. Bu sular çox təmiz, yeraltı sular olduğuna görə onlardan içməli su kimi məişətdə istifadə olunması daha məqsədəuyğundur. Çay suları isə minerallar, üzvü birləşmələr baxımından zəngin olduğundan əkin sahələrinin suvarılması üçün daha münasibdir.

İşğaldan azad olunmuş ərazilərin su ehtiyatlarının iqtisadiyyatımızın irəliləyişində dönüş yaradacağına əminlik bildirən mütəxəssis suvarılan torpaqların artırılmasına, suya olan tələbatın ödənilməsinə, digər su ehtiyatlarının paylanmasına və idarə olunmasına yetərincə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]