Məleykə Əsədova: “Şeiri necə ağzı bağlı vəziyyətdə deyə bilərəm?”

Xalq artisti Məleykə Əsədova müsahibə verib.

AKTUAL TV müsahibəni təqdim edir:

– Məleykə xanım, iyunun 21-dən iyulun 5-dək ölkəmizdə sərt karantin rejimi elan edildi. Karantini necə keçirirsiniz?

– Bu, böyük bir bəladır, koronavirus xəstəliyini mən silahsız savaşa bərabər bir hadisə adlandırıram. Korovirusa yoluxanların gündən-günə artması mənə çox pis təsir edir. Ümumiyyətlə, həyat dayanıb. Bu, bütün dünyanı bürümüş böyük bir bəladır. Hamımız birlikdə və həmrəy şəkildə mübarizə aparmalı, qaydalara riayət etməliyik. İnsanların çoxunun bu virusa inamadığına görə təəssüf hissi keçirirəm. Yenidən ölkəmizdə sərt karantin rejimi elan edildi. Özümüzü qorumaq bizim əlimizdədir, maskadan istifadə etmək, əlimizə spirt vurmaq, tünlük yerlərə getməmək lazımdır. Təbii ki, hamı gəzmək, dolanmaq istəyir. Yaydı, uşaqlar da gəzmək istəyirlər. Amma dünyanı cənginə almış bəla qapımızın ağzındadır. Dözməliyik və bu xəstəlikdən səbrlə çıxmalıyıq. Karantin günlərində də çəkilişlərə gedirik. Çəkilişə gedəndə belə, məsafəni qoruyuram. Karantin dövründə Arzu Əsədin “Biz birlikdə güclüyük”, Leyla Əliyevanın “Zaman”, xalq şairi Nəriman Həsənzadənin “Nərdivan” şeirlərini öyrəndim. Bununla yanaşı, kitab oxuyuram, qızımın təhsili ilə maraqlanıram, idmanla məşğul oluram. Bağ evim yoxdur və karantin rejimini evimdə keçirirəm. Heç yerə çıxmıram. Günümü ya evdə, ya da işdə keçirirəm. Evimdə bir qadın kimi ev işləri ilə məşğul oluram. Daha çox dualar edirəm.

– Efirdə maskadan düzgün istifadə etməməyiniz birmənalı qarşılanmadı. Buna münasibətiniz necədir?

– Mən verililişə maska ilə çıxmışdım. Amma şeiri necə ağzı bağlı vəziyyətdə deyə bilərəm? Ona görə də maskanı aşağı salıram. Təbii ki, insanlarla məsafəni qoruyuram. Niyə birmənalı qarşılanmamalıdır?

Kim bu haqda yazırsa, yazdığını bilmir. Əslində, alqışlamaq lazım idi ki, efirə maska ilə çıxıram. Eləcə də hər yerə mən də, qızım da maska ilə gedirik. Ailəmin bütün üzvləri maskada gəzir.

Evimə hər hansı qonaq nadir hallarda gəlir. Bacımı, başqa qohum-əqrəbanı da görmürük. Bunu ona görə edirik ki, xəstəlik bitsin.

– Efirlərə maska ilə çıxmağınız təbliğat xatakterlidir?

– Təbii ki, verilişlərə maska ilə çıxmağım təbliğatdır. Efirə elə çıxıram ki, hamı maskadan istifadə etsin. Eyni zamanda özümü də qoruyuram.

Dediyim kimi, verilişlərə maska ilə çıxıram, şeir deyərkən onu aşağı salıram. Kim necə başa düşür, özü bilər. Mən özümü, yaxınlarımı, millətimi çox istəyirəm, ona görə də istəyirəm ki, hər kəs bir-birini qorusun.

– Akademik Milli Dram Teatrında onlayn tamaşalar nümayiş etdirilirmi?

– Bəli, teatrda virtual tamaşalar gedir. Teatrdan, aktyorlarla, tamaşaçılarımızla canlı ünsiyyət üçün çox darıxmışam.

Sevənlərim də mənim üçün darıxırlar, yazırlar. Əzizlərim, birlikdə dua edək ki, tezliklə bu bəla dünyanın üzərindən getsin, həyat yenidən canlansın. Xəstəlik də hamıdan uzaq olsun.

– Məleykə xanım, siz hər yay xarici ölkələrə gedirdiniz. Bu yayı necə keçirəcəksiniz?

– Yayda hər il sanatoriyaya gedirdim, bu il mümükün olmayacaq. Məndən asılı olan hal deyil, həyatın işidir. Mən də hamı kimi evimdə oturacam. Əgər xəstəlik bitsə, rayonlarımıza gedərəm. Uşağım da istirahət eləsin, bütün günü oxuyur. Amma xəstəlik davam edəcəksə, heç bir yerə çıxmayacam. Tətillərdə və istirahət günlərində də heç yerə getmirəm. Evimdə oturmuşam.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]