“Yoluxma sayının 500-ə qalxması xaosdur” – Həkimdən AÇIQLAMA

"Mən martın 27-dən Mərkəzi Neftçilər xəstəxanasında çalışıram. 12 saat iş rejimidir. İşimiz həddindən artıq çox ağırdır. Yəni, bu rejimdə işləmək, bu xəstələrlə işləmək çox çətindir".

AKTUAL TV xəbər verir ki, bunu COVİD-19 xəstələrinin müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında çalışan infeksionist İlhamə Şirinova deyib.

O bildirib ki, virus mutasiyaya uğradığı üçün 30-35 yaşlarında olan xəstələr də koronavirusu çox ağır keçirməyə başlayıblar:

“Xəstəxanaya gətirilən koronavirus xəstələri mart-aprel aylarına nisbətən daha ağırdırlar. Çünki bütün xəstələr 10-15 gün gecikmə ilə gəlir. Evdə özləri müalicə qəbul edirlər, özbaşına antibiotiklər qəbul edirlər, səhhətlərini ağırlaşdırırlar. Ümumiyyətlə mayın axırlarından gələn xəstələrin hamısında ağır boğulma, nəfəs darlığı, bəlğəmli öskürək, öskürəklərində hətta qanın görsənməsi kimi simptomlar müşahidə edilir.

Əvvəlki aylara baxdıqda xəstələrimiz öncə stasionara qəbul olunurdular. Xəstə ağırlaşırdı, keçirdi İTB-yə, İTB-dən keçirdi reanimasiyaya. İndiki halda isə xəstələr axınla gəlir, onların içərisindən birbaşa reanimasiyaya qalxanlar var. Bu, bizi üzür, çünki biz belə görməmişdik ki, reanimasiyaya birbaşa xəstə qalxsın. Bu da nədən irəli gəlir? – Xəstə evdə özünü ağırlaşdırır, inanmırlar. İyun ayından etibarən koronavirus infeksiyasının varlığına inananlar artmağa başlayıb. Çünki baxırlar xəstəlik artır, ölüm sayı çoxalır. Bu baxımdan inam biraz artıb. İndi reanimasiyada 35 yaşdan yuxarı olan pasiyentlər də var, 45-dən yuxarı da var, 60-dan yuxarı olanlar da var.

Əvvəl 30-35 yaşdan yuxarı xəstələr koronavirusu daha yaxşı keçirirdilər. İndi virus mutasiya olub, çox amansız olub. Nə cavan, nə qoca, nə orta yaşa baxmır. Hamıda eyni şəkildə gedir. Gələn xəstələrin əksəriyyətinin yanaşı xəstəlikləri var. Şəkərli diabetləri, arterial təzyiqləri, ağciyər xəstəlikləri var. Onlar da ki, daha da işimizi çətinləşdirirlər. Çox çətin zamandır. Biz özümüz də qalmışıq çıxılmaz vəziyyətdə. Bizim özümüzə də bu şəraitdə işləmək çətindir. Koronavirusa yoluxan həkim yoldaşlarım oldu. Mən hələki yoluxmamışam, özümü qoruyuram. Çalışıram yoluxmayım ki, iş qalır. İnfeksionistəm mən, mənim yoxluğum həkim yoldaşlarıma yük olar. Bu dəqiqə şöbələrin işini infeksionistlər aparır. Burada 4-5 infeksionist var ki, biz ağır xəstələrlə işləyirik. Digər sahədən olan həkimlər də var. Sağ olsunlar, bizə dəstəkdirlər, köməkdirlər. Hamımız birləşib işləyirik, ancaq ən çox iş bizim üzərimizdədir. Tutmayaq, xəstələnməyək. Çünki camaat qalar belə, yazıqdı xəstələr. Doğurdan yazıqdırlar!

Mən səhər 8-dən girirəm şöbəyə. Kimin otağına girirəm saturasiya aparatı ilə yoxlayıram. Hamıda 81, 82, 83, 84. Bu oksigeni göstərən aparatdır. Sakrametr aparatı ilə oksigen çatışmazlığını yoxlayıram. Hamısı təngnəfəs vəziyyətdə, oksigen balonundan asılıdırlar. Hamısına oksigen balon qoşmuşuq. Aprel-may aylarında 30 xəstədən 10-a oksigen balon qoşardıq. İndi gələn bütün xəstələrə biz oksigen balon qoşuruq. Yoluxma sayı artıq 500-ün üstünə çıxdı. Çıxacaq, çünki hamı oturub evdə bir-birinə qonaq gedib gəlir. Karantinə önəm verən yox, bütün maşınlar bayırdadır. Postlardan keçmək olmur. Hər kəs bayırdadır.

Bir evdə beş nəfərin mobil telefonu var. Bir adam 5 dəfə o telefonlardan SMS göndərib çölə çıxır. Bu insanlara mən yalvarıram. Bizə dəstək olun, özünüzə dəstək olun, yazıqsınız. Hətta xəstələrin içərisində elələri var, gedirsən ki, özünü oksigen balonundan ayırıb. Yoxlayırsan oksigenini, 80-81. 90-nın altı artıq ölümə aparır. Bu, reanimasiyaya hazırlıq deməkdir. Sakrametrdə 93-94-dən yuxarı normal hesab olunur. 92-91 də normal qəbul edilmir. Çünki bilirsən ki, artıq bu yavaş-yavaş düşəcək. Vəziyyət çox pisdir. Düzdür, şöbəmizdə ölən olmayıb, amma İTB-də (İntensiv Terapiya Bloku. Şöbələrdə ağırlaşan xəstələr öncə İTB-yə yerləşdirilir. Orada müalicə alır. Əgər ağırlaşsa reanimasiyaya köçürülür – red) olub.

Artıq biz elə olmuşuq ki, ölüm bizim üçün adiləşib. Mən buna üzülürəm. Üzülürəm ki, ölüm mənim üçün adiləşib. Əvvəllər bir insanın ölümünü görəndə, eşidəndə çox pis olurdum, çox həyəcan keçirdirdim. İndi ölüm mənim üçün adi bir şeydir: Bu xəstə öldü, o xəstə öldü. Yəni, artıq adi qəbul edirik. Həqiqətən çox pisdir vəziyyət. Mən hamıya səslənirəm, hər bir kəs özünə cavabdehdir. Hər bir kəs özünü qorusa, tibbi maskalardan istifadə etsə yoluxmanın qarşısın alar, rəqəmlər düşər. Bu, artıq faciədir, yoluxma sayının 500-ə qalxması xaosdur”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]