Sistemli şəkildə islahat aparmağa ehtiyacımız var – Deputat

Bizim üçün çox xoşdur ki, Vüqar Gülməmmədov Hesablama Palatasının sədridir və Milli Məclis tərəfindən formalaşan quruma rəhbərlik edir. Hər kəs onu respublikada peşəkar mütəxəssis kimi tanıyır. Məndən əvvəl həmkarlarım qeyd etdi ki, Hesablama Palatası ölkədə maliyyə intizamının gücləndirilməsi istiqamətində çoxlu tövsiyələr verir. Biz hər il təkliflərlə tanış oluruq. Bu təkliflər mahiyyət etibarı ilə yenidir.

AKTUAL TV xəbər verir ki, bu fikirləri parlamentdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, həmkarı Tahir Mirkişili Hesablama Palatası tərəfindən irəli sürülən təkliflərin bir çoxunu nəzərə alır: “Şəxsən mən deputat fəaliyyətim dövründə rastlaşmamışam ki, hansısa qanun təqdim edilsin və bildirilsin ki, Hesablama Palatasının tövsiyələri əsasında dəyişikliklər edilir. Mən nəyi təklif etmək istəyirəm. Doğrudan da, Hesablama Palatasına lazımdırsa biz ora əlavə ştatlar verək, mütəxəssislər cəlb edilsin. Yəni qanunverciliyə konkret təkliflər təqdim edilsin. Hesablama Palatası Milli Məclis tərəfindən formalaşdırıldığı üçün bizim müvafiq komitələrlə fərdi qaydada işləməlidir”.

Deputat xatırladıb ki, əvvəlki çıxışları zamanı da qeyd edib ki, elə bir orqan yoxdur ki, Hesablama Palatası orada araşdırma aparıb hər şeyin qaydasında olduğunu müəyyən etməsin: “Hamısında mütləq qanun pozuntusuna rast gəlinir. Deməli, biz sistemli formada islahatlar aparmalıyıq ki, burada Fazil müəllim dövlət satınalmaları zamanı baş verən qanunsuz hərəkətlərdən, dövlət əmlakından istifadə qaydasına dair qeydlərini açıqladı. Hesab edirəm ki, bunun üçün qanunvericilik təkmilləşdirilməli, məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilməlidir. Hazırda görürük ki, DTX və DİN tərəfindən korrupsiyaya qarşı mübarizə gücləndirilir. İcra başçıları həbs edilir.

Bir rayonda icra başçısı saxlanılır, digər rayonda icra baçısı əvvəlki formada işini davam etdirir. Biz görürük ki, belə korrupsiya cinayətləri halında rüşvət verənlər məsuliyyətə cəlb edilmir. Ona görə də insanlar rüşvər verirlər. Bilirlər ki, sabah buna görə məsuliyyətə cəlb olunmayacaq. Amma onlar bilsələr ki, buna görə məsuliyyətə cəlb edilə bilərlər, ehtiyat edərlər. Vəzifəli şəxslərin bir çoxunun qorxmadan qanunları pozmaqda davam etməsinin səbəbləri var. Onların bir qismi hesab edir ki, hansısa formada cinayət məsuliyyətindən yayına bilər. Bu daxili inam onları cinayətkar əməllərdən çəkindirmir. Biz onların niyə belə fikirləşdiyini düşünməliyik. Deməli bizim sistemli şəkildə islahat aparmağa ehtiyacımız var.

Buna qanunvericiliyi təkmilləşdirməklə nail olmaq olar. Bunun üçünsə parlamentin komitələri üzərinə ciddi iş düşür. Vüqar müəllim hesabatını və təkliflərini müvafiq dövlət orqanlarına təqdim edir. Vüqar müəllim, müvafiq dövlət orqanları bir çox hallarda qanunlarda boşluqların olmasından yararlanırlar. Ona görə, siz ünvanı seçəndə düzdür onlara da göndərməlisiniz. Amma çalışın daha çox qanunverici təşəbbüs subyektləri ilə əməkdaşlıq edin ki, biz qanunvericilikdə olan boşluq və ziddiyyətləri görək. Biz qanunverici orqanın nümayəndələriyik. Qanunları tətbiq etmədiyimiz, onun icrası ilə məşğul olmadığımız üçün boşluqları görə bilmirik. Amma siz yoxlamalar zamanı bunu ortaya çıxarırsınız. Ümid edirəm ki, bizim bu təkliflərimizi nəzərə alacaqsınız”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]