AKTUAL TV xəbər verir ki, bunu “Report”a müsahibəsində Türkiyənin Xarici İqtisadi Münasibətlər Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının rəhbəri Selçuk Akat bildirib.
Onun sözlərinə görə, imzalanmış protokol həm ticarətin asanlaşdırılmasına, həm də Azərbaycanla Türkiyə arasında tərcihli (preferensial) ticarət haqqında Sazişin həyata keçirilməsi üçün dəstək və təməl yaradacaq: “Bundan əlavə, iki ölkənin gömrük xidmətləri arasında elektron məlumat mübadiləsi sahəsində əməkdaşlığa ehtiyac var”.
S.Akat Azərbaycan ilə Türkiyə arasında imzalanmış tərcihli ticarət razılaşmasının iki ölkə arasında ticarət münasibətlərinə təsiri barədə danışıb: “Məlum olduğu kimi Türkiyə Avropa İttifaqının Gömrük Birliyinə üzvdür. Bu səbəbdən hər bir ölkə ilə sərbəst ticarət razılaşması edə bilməz. Bu səbəbdən Türkiyə ilə Azərbaycan arasında imzalana biləcək ən əhatəli müqavilə Tərcihli Ticarət Razılığıdır.
Bu razılaşma ikitərəfli ticarət dövriyyəimizi 15 milyard ABŞ dolları səviyyəsinə qaldırmaq üçün vacib bir addımdır və siyasi iradədir. Ticarətimiz həmişə artıma meyllidir”.
Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 16,74% artaraq 2 mlrd ABŞ dollarına çatıb.