AKTUAL TV xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai Operativ Qərargahın bugünkü brifinqində deyib.
Q.İsaqzai bildirib ki, bu məsələdə Azərbaycanın müvafiq qurumları – TƏBİB, Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur: “Əməkdaşlığın əsas məqsədi koronavirusla mübarizədə edilən texniki yardımdan Azərbaycanın da faydalanmasıdır. Biz çox konkret sahələrdə texniki yardımı təmin etmişik. Bu yardımlar ÜST vasitəsilə Azərbaycana çatdırılır” .
O qeyd edib ki, Azərbaycanda bu sahədə səlahiyyətli qurumlarla riskli olan sahələrdə bilik və bacarıqların təşkil olunmasında təlimlər təşkil olunur: “Bununla bərabər, müxtəlif kampaniyalara dəstək olmuşuq. “Təmiz əllər”, eyni zamanda, influserləri cəlb edərək insanlara məsuliyyətin aşılanmasına dəstək olmuşuq, həmçinin onlayn dərslərdə uşaqların iştirakına töhfələrimizi vermişik”.
İsaqzai əlavə edib ki, BMT TƏBİB və Səhiyyə Nazirliyini tibbi ləvazimatlarla təmin edib: “Hazırda İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti ilə müzakirələr aparırıq. Əsas mövzumuz sosial iqtisadi vəziyyətin bərpası ilə bağlı Azərbaycana texniki yardımın göstərilməsidir”.