Bu fikirləri AKTUAL TV -yə açıqlamasında Milli Məclisin deputatı, Siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bildirib.
O qeyd edib ki, hakimiyyətə gəldiyi vaxtlardan Paşinyanın Ermənistanda müsbət dəyişikliyə nail ola bilməyəcəyi bəlli idi. Paşinyan hakimiyyətə təsadüfi gəlmiş adamdır və onun hakimiyyətə gəlməsini təmin edən əsas amil kütlənin Sarkisyandan kəskin narazılığı oldu. Görünən reallıq həm də ondan ibarət idi ki, əslində Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın da ölkədəki dövlət çevrilişində müəyyən rolu vardı. Çünki Sarkisyan kimi diktatorun, terrorçunun sakit şəkildə hakimiyyətdən imtina etməsi çox şübhəli görünürdü. Bu baxımdan, bütövlükdə Paşinyanın hakimiyyətə gətirilməsi Sərkisyanın da iştirakçısı olduğu bir layihə idi. Bu layihə Qərb dairələri tərəfindən reallaşdırılmağa başladı. Paşinyanın hakimiyyətə gətirilməsinin motivləri, əsasən, geosiyasi xarakterli idi. Paşinyanı hakimiyyətə gətirən dairələr, ona dəstək verən xarici qüvvələr onun qarşısında əsas vəzifə kimi Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmağı qoymuşdu. Paşinyan hakimiyyətə gəlməzdən əvvəl də Qərb dairələrinə çox canfəşanlıqla işləyirdi. Paşinyan Ermənistanın KTMT-yə və Avrasiya İqtisadi Birliyinə üzv olmasına qarşı kəskin çıxışlar edib. Onun bu “keyfiyyət”ləri də nəzərə alınaraq, hakimiyyətə gətiriləcək subyekt kimi müəyyənləşdirildi.
Deputat qeyd edib ki, hakimiyyətə gəldiyi ilk vaxtlardan idarəetmədə avtoritarizm prinsiplərinə söykənən Paşinyan ondan sonra da özünü qatı diktator kimi göstərməyə başladı. “Paşinyanın dəstxətini dəstəkləməyən istənilən şəxs düşmən elan olunurdu. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu Paşinyanın əl-qolunu daha da açır. Hakimiyyətdə olduğu müddətdə kütləni korrupsiyaya qarşı mübarizə aparması görüntüsü ilə aldadan Paşinyanın artıq bu limiti də tükənib. Bütün korrupsionerlərə qarşı “mübarizə” başa çatmış sayıla bilər. Paşinyan bu ad altında özünün siyasi rəqibləri ilə haqq-hesab çürütdü. Kütlə də bunu görür. Vaxtilə Paşinyanı dəstəkləmiş kəsim də onun, sadəcə olaraq, bu günə kimi imitasiya ilə məşğul olduğunun fərqinə varır və ondan üz sürətlə döndərməyə başlayır. Bu da Paşinyanın siyasi hakimiyyətinin sonunun yaxınlaşdığını göstərir. Bu zaman hər dövrdə çevik hərəkətlər etməyi bacaran Sarukyan yenə də bu çevikliyini nümayiş etdirir. Bir vaxtlar Paşinyanı dəstəkləyən Sarukyan onun hakimiyyətdə ömrünün sonlarının yaxınlaşmaqda olduğunu hiss etməsə, heç bir halda onu açıq şəkildə istefaya çağırmazdı. Ermənistanda dərin hakimiyyət böhranı mərhələsi başlamaqdadır. Növbəti mərhələdə də ayaqda qalmaq üçün Sarukyan, obrazlı desək, Paşinyanın gəmisini tərk etmək qərarına gəlib. Belə olan halda, Paşinyan yenə də diktator sifətini göstərdi və antikonstitusion addımlar atmaqdan çəkinmədi. Paşinyanın sifarişi ilə Sarukyanın deputat toxunulmazlığı ilə bağlı statusu aradan qaldırıldı və onun həbs imkanları genişləndi. Bununla Paşinyanın demokrat maskası tamamilə yırtıldı. Digər tərəfdən, Ermənistan cəmiyyəti də elə diktator üsulları ilə idarə edilməyə öyrəşmiş cəmiyyətdir. Çünki terrorçu hakimiyyətin təsiri altında qalan cəmiyyətdə həm terrorizmə, həm də anti-demokratik prinsiplərə meyillilik hər zaman güclü olur”, – deyə siyasi elmlər doktoru əlavə edib.
E.Mirbəşiroğlu vurğulayıb ki, bütün bunların fonunda beynəlxalq ictimaiyyət də hazırda Ermənistanda baş verənlərə sadəcə tamaşaçı qismində baxmaqdadır. Bu, Qərbin özünü görməməzliyə vurduğu ilk hadisə deyil. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Bu seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. Qərb təşkilatlarının dəstəyi ilə hakimiyyətə gələn Paşinyan seçkilərin nəticəsini ləğv etdi və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar verdi. Burada Qərb dairələrinin özlərinin özlərini inkar etməsi faktı müşahidə olundu. Paşinyan özünü demokrat kimi təqdim edirdisə, necə oldu ki, həmin dövrdə baş nazirlik postuna özündən başqalarının namizədliyini qəbul etmədi. Yəni, rəqabətsiz mühitdə Ermənistanın baş naziri seçildi. Bundan sonra da siyasi rəqiblərinə qarşı repressiyalara başladı və əsas diqqətini özünün hakimiyyətinin möhkəmləndirilməsinə yönəltdi. Hətta dünyanın pandemiyadan əziyyət çəkdiyi bir dövrdə ÜST-ün tövsiyələrinin kobud şəkildə pozularaq Paşinyan tərəfindən qondarma rejimdə “seçkilər”in keçirilməsi, saxta seçkilərin saxta nəticələrinin kütləvi şəkildə qeyd olunması bir daha göstərdi ki, Ermənistanın baş naziri öz siyasi ambisiyalarına çatmaq üçün bütün vasitələrə əl atmağa, dəyərləri tapdalamağa və bəşəri cinayətlər törətməyə hazırdır. Hazırkı Ermənistanın “demokratik” rejiminin mahiyyəti bundan ibarətdir.
Beynəlxalq təşkilatların Ermənistandakı vəziyyəti düzgün qiymətləndirməli, oradakı hakimiyyətin əsl mahiyyətini dərk etməli və bunu etiraf etməli olduğunu bildirən deputat deyib: “Hazırda Ermənistanda yaşanan xaos davam etməkdə və Paşinyana qarşı ciddi koalisiya yaranmaqdadır. Bu koalisiyanın özü də demokratik dəyərlərdən uzaqdır. Beynəlxalq təşkilatlar işğalçı Ermənistanın rəhbərləri ilə ünsiyyət qurarkən Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində də artıq fərqli addımların atılması reallığından çıxış etməlidirlər. Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməmək ənənələrinə son qoymalıdırlar. Münaqişənin tənzimləməsi istiqamətində vasitəçilik funksiyasını yerinə yetirən beynəlxalq təşkilatlar artıq işğalçı, terrorçu hakimiyyətlə onun dilində danışmalı, təzyiq rıçaqlarına əl atmalıdırlar. Belə olan halda, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapa bilər” , – deyə deputat qeyd edib.