“Biz bu qələbədən çox şey götürməliyik” – Deputat

XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Əsrin əvvəllərində yaranmış faşizm dünyanı təhlükə altına aldı. İkinci dünya müharibəsində faşizm üzərində qələbədən 75 il ötüb. Bu qalibiyyətin əldə olunmasında Azərbaycan xalqının da böyük rolu olub. Faşizmlə mübarizədə Azərbaycanın 600 min oğul və qızları cəbhəyə üz tutmuşdur. Cənubi Qafqazın müdafiəsində fəal iştirak etmiş diviziyaların tərkibində olan həmvətənlərimiz Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçib.

Qələbə digər xalqlarda olduğu kimi Azərbaycan xalqına da asan başa gəlməyib. Müharibəyə yollanmış soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub və ya geri qayıtmayıb.

Xalqımız ön cəbhədə olduğu kimi arxa cəbhədə də hünər göstərib, ordunun ehtiyaclarını ödəmək üçün fədakarlıqla çalışıb. Faşizm uğrunda döyüşdə Bakı neftinin xüsusi rolu olub. Müharibə tədqiqatçılarının məlumatlarına görə müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşüb. Demək olar ki, sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Müharibəyə təkcə vətəndaşlarımız deyil, eləcə də Respublikamızın iqtisadiyyatı cəlb olunmuşdu. İqtisadiyyatın bütün sahələri, xüsusilə yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlamışdı. Təbii ki, sonralar bunun fəsadları özünü büruzə verdi. Respublika üçün müharibə meydanına çevrilmiş iqtisadiyyatı bərpa etmək elə də asan olmadı. Buna əsaslanaraq deyə bilərəm ki, İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt o dövrü əks etdirən kitablardan və yaddaşlardan silinməyəcək. Bu günkü nəslə vətənpərvərlik nümunəsi olacaqdır.

Böyük Vətən müharibəsində qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli gecədə Ümummilli lider Heydər Əliyev Bakı neftinin müharibədəki rolu haqqında demişdir: “Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi.”


Bütün bu faktlar Azərbaycan xalqının Böyük Vətən müharibəsində yazdığı qəhrəmanlıq salnaməsini silməyə, üzərinə kölgə salmağa imkan verməyəcək. Bu səbəbdən gənc nəsil bu qəhrəmanlıq tarixini daha da yaxşı mənimsəyib, özündən sonrakı nəslə aşılamalı və ötürməlidir.

Müharibə veteranları hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Faşizm üzərində tarixi qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd edilir.

2005-ci ildə Heydər Əliyev Fondunda keçirilən Böyük Vətən müharibəsində Qələbənin 60 illik yubileyinə həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev demişdi: “İstəyirəm biləsiniz ki, mən veteranlara bundan sonra da böyük qayğı ilə yanaşacağam. Sizin böyük xidmətləriniz olubdur, böyük yol keçmisiniz. Azərbaycan üçün, dövlətimizin inkişafı üçün böyük töhfələr vermisiniz. Hər bir vətəndaş, hər bir insan, xüsusilə, vəzifəli şəxs Sizə böyük diqqət və qayğı göstərməlidir. Mən tabeliyimdə olan bütün məmurlara da tapşırmışam ki, Sizin problemlərinizlə məşğul olsunlar, lazımi işləri görsünlər ki, Siz rahat yaşayasınız. Sizin buna haqqınız çatır. Siz Azərbaycan xalqının rifahı naminə fədakarcasına çalışmısınız”.

Bütün bunlarla yanaşı eləcə də dövlətimizin son illərdə müharibə veteranlarına mənzil və minik avtomobillərinin verilməsinin daha geniş miqyas alması cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Bu gün həmin müharibənin iştirakçısı olan insanlara verilən önəm dövlətimizin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının təcəssümüdür.

Artıq faşizm üzərində qələbə dünyada hər il təntənəli şəkildə keçirilir. Xüsusilə keçmiş SSRİ respublikalarında bu tədbir hər zaman kütləvi formada təşkil olunur. Təəssüf ki, bəşəriyyətin sağlamlığına qarşı təhdidə çevrilən pandemiya səbəbindən bu il qələbə gününə həsr olunan parad və yürüşlər bəzi ölkələrdə ya təxirə düşdü, ya da ləğv olundu. Moskvada da ertələnən və bu gün 13 ölkənin iştirakı ilə baş tutan hərbi paradda Azərbaycan ordusunun 75 hərbçisindən ibarət dəstəsinin Qızıl meydana ilk çıxanlardan olmasının əsas səbəbi məhz müharibədə göstərdiyi rəşadətin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Biz bu qələbədən çox şey götürməliyik. Xüsusən, torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi Böyük Qələbəyə – torpaqlarımızı işğaldan azad etməyə səsləyir. Bu mənada xalqımızın Böyük Vətən müharibəsində qələbənin qazanılmasında yazdığı qəhrəmanlıq salnaməsi bu günkü nəsil üçün əsl mənəviyyat dərsidir.

Müşfiq Cəfərov

Milli Məclisin deputatı

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]