AKTUAL TV xəbər verir ki, Flora Kərimova sosial şəbəkədə nazir haqqında “Əbülfəs Qarayev “KQB” deyil ki, işçilərinin arxasınca casus göndərsin” deyə qeyd edib.
Brilliant Dadaşova isə Flora Kərimovaya Əbülfəs Qarayevi dəstəklədiyi üçün təşəkkür edib və sosial şəbəkədə bu sözləri yazıb: “Flora xanım, çox sağ olun. Siz hər gördüyünü anlamadan fikir bildirən insanları maarifləndirirsiniz. Mən inanıram ki, dövlətimiz Əbülfəs Qarayevi qoruyacaq. Allahın köməyi ilə tezliklə haqq-ədalət öz yerini tapacaq. Əbülfəs Qarayev bizim xalqımız və mədəni irsimiz üçün dahi bəstəkar Qara Qarayevin yadigarıdır. O, bizim sevimlimizdir”.
Qeyd edək ki, bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Rafiq Bayramov Mədəniyyət nazirinin müavini vəzifəsindən, Zakir İmran oğlu Sultanov isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.











