Tender elanları görəndə qıcıqlanıram – Razi Nurullayev

Hesablama Palatasının üzərinə ciddi iş düşür. Narahat olduğum məqam Palatanın ritorikasının və yanaşmasının liberal olmasıdır. Gözləntilər böyükdür və daha dərin araşdırmaların, daha sərt ritorikaların işlənməsinə ehtiyac var. Hesabatda bəzi məqamları sezdim ki, sanki yanlışlıqlar, büdcə şişirtmələri, xərclərə nəzarət olunmaması savadsızlıqla, bacarıqsızlıqla, təcrübəsizliklə bağlıdır. İnanın ki, belə deyil”.

AKTUAL TV xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, satın alınacaq mallar və xidmətlər şişirdilir, mallar yığılıb anbarlarda qalır: “Bu səmərəliliyi, ehtiyacın həcmini bilməmə deyil, yaxud da yanlış hesablama deyil. Nə qədər çox mal və xidmət alırsan, bir o qədər “otkat” gəlir. Bu birbaşa maliyyənin silinməsi, büdcə talançılığı deməkdir. Bu məsələnin cinayət məsuliyyəti yaratması barədə yumşalmalar gedir, amma bəlkə də doğru deyil. Tenderlərin keçirilməsi rəsmiyyətdir. İnana bilmərəm ki, kimsəsiz şirkət razılaşdırmadan, rüşvət vermədən tender qalibi ola bilər. Əksər hallarda isə tenderi udan MMC tenderi sifariş edən vəzifəli şəxsin qohumunun, tanışının, oğul və qızının adınadır. Bu, dövlətin pulunu qanunsuz şəkildə mənimsəməkdir. Ölkəmizdə keçirilən tenderlər ikrah hissi yaradır. Mən tender elanları görəndə qıcıqlanıram. Çünki bilirəm ki, qalib çoxdan məlumdur. Hansısa şirkətlər də aldanıb tender prosedurlarına görə pul köçürür və ziyana düşür. Bilirsiniz bu nəyə bənzəyir? Televiziya və radiolarda viktorina keçirilir. Sual verirlər ki, Azərbaycanın paytaxtı haradır? Bir saat da vaxt verirlər, ya da deyirlər ki, sabaha kimi cavablarınızı SMS-lə göndərin. Qəsdən baxça səviyyəsində asan sual verirlər. Minlərlə insan tora düşür. Bir nəfər əlli manatlıq mükafat alır, veriliş sahibi böyük məbləğ qazanır. Ölkə vətəndaşları ilə baxça səviyyəsində məzələnmək istəyənlər böyük səhvə yol verir və özlərinə quyu qazırlar”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]