Məhərrəm Əliyev: “Artıq Ermənistan rəhbərliyinin qaçacaq bir yerləri yoxdur”

"Bu gün Azərbaycanda Ordu quruculuğu prosesi də ulu öndər Heydər Əliyev siyasətinin davamı olaraq inkişaf etməkdədir."

“Güclü orduya və ən müasir hərbi sənaye imkanlarına malik olan Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq aləmin müxtəlif ordu reytinqlərini müəyyən edən cədvəllərində, sorğu nəticələrində yüksək mövqeyə sahibdir. Bütün bunlar eyni zamanda, Ali Baş Komandanımız cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğısının bariz nəticəsidir”.

AKTUAL TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.

“Düzdür, bu gün ərazilərimizin 20 faizini işğal altında saxlayan təcavüzkar Ermənistan dövlətinin rəhbərliyi müxtəlif bəhanələri ilə danışıqlar prosesini pozmağa cəhdlər göstərirlər, amma fakt budur ki, artıq onların qaçacaq bir yerləri də yoxdur. Azərbaycanın 2016-cı ildəki Aprel uğuru, habelə 2018-ci ildə əldə etdiyi Günnüt qələbəsi davam edə və zəfər bayrağımız işğal edilmiş bütün ərazilərimizdə dalğalana bilər. Artıq Azərbaycanın qüdrətli silahlı qüvvələri nəinki regionun, eləcə də beynəlxalq təhlükəsizliyin təmin olunmasında, qorunmasında əsaslı mövqeyə malikdir. İllərdir ki, Azərbaycan zabiti və əsgəri istər NATO təlimləri çərçivəsində, istərsə də ayrı-ayrı ölkələrlə keçirilən irimiqyaslı hərbi təlimlərdə, habelə beynəlxalq terrorla mübarizə məsələlərində öncül yerlərə sahib olmaqdadır. Bu isə, eyni zamanda Azərbaycan dövlətinin ildən-ilə daha da gücləndiyini, beynəlxalq nüfuzunun artdığını, dünyada sayılıbseçilən, mövqeyinə hörmətlə yanaşılan ölkələrdən birinə çevrildiyini göstərən sübutdur.

Bu baxımdan da çıxış edərək belə nəticəyə gələ bilərik ki, torpaqlarımızı düşmən tapdağından azad etmək üçün bundan sonra da ordumuzun gücünü artırmalıyıq. Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirilməkdə davam edir, hərbçilərimizin xidmət şəraiti, sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti və xalqı işğal faktı ilə heç vaxt barışmaq fikrində deyil, hər an torpaqlarını düşməndən azad etməyə hazırdır. Ona görə də xalqımız bir olmalı, dövlətimizin apardığı siyasəti və ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycanın inkişafını dəstəkləməli, Ali Baş Komandan, ölkə rəhbərimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməlidir. Biz, Heydər Əliyev dühasının əbədiliyini İlham Əliyev cənablarının müəyyən etdiyi dönməz, qətiyyətli, müdrik siyasətinə dəstək verməklə yaşatmalı, inkişaf etdirməliyik!”, – Prezidentin köməkçisi bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]