Amma küçələrdəki insan seli, həftə sonları rayonlara axışanlar, məhəllələrdəki uşaqların sağa-sola qaçışı, yaşlıların stola çırpdığı dominonun, nərdin səsindən sanki karantin rejiminin “evdə həbs olunan” az sayda adama şamil olunduğu düşüncəsi yaranır. Əgər karantin rejiminə istər vətəndaş, istərsə də səlahiyyətlilər məsuliyyətsiz yanaşırlarsa, bunu tətbiq etməyin nə anlamı var? Onsuz da yoluxma sayında hansısa müsbətə dorğu dəyişiklik müşahidə edilmir…
AKTUAL TV -nin mövzu ilə bağlı suallarını Milli Məclisin deputatı Fəzail Ağamalı cavablandırıb.
F.Ağamalı bildirib ki, qaydalara riayət edilmədiyi üçün birmənalı olaraq, karantin rejimi daha da sərtləşdirilməlidir:
“Polislərimiz pandemiya ilə mübarizədə fəallıq göstərməkdədirlər. Bununla yanaşı, əvvəlki günlərə nisbtən maskadan istifadə edən vətəndaşaların da sayı artıb. İndiki artımlar 15-20 gün əvvəl yoluxanlardır. Hansı ki, həmin vaxt vətəndaşların əksəriyyəti inanmırdı, maskadan istifadə etmirdi və s.
Buna baxmayaraq, düşünürəm ki, karantin rejimi daha da sərtləşdirilməli, vətəndaş-dövlət birgəliyilə COVID-19-a qalib gəlməliyik.
Bununla bağlı parlamentdə də öz fikirlərimi bildirəcəm. Elə etməliyik ki, vətəndaşlar karantin rejiminin qaydalarına riayət etsinlər. Etməyənlərə qarşı ən sərt tədbirlər, ciddi cəzalar görülməlidir”.
Deputat qeyd edib ki, sərtləşdirilmələrin məqsədi insanların virusa yoluxmaması üçündür:
“Tibbi maska, sosial məsafə və şəxsi gigiyena qaydalarına riyaət etmək məcburidir. Kimsə bunu dərk etmirsə, onlara qarşı çox ciddi addımlar atılmalıdır. Cərimələr kifayət deyil, onları inzibati məsuliyyətə cəlb etməklə, barələrində cinayət işi açılmalıdır. 1 milyarddan çox əhalisi olan Çin virusa qalib gəldi. Çünki heç kimə güzəşt edilmədi, qayda-qanun hamı üçün bərabər oldu”.
F.Ağamalı gün ərzində SMS vasitəsilə 2 saatlıq icazənin də əleyhinə olduğunu dilə gətirib:
“İcazə həftədə 2 dəfə olmaqla, ailə üzvlərindən birinə verilməlidir. Ailədə 5 nəfər var, hamısı vaxt müəyyən edir, hamısı icazə ilə küçələrdədir, heç biri də iş dalınca çıxmır. Sadəcə virus daşıyıcılarına çevirilirlər. Qonşu Gürcüstan, Türkiyə, Avropa təcrüəbləri var. Hətta düşünürəm ki, lazım gələrsə, 8 rayon və şəhərdə fövqəladə vəziyyət, komendant saatı müəyynləşdirilsin. Artıq cərimə yoxdur, küçəyə çıxan dərhal həbsxanaya gedr. Bu cür addımlarla məsuliyyətsizliyin qarşısını almaq olar. Yoxsa , “yaydır, hamı hava almaq istəyir” yanaşmaları ilə heç bir mübarizə effektli olmayacaq”.