İlham Əliyev Kəlbəcər və Laçında…

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.

Aktualtv.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən inşaat işləri haqqında məlumat verdi.

Qeyd edildi ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun inşa edilir. Belə ki, yolun keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq, onun əsas hissəsinin ikizolaqlı, yoxuşlarda isə əlavə zolaq artırılmaqla tikintisi aparılır. Bu yol tunel və körpü hissələrdə dörd hərəkət zolaqlı olacaq.

Hazırda yolboyu torpaq yatağının, həmçinin zəruri yerlərdə suötürücülərin tikintisi davam edir. İki hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücülərin inşası tamamlanıb, yeni su kanalının tikintisi davam etdirilir.

Bildirildi ki, layihənin 13,5-ci kilometrindən Murovdağ silsiləsi başlayır. Yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrədək artır. Bu hissədə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş və gəliş istiqaməti üzrə 2,1 kilometr uzunluğunda qazma işləri tamamlanıb.

Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan iki ehtiyat keçidin tikintisi yekunlaşıb.

Hazırda tuneldə partlatma və qırma prosesləri nəticəsində əmələ gələn qaya parçalarının və süxurların daşınması, lay sularının kənarlaşdırılması və tuneldaxili hissənin üzlənməsi işləri davam etdirilir.

Həmçinin məlumat verildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelindən əlavə, daha üç tunelin inşası nəzərdə tutulur. Uzunluğu 542, eni 12 metr olan birinci və uzunluğu 607 metr olan ikinci tuneldə tikinti işlərinə başlanılıb. Artıq birinci tuneldə üst qatda qazma işləri icra olunaraq tuneldaxili hərəkət təmin edilib. İkinci tuneldə isə üst qatda qazma işləri tamamlanmaq üzrədir.

Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

***

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında iştirak edib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası haqqında məlumat verdi.

Bildirildi ki, Lev çayı üzərində inşa olunan stansiya işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk enerji istehsalı obyektidir.

“Yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Kəlbəcər-1” KSES-də maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformatorlar quraşdırılıb. Burada 110/6 kilovoltluq yarımstansiya da inşa edilib.

Qeyd olunub ki, “Kəlbəcər-1” KSES Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyanın işinə Kəlbəcərdən olduğu kimi, Bakıdakı Baş İdarəetmə Mərkəzindən də nəzarət və onu idarə etmək əlçatan olub. Məsafədən idarə edilən KSES-lər demək olar işçi heyət olmadan işlədilir. Stansiyaların idarəetmə sistemi tam avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılıb ki, bu da istehsal olunan elektrik enerjisinin maya dəyərinin daha da aşağı düşməsinə gətirib çıxarır.

Xatırladaq ki, işğaldan azad edilən ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Vətən müharibəsində Qələbədən sonra ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2” və “Kəlbəcər-1” Kiçik Su Elektrik stansiyaları tikilib istifadəyə verilib. İndiyədək bu stansiyalarda 30 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

***

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Müdafiə naziri yeni inşa edilən hərbi şəhərciyin baş planı barədə Ali Baş Komandana məlumat verdi.

Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti salamladı və hərbçiləri 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdi.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışı

– Bu gün biz Silahlı Qüvvələr Gününü Kəlbəcərdə qeyd edirik, azad olunmuş Kəlbəcərdə. Eyni zamanda, bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsi açılır.

Altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik. Bu gün biz müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edirik. İşğal illəri dövründə hərbçilərlə çoxsaylı görüşlərdə – hərbi hissələrdə, səngərlərdə, Lələtəpə zirvəsində, hərbi paradlarda hər zaman deyirdim ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. Hər zaman deyirdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.

Biz Vətən müharibəsində xalqımızın böyüklüyünü göstərdik, yenilməz ruhumuzu göstərdik, güclü iradəni göstərdik və göstərdik ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Sadəcə olaraq, biz istəyirdik ki, bu məsələ sülh yolu ilə həll olunsun və uzun illər apardığımız danışıqların məqsədi məhz bu idi. Biz istəmirdik ki, qan tökülsün. Ümid edirdik ki, beynəlxalq aləm Ermənistana sanksiyalar tətbiq etməklə işğalçını məcbur edib bizim torpağımızdan çıxaracaq. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik və Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib.

Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Ancaq biz bu şanlı Qələbəni əldə etmək üçün gecə-gündüz çalışmalı idik, güc toplamalı idik. Çünki bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Ona görə biz güc toplamalı idik ki, özümüz bu vəzifəni icra edək və toplayırdıq. Siyasi güc topladıq, beynəlxalq aləmdə öz gücümüzü artırdıq. Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. İqtisadi güc topladıq və iqtisadi müstəqillik əldə etdik. Əgər iqtisadi müstəqillik olmasaydı, imkanlarımız olmasaydı, biz müharibəni hansı vasitələrlə aparacaqdıq? Ona görə iqtisadi müstəqillik və sürətli inkişaf bizim Qələbəmizi yaxınlaşdırırdı.

Vətənpərvərlik işinə çox böyük önəm verirdik. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür və buna nail olduq. Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq. Ona görə vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi – bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində biz düşməni torpağımızdan qovduq, düşməni diz çökdürdük, onu məcbur etdik ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir. Biz onsuz da Kəlbəcəri azad edəcəydik. Çünki artıq Ermənistan ordusunun beli qırılmışdı, ancaq itkilər çox olacaqdı. Ona görə 44 gün ərzində Ermənistan ordusunu elə vəziyyətə saldıq ki, onların başqa yolu qalmamışdı.

Bizim şanlı müharibəmiz indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq. Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.

Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdir. Ermənistan ordusunda panika, isterika vüsət almışdı. Özlərinin etirafına görə, 10 min fərari olmuşdu. Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmadı. Budur Azərbaycan övladının ruhu, Vətənə olan bağlılığı. Qarabağın tacı olan Şuşanı – bu alınmaz qalanı alaraq biz Şuşada Azərbaycan bayrağını ucaltdıq. Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb və o vaxt işğal altında qalan ərazilərdən çıxmağa məcbur olub.

Biz indi bütün sərhəd boyunca yerləşmişik. Bütün sərhədlərdə hərbi hissələr yaradılmışdır. Müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq. Altı ay bundan əvvəl Hadrutda birinci komando hərbi hissəsi açılmışdır. Bu gün Kəlbəcərdə ikinci komando hərbi hissəsi açılır. Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək. Bu, bizim gücümüzü daha da artıracaq.

Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür – həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.

Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir və öz orduları haqqında olmayan şayiələri yayırdılar. Biz göstərdik ki, onlar Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməzlər. Onlar bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt silahlı yollarla ala bilməz. Çünki həm qurulmuş istehkamlar, həm 30 il ərzində mühəndislik işlərinin aparılması, həm də ki, bu bölgənin coğrafiyası onlar üçün çox əlverişli idi. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir.

Biz müharibə istəmirik, heç vaxt istəməmişik. Amma biz istəyirik ki, bizim maraqlarımız təmin olunsun. Biz istəyirik ki, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Deyə bilərəm ki, dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Müharibədən cəmi bir il yarım keçibdir. Bu müharibəni unutmasınlar – nə onlar, nə də ki, sonrakı nəsillər. Bilsinlər ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır, necə ki, İkinci Qarabağ müharibəsində canlarını fəda etdilər.

Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir. Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda bir çox hərbi hissələr yaradılır və xidmət şəraiti də yaxşıdır. Bütün şərait təmin edilir ki, hərbçilərimiz xidmət şəraitini nəzərə alaraq daha yaxşı xidmət etsinlər.

Bu gün Ordu Gününü Kəlbəcərdə qeyd etməklə biz hamımız qürur hissi keçiririk. Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşmüşdü. O vaxt hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri nəinki müdafiə etmirdi, hətta Kəlbəcəri qurban verməyə hazır idi, bunu da etdi. Ondan əvvəl Laçın və Şuşa işğal altına düşdü və Kəlbəcərin işğal altına düşməsi ermənilərin planlarında idi. AXC-Müsavat hakimiyyəti talançılıqla, soyğunçuluqla məşğul olurdu, orduya, ordu təchizatına fikir vermirdi, bu bölgədə yaşayan insanlara fikir vermirdi, onlara biganə yanaşırdı və Kəlbəcər işğal altına düşdü. Beləliklə, Ermənistan öz arzularına, çoxəsrlik arzularına çatdı ki, Qarabağla, – o zaman “Dağlıq Qarabağ” adlandırılırdı, – bu bölgə ilə Ermənistan arasında canlı bağlantı olsun. Kəlbəcər, Laçın dağları bu bağlantının qabağını almışdı. Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi. Eyni zamanda, burada yaşayan insanların bir çoxu ermənilər tərəfindən öldürülüb, buradan çıxa bilən insanların bir çoxu Murov dağlarında donub və həyatlarını itirib. İndi buraya gələn hər bir insan Murov dağını aşaraq görür ki, nə qədər çətin yoldur, daim dumanlı yoldur və bu gün səhər mən oradan keçmişəm – yağış, duman. İnsanlar aprelin əvvəllərində o qarlı, şaxtalı havada oradan ayaqyalın keçməyə məcbur idilər. Onlara yolda da işgəncələr verildi, pusqular quruldu. Mənfur düşmən tərəfindən dinc əhali öldürüldü. Hərbi cinayətkarlar – Sarkisyan, Köçəryan bunu törətdilər: İkinci Qarabağ müharibəsi dövründə Xankəndiyə gəlmişdilər, guya orada müqavimət göstərəcəklər. Dovşan kimi, fərari kimi qaçdılar oradan. Ona görə Kəlbəcərin itirilməsi müharibənin ondan sonrakı gedişatına da əlbəttə ki, mənfi təsir göstərmişdi.

Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Mən ikinci dəfədir Kəlbəcərə gəlirəm və bu gün də bir çox tədbirlər var. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi – artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq – Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə – Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır.

Biz 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qeyd edirik, qürurla qeyd edirik. Onu da deməliyəm, işğal dövründə müxtəlif variantlar müzakirə olunurdu, vasitəçilər tərəfindən bizə müxtəlif variantlar təklif edilirdi. Bütün bu variantlarda Kəlbəcərin Azərbaycana qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi. Mən hər zaman deyirdim ki, biz bütün torpaqları geri almalıyıq. Beş rayonla biz kifayətlənə bilmərik. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlar da bizdə olmalıdır, bu, bizim tarixi torpağımızdır, dədə-babalarımızın diyarıdır və buna nail olduq. Kəlbəcərdə bu hərbi bayramı keçirmək əlavə zövq verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur.

Biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq. Qarabağ hər zaman Azərbaycan torpağı olub – işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!

Hərbçilər: Qarabağ Azərbaycandır!

x x x

Sonra Azərbaycan Respublikası Prezidentinin komando hərbi hissəsinə döyüş bayrağının verilməsi haqqında təqdimatı oxundu.

Polkovnik-leytenant Fəxrəddin Cavadov döyüş bayrağını Ali Baş Komandandan qəbul edərək and içdi.

Sonra komando hərbi hissəsinin şəxsi heyəti Müzəffər Ali Baş Komandan qarşısında “Komando andı”nı qəbul etdi.

Ali Baş Komandan “Komando andı”nı qəbul edən şəxsi heyəti təbrik etdi.

Şəxsi heyət təntənəli marşın sədaları altında döyüş bayrağı ilə tribunanın önündən keçdi.

Daha sonra Prezident İlham Əliyev hərbi şəhərcikdə əsgər yeməkxanası, tibb məntəqəsi, əsgər yataqxanası ilə tanış oldu, yeni inşa edilən qərargah binasında yaradılan şəraitlə maraqlandı.

Qərargah binasındakı akt zalında Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev əməliyyat şəraiti barədə Ali Baş Komandana məlumat verdi.

Sonra Prezident İlham Əliyev hərbi şəhərciyin ərazisində uzunömürlülük rəmzi kimi çinar ağacı əkdi, şəhidlərin xatirəsinə ucaldılan abidə-kompleksini və “Dəmir yumruq” abidəsini ziyarət etdi.

Ali Baş Komandan Silahlı Qüvvələr Günü və yeni hərbi hissənin açılışı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyini və şəxsi heyəti bir daha təbrik etdi, onlara uğurlar arzuladı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla, 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır.

Qeyd olundu ki, layihə üzrə yol boyunca tikintisi nəzərdə tutulan avtomobil tunellərindən ikisində qazma prosesi davam etdirilir, birinin isə giriş və çıxış hissələrində işlərə başlanılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə tanış olub.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün ötən il istismara verilən “Kəlbəcər” yarımstansiyasından Laçının Qorçu kəndinə 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürücü xətt çəkilir.

Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və yolsuzluq şəraitində çəkilən ötürücü xətt üzrə hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılır.

Yüksəkgərginlikli xəttin üzərindəki ildırımötürücü funksiyalı 24 damarlı fiber-optik kabellə internet xətti çəkilir ki, bu da enerjisistemin idarə olunmasında siqnalların etibarlı şəkildə ötürülməsini təmin edəcək.

Paralel olaraq Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilir.

Sistem əhəmiyyətli “Qorçu” yarımstansiyasında idarəetmə mərkəzi, açıq və qapalı paylayıcı qurğular yaradılır. Yarımstansiyanın ərazisində işçi heyət üçün yataqxana binası tikilir, lazımi şərait yaradılır.

Qeyd edək ki, yarımstansiyanın yaxınlığında hava limanı tikilir və Qorçu kəndi mərkəz olmaqla, burada 7 kəndi birləşdirən yaşayış massivinin inşası planlaşdırılır.

Yeni yarımstansiya Laçın hava limanını, rayon ərazisindəki hərbi hissələri, gələcəkdə bölgədə inşa olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Perspektivdə Laçın dəhlizində 110 kV-luq “Laçın Şəhər” və “Zabux” yarımstansiyalarını tikməklə, Qorçudan Laçın şəhərinə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkiləcək və Laçın şəhərindən 110 kV-luq yeni xətt çəkilməklə “Şuşa” yarımstansiyası ilə əlaqələndiriləcək.

Ən əsası odur ki, Laçın şəhərindən Güləbird istiqamətində “Qubadlı” yarımstansiyasına ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilməklə enerjisistem üçün mühüm əhəmiyyəti olan və regionun enerji dayanıqlılığını təmin edən dairəvi elektrik təchizat sxemi yaradılacaq.

***

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi ilə tanış olub.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov dövlətimizin başçısına layihə barədə məlumat verdi.

Bildirildi ki, işğaldan azad olunmuş ərazilər həm təbii ehtiyatlar, biomüxtəliflik, meşə ərazilərinin bolluğu, həm də su ehtiyatları baxımından çox zəngindir. Azərbaycanda formalaşan su ehtiyatlarının təqribən 20 faizi məhz bu ərazilərin payına düşür. Başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. Həkəridə tutumu təxminən 90 milyon kubmetr olan su anbarı tikməklə buradakı təmiz, genetik faydalı suyu 254 kilometr uzunluğunda magistral yolla Sabirabada qədər gətirmək mümkündür. Artıq bu sahədə müvafiq tədqiqatlar aparılıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir.

Qeyd edildi ki, “Həkəriçay” su anbarı içməli suyun toplanması üçün nəzərdə tutulur. Magistral üzərində nasos stansiyalarının tikilməsi ilə nisbətən hündür coğrafi ərazidə yerləşən 7 rayona suyun verilməsi planlaşdırılır. Layihənin istifadəyə verilməsi nəticəsində 3 milyona yaxın insanı içməli su ilə təmin etmək mümkün olacaq.

***

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olub.

Dövlətimizin başçısına hava limanında görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq.

Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir.

Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.

Qeyd olundu ki, aeroportun hava hərəkətini idarəetmə qülləsinin, transformator binalarının, nəzarət-buraxılış məntəqəsinin və digər yardımçı tikililərinin layihələndirilmə işləri də başa çatdırılıb.

Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.

Laçın Beynəlxalq Hava Limanı Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat strategiyasının vacib elementlərindən birini təşkil edir.

***

İyunun 26-da Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, istifadəyə veriləcək zavodda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulması planlaşdırılır. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyinə gəldikdə, 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir.

Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər “İstisu” mineral su zavodunun təməlini qoydu.

Qeyd edək ki, “İstisu” bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir.

Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür.

***

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.

Dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, “yaşıl enerji” strategiyasına uyğun olaraq hazırda Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilir.

Kiçik su elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat fəaliyyət göstərəcək. Stansiyaların enerjisistemə inteqrasiyası üçün 110 və 35 kV-luq xətlər çəkilir. İşlərin böyük hissəsi görülən bu 5 stansiya rəqəmsal qaydada mərkəzi SCADA Dispetçer İdarəetmə Sisteminə inteqrasiya ediləcək. Açılıb-qoşulma, intellektual tənzimləmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyaların idarə edilməsi Kəlbəcərdən olduğu kimi, Bakıdan da həyata keçiriləcək.

Kəlbəcərdə yeni tikilən elektrik stansiyalarında il ərzində ümumilikdə 100 milyon kilovat/saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaq. Bu isə 50 milyon kubmetr təbii qaza qənaət edilməsi deməkdir.

“Azərenerji” ASC-nin mütəxəssislərinin apardığı araşdırmalar göstərir ki, ermənilərin təbiəti məhv etməklə köhnə nəsil texnologiyalar əsasında kortəbii hesablamalarla apardıqları planlaşdırmadan fərqli olaraq, dördüncü nəsil sənaye inqilabına uyğun süni intellektə adaptasiya edilən müasir texnologiyalar əsasında ölkənin ən böyük su bazası olan bol sulu Kəlbəcər və Laçın çayları üzərində nəzərdə tutulandan dəfələrlə artıq ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal etmək mümkündür.

Qeyd edilib ki, növbəti illərdə Kəlbəcər və Laçın rayonlarında yenidən qurulması təklif edilən digər kiçik su elektrik stansiyalarının ümumi gücü 82,2 MVt təşkil etsə də, yeni hesabatlara əsasən bu həcmi iki dəfə artırmaq mümkün olacaq.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]