AKTUAL TV -nin məlumatına görə, o, son 2 ildə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin azalmasına baxmayaraq, ordumuzun bu vaxtı boşa vermədiyini vurğulayıb. “Dediyim kimi, biz bu vaxtdan öz işlərimiz üçün istifadə etdik. Digər tərəfdən, Ali Baş Komandanın son çıxışlarını hamımız dinləmişik. O deyib ki, bütün dünyada güc ön plana çıxır. Yəni biz ordumuzu gücləndiririk və biz ordumuzdan bu məsələnin həlli üçün istifadə edəcəyik. Prezident öz çıxışlarında tamamilə dəqiqliklə bizim necə hərəkət edəcəyimizi müəyyənləşdirib. Kompleks tədbirlər: bu həm siyasi, həm iqtisadi, həm də hərbi təzyiqdir. Lazım olan anda – və o an, ümid edirəm, yaxın vaxtda gələcək – biz güc tətbiq edəcəyik. Biz bunu gizlətmirik. Görünür, danışıqlar prosesinə ümid hələ ki tükənməyib. Düzdür, mən danışıqlarda iştirak etmirəm, amma belə düşünürəm. Mənim qarşımda duran vəzifə hazır olmaq və istənilən vaxt döyüşə başlamaqdır.”.
Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, beynəlxalq hüquq və tarix Azərbaycanın tərəfindədir: “Məlum olduğu kimi, Azərbaycan dövləti və Ali Baş Komandan, Prezident İlham Əliyevin münaqişənin həllilə bağlı prinsipial və qətiyyətli mövqeyi var. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan konfliktin dinc yolla həllinə sadiqdir. Amma bununla yanaşı, Azərbaycan xalqının da səbrinin bir hüdudu, sonu var. Beynəlxalq hüquqa istinad edərək Azərbaycan işğal altındakı torpaqları istənilən yolla, eyni zamanda, hərbi yolla geri qaytarmaq hüququna malikdir. BMT nizamnaməsinin 51-ci maddəsi ölkəmizə bu hüququ verir. Burada yazılıb ki, ərazisi təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ var. Bu da istənilən səviyyədə, eyni zamanda, hərbi və müharibə yolu ilə də reallaşdırıla bilər. Necə ki, 2001-ci ilin 11 sentyabr hadisəsindən sonra ABŞ bunu öz ərazisinə təcavüz hesab edərək, ardınca Əfqanıstanda Taliban rejimi və Əl-Qaidə terror təşkilatına qarşı hərbi əməliyyata başladı. Yəni beynəlxalq hüquq və tarix Azərbaycanın tərəfindədir”.
Deputat qeyd etdi ki, Azərbaycan Ordusu istənilən an hərbi əməliyyatlara başlamağa tam hazırdır: “ Eyni zamanda, ölkənin Müdafiə naziri general-polkovnik Zakir Həsənovun son bəyanatı bir daha təsdiqləyir ki, Azərbaycan Ordusu torpaqları işğaldan azad etməklə bağlı istənilən an hərbi əməliyyatlar keçirməyə hazırdır. Ali Baş Komandanın əmrini gözləyir.
Ordumuz torpaqlarımız üzərində suverenliyimizin bərpasını gerçəkləşdirməyə və reallaşdırmaq gücünə malikdir. Təsadüfi deyil ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sərasında yer alıb. Müdafiə nazirinin həmin bəyanat öncəsi Azərbaycan Silahlı Qüvvələrinin iri miqyaslı hərbi təlimlər keçirməsi də İrəvan üçün böyük bir siqnal oldu. Onlar bunu ciddi həyəcanla qarşıladılar. Hətta ABŞ-ın ermənipərəst senatorları da ayağa qalxaraq, Azərbaycanın hərbi təlimlərini dayandırmaqla bağlı Vaşinqtonun müəyyən addımlar atmasını istədilər. Azərbaycanın gücü həm işğalçı Ermənistan dövlətinə, erməni lobbisi və diasporuna, həm də onlara himayədarlıq edən dövlətlərə çoxdan bəllidir. Müdafiə nazirimizin həmin sözlərinin arxasında sözsüz ki, güc faktoru dayanır. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bugünkü dünyada güc faktoru həlledici rol oynayır, güclüsənsə, haqlısan prinsipi işləyir. Bu baxımdan Azərbaycan Ordusu qarşısına qoyduğu müqəddəs vəzifəni, torpaqlarımızın geri qaytarılması vəzifəsini həyata keçirmək üçün hər cür imkan və potensiala malikdir”.
E. Nəsirov hər şeyin Ermənistan rəhbərliyinin bundan sonrakı davranış və hərəkətlərindən asılı olduğunu söylədi. Eyni zamanda onun fikrincə, Ermənistan tərəfinin konstruktiv möveyə gəlməsi yönündə hələ ki, müəyyən ümidlər də var: “Əks təqdirdə, müharibə labüd olacaq ki, onun da müəyyən anonsunu artıq Müdafiə naziri deyib. Müdafiə nazirimiz həmin bəyanatında hətta yaxın zamanlarda ifadəsini işlədib. Bu isə o deməkdir ki, münaqişənin həlli yolunda bütün digər variantlar tükənməyə doğru gedir. Ermənistanın ali hərbi-siyasi rəhbərliyi bunları dərk etməlidir. Əks təqdirdə, müharibə labüd olacaq. Onun da bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Hansı ki, həmin müharibədə də Ermənistan birmənalı olaraq biabırçı şəkildə məğlubiyyətə uğrayacaq”.