Koronavirusun yeni simptomları: “kovid barmaqları” və səpgilər

İspaniya həkimlərinin müşahidələrinə görə, "Covid-19" diaqnozuyla xəstəxanaya yerləşdirilən şəxslərdə 5 növ dəri xəstəliyi aşkar edilib.

AKTUAL TV BBC-yə istinadən xəbər verir ki, “Kovid barmaqları” adı verilmiş növü də daxil olmaqla, müalicəsi bir neçə gün çəkən bu xəstəliklərə, adətən, uşaqlarda və gənclərdə rast gəlinir.

Səpgilər çox vaxt virus xəstəliklərinin əlamətlərindən biri kimi meydana gəlir: məsələn, suçiçəyi zamanı bədəndə qabarcıqlar yaranır. İspaniyalı həkimləri təəccübləndirən o olub ki, “Covid-19” xəstəliyi bir yox, bir neçə növ səpgiylə müşayət olunur.

Ancaq səpgilər hələ ki, koronavirusun simptomları siyahısına daxil edilməyib.

Halbuki son vaxtlar “kovid barmaqları” haqda məlumatlar artmaqdadır – barmaqlar arasında qırmızı səpgilər əmələ gəlir və bəzən bu, xəstəliyin yeganə əlaməti olur.

Araşdırma qrupunun rəhbəri İqnasio Qarsiya-Dovalın dediyinə görə, onların ən çox yayılmış növü qızılca xəstəliyi zamanı müşahidə edilən, adətən, bədənin gövdə hissəsində əmələ gələn yastı və ya qabarıq makulopapular səpgilərdir.

“Səpgilərin müxtəlif növlərdə olması qəribədir, həm də bəziləri xeyli fərqlidir. Adətən, onlar koronavirusla bağlı respirator simptomlardan sonra meydana gəlir, ona görə də diaqnoz qoymaq üçün səpgiyə istinad etmək heç də ən yaxşı variant deyil”, – Qarsiya-Doval BBC-yə müsahibəsində deyib.

İspaniya həkimlərinin istinad etdikləri hallar son iki həftə ərzində, respirator əlamətlərlə xəstəxanaya yerləşdirilmiş 374 pasientdə müşahidə edilib.

Araşdırmanın ekspert dəyərləndirilməsi Britaniyanın dermatologiya jurnalında dərc edilib.

Beş səpgi növü aşkar edilib:

  • Əllərdə və ayaqlarda əmələ gələn, donvurma əlamətlərini xatırladan, çox vaxt da ağrı və göynərti hissiylə müşayət olunan səpgilər. Adətən, gənc pasientlərdə yüngül keçən xəstəlik fonunda və sonrakı mərhələlərdə üzə çıxır, 12 gün davam edir. Pasientlərin 19 faizidə müşahidə olunub;
  • Kiçik qabarcıq formalı, göynərti verən, gövdədə, əl və ayaqlarda meydana gələn lokal xarakterli səpgilər. Digər simptomlardan əvvəl ortaya çıxır, 10 gün davam edir. Orta yaşlı xəstələrin 9 faizində müşahidə olunub.
  • Örəyə bənzəyən, ağ və çəhrayı rəngli, çox zaman göynərtiylə müşayət edilən lokal səpgilər. Pasientlərin 19faizində müşahidə olunub, əsasən gövdədə, bəzən də ovuc içlərində əmələ gəlir;
  • Kiçik, yastı, bəzən də qabarıq formalı makulopapular səpgilər. Pasientlərin 47 faizində müşahidə olunub. Təxminən bir həftə davam edir, xəstəliyin digər simptomlarıyla eyni vaxtda və daha çox da ağır keçən hallarda ortaya çıxır.
  • Göy-qırmızı damarlar şəbəkəsi və ya dəri nekrozu formasında (livedo) əmələ gəlir. Pasientlərin 6 faizində müşahidə olunub – əsasən yaşlı xəstələrdə və xəstəliyin ağır keçdiyi hallarda.

Ancaq ekspertlər qeyd edirlər ki, səpgilərin yaranma səbəbi müxtəlif ola bilər, müəyyən təcrübə və bilik sahibi olmadan onları təsnifləndirmək çətindir.

Səbəbi bilinməyən əlaqə

“Bu araşdırmanın əhəmiyyəti insanların həkimə getmədən diaqnoz qoymalarını asanlaşdırmasında yox, virusun təsirlərini daha yaxşı anlamağımıza kömək etməsindədir”, – Britaniya Dermatoloqlar Assosiasiyasının rəhbəri, doktor Ruf Merfi belə deyir.

Sauthempton Universitetinin əməkdaşı Maykl Xled qeyd edir ki, virus xəstəliklərinin çoxunda, o cümlədən, pnevmoniyada da səpgi müşahidə olunur:

“Səpgi və dəri yaralarına “Covid-19″ xəstələrinin müəyyən qismində rast gəlinir. Hələ ki, biz onlar arasında nə dərəcədə ciddi əlaqə olduğunu, niyə xəstələrin hamısında yox, ancaq müəyyən qismində əmələ gəlməsinin səbəblərini bilmirik”.

Amerikanın Dermatoloqlar Assosiasiyası da koronavirus xəstələrində müşahidə olunan dəri simptomlarının siyahısını hazırlayır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]