AKTUAL TV -nin xəbərinə görə, bunu Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.
Pandemiya ilə mübarizə çərçivəsində tətbiq olunan qaydalara əməl etməyən, maska taxmaq istəməyən şəxslərin biganəliyinin, saymazyana davranışlarının nəticəsi olaraq bu bəlanın hələ çox uzanacağını ehtimal etdiyini vurğulayan sədr müavini bildirdi ki, dövlətini, xalqını sevən bir vətəndaş olaraq hər kəsin vəzifəsi yorulmadan təbliğat aparmaq, maarifləndirməni gücləndirməkdir: “Qaydalara əməl etməyən insanlara kim harda görsə, çəkinmədən etirazını bildirməlidir. Ən böyük təsir ictimai qınaqdır. Hətta lazım gələrsə onlarla çəkinmədən fərdi söhbətlər aparmalıyıq. Anlamalıdırlar ki, infeksiyaya qarşı bu cür biganə, saymazyana münasibət nəinki onların özlərinə, eləcə də ətraflarına, cəmiyyətə, ölkəmizə zərərlidir. Yəni mümkün olduğu qədər başa salmalıyıq. Düşünək ki, bu da bizim tərəfimizdən Prezidentimizin koronavirusla mübarizəsinə dəstəyimiz olar”.
K.İsmayılova qeyd etdi ki, pandemiya dönəmində istər siyasi partiyaların, istər məmurların, istərsə də mədəniyyət xadimlərinin ən ümdə vəzifəsi məhz koronavirusla mübarizəyə fokuslanmalıdır:
“MMP olaraq, partiyanın rayon təşkilatları da daxil olmaqla biz işimizi bu yöndə aparırıq. Bu gün elə bir vaxtdır ki, siyasi maraqlar arxada qalmalıdır. Hələ bu bəlanı atladaq, nəinki ölkəmiz, dünyamız normala dönsün, sonra hər kəs yenə öz abmisiyalarını ortaya atar. Bu dönəm isə birlikdə koronavirusla mücadilə dönəmidir. Biz çalışırıq qaydalara əməl edilsin ki, tezliklə virusdan da qurtulaq, karantin də götürülsün. Çox istərdim ki, bu vəziyyətdən çirkin əməllərini həyata keçirmək üçün sosial şəbəkədə “erməni dəyirmanına su tökən” dağıdıcı qüvvələr bu çıxışlarını müvəqqəti də olsa dayandırıb, güclərini heçolmasa onları dinləyən insanların xilasından dolayı koronavirusla bağlı təbliğata yönləndirsinlər”.
Könül xanım qaydalara əməl etməyən, maska taxmaq istəməyən şəxslərə tətbiq edilən cərimələrin miqdarının artırılması məsələsinə də toxunub: “Düzdür, insanlarımızın indiki vaxtda güzəranı o qədər də yaxşı deyil ki, cərimənin miqdarının artırılmasından danışaq. Amma qaydaları pozanlar bunun zəruri edirlər. Əgər Prezidentin, Operativ Qərargahın və həkimlərimizin müraciətləri, çağırışları bu insanlara dərs olmursa, hər gün yoluxma hallarının, ölüm hallarının çoxalmasıyla bağlı eşitdikləri xəbərlərdən nəticə çıxarmırlarsa, o zaman cərimələrin artırılması ilə təsir etmək lazım gəlir. Gəlin karantin qaydalarını hər an diqqətdə saxlayaq və onlara əməl edək”.