AQTA-dan AKTUAL TV -yə verilən məlumata görə, yoxlama zamanı alkoqolsuz içkilərin istehsalı, saxlanması və satışı zamanı sanitar-gigiyena norma və qaydalarının, eləcə də etiket məlumatlarında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Məlum olub ki, istehsalçı fiziki şəxs olsa da etiketlərin üzərində istehsalçı kimi İ.V.N. MMM və ya rus dilində И.В.Н ООО göstərilib, eyni zamanda istehsalçının ünvanı qeyd edilməyib. Bundan başqa, müəssisədə son istifadə müddəti bitmiş 25 kq-lıq qabda qablaşdırılmış İtaliya istehsalı olan “Caramel colour DS7” əmtəə nişanlı boya, “Tərxun Moskva” etiketləri, istifadə müddəti bitmiş və üzərinə yeni son istifadə müddəti yapışdırılmış “Aqua Mineral” əmtəə nişanlı qazsız içməli sular aşkarlanıb.
Götürülən nümunələrdən laborator analizlər zamanı “Aqua Mineral” əmtəə nişanlı qazsız suda bağırsaq çöpü bakteriyaları aşkar edilib, “Moskovski Kvas” əmtəə nişanlı alkoqolsuz içkidə isə quru maddənin kütlə payı və turşuluq tələblərinə cavab vermədiyi müəyyən olunub.
Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.