Biləsuvarın deputatı danışdı: “Yıxılanı baltalamaq bizə yaraşmaz”

"Səlahiyyətlərimin icrasına başlayandan bəri Biləsuvar sakinlərindən müxtəlif məzmunlu çoxsaylı şikayətlər almışdım və belə məktublar bu gün də gəlməkdədir.

İstisnasız olaraq bütün şikayətləri aidiyyəti strukturlara araşdırmaq üçün göndərmişəm, göndərməkdəyəm də. Bu mənim qanun və seçicim qarşısında öhdəliyimdir, Biləsuvar insanının səsi olmaq mənim vəzifə borcumdur”.

AKTUAL TV -ın xəbərinə görə, bunu 66 saylı Biləsuvar seçki dairəsindən seçilmiş milli vəkili Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, hakimiyyətin fərqli qollarının nümayəndələri kimi sabiq icra başçısı Mahir Quliyevlə yalnız işgüzar münasibətləri olub: “Son həftələrdə isə onun səhhətində ciddi problemlərlə əlaqədar, mənəvi amilləri əsas tutaraq ardıcıl bir neçə dəfə telefonla danışmışdıq. Söhbətlərdə şikayətlərin çoxluğunu onun, habelə İcra Hakimiyyətinin digər rəhbər işçilərinin diqqətinə çatdırmışam. Habelə, “Facebook” səhifəmdə canlı yayımlar zamanı mövqeyimi aydın formada ifadə etmişəm. O ki qaldı DTX-nın əməliyyatına, məsələ kifayət qədər sadədir, cənab Prezidentin qoyduğu tələblərə məhəl qoymayan, qanunları tapdalayan istənilən dövlət məmuru, təbii ki, cəzalanacaq. Biləsuvarda da belə oldu, bu işdə nə deputatın, nə də başqasının rolu olub, bu, yalnız və yalnız cənab Prezidentin iradəsidir. Fürsətdən istifadə edib, medianı bu məsələlər ətrafında manipulyasiya etməməyə çağırıram. Başqa şaiyə və fikirlərə əhəmiyyət verməyin. İkincisi, bildiyiniz kimi, sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 308, 311 və 179-cu maddələrinin müvafiq bəndləri üzrə cinayət işi açılıb, lakin məhkəmənin yekun hökmü yoxdur, təqsir məhkəmə qaydasında sübut olana qədər ifadələrimizdə ehtiyatlı olaq. Və sonda, aydındır ki, pozuntu bir günün işi deyil, problemləri indiyədək yazmaq lazım idi, əks halda, necə deyərlər, arxadan atılan daş topuğa dəyər. Yıxılanı baltalamaq bizə yaraşmaz, bu ölkədə hüquq var, qanun var, əmin ola bilərsiniz ki, hər kəs əməlinə görə zatən cəzasını alacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]