AKTUAL TV -nin xəbərinə görə, ölkədə sanitariya-epidemioloji vəziyyətə nəzarət tədbirlərinin təkmilləşdirilməsi və koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər icra olunur. Həyata keçirilən növbəti əhəmiyyətli tədbirlərdən biri də yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərə həm ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın, həm də stasionar müalicənin keyfiyyətli göstərilməsi, bu sahələrə ayrı-ayrılıqda diqqətin yönəldilməsi və proseslərin icrasının gücləndirilməsidir.
Xüsusi karantin rejimi müddətində Bakı şəhəri üzrə yeni növ koronavirus infeksiyası ocaqlarında gigiyena və epidemiologiya, karantin-təşkilati, o cümlədən profilaktik tədbirlərinin görülməsi, yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərin yerində aşkarlanaraq onlara ev şəraitində ambulator-poliklinik və təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Gigiyena-epidemioloji, habelə yuxarıda göstərilmiş sahələrdə çalışan tibb işçilərinin yeni növ koronavirus ocaqlarının aşkarlanmasına və bu ocaqlarda tibbi yardımın təşkilinə cəlb olunması nəzərdə tutulur.
Yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərin stasionar müalicəsinin təşkilini isə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs həyata keçirəcək.
Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlər ölkədə sanitariya-epidemioloji vəziyyətə nəzarət tədbirlərinin gücləndirilməsi məqsədini daşıyır.