Ege hospital ittihamlara cavab verdi

Hər şeydən əvvəl xəstəni itirdiyimizə görə çox təəssüfləndiyimizi bildirir, yaxınlarına dərin hüznlə başsağlığı veririk.

AKTUAL TV xəbər verir ki, Ege hospital paylaşımda bunları yazıb:

Xəstəmiz Xasməmmədov Əliyəsər (72 yaş) 24 iyun 2020 ci il tarixində xəstaxanamıza ağır vəziyyətdə müraciət etdi. Xəstənin vəziyyətinə uyğun olaraq beynəlxalq kardioloji cəmiyyətlərin tövsiyələri əsasında koronar arteriyalarına angioplastika və stent tətbiq edilməsi əməliyyatı aparıldı. Xəstə 2 gündən sonra, 26 iyun 2020 ci il tarixində əməliyyatdan sonra qəbul edəcəyi dərman müalicəsi də yazılaraq tam sağalma ilə evə yazıldı.

4 iyul tarixində xəstə ciddi ağrılarla və səhhətində şikayətlərlə yenidən xəstəxanamıza müraciət etdi. Xəstə özü hərəkət edərək xəstəxanamıza gəlməsinə baxmayaraq vəziyyəti ağır idi və müayinə zamanı bütün damarlarında tromboz (laxtalanma) baş verdiyi aşkarlandı. Təyin olunmuş qandurulaşdırıcı dərmanları içdiyi halda (xəstə dərmanları qəbul etdiyini bəyan etdi) baş vermiş laxtalanmanın səbəbini genetik faktorla (qan durulaşdırıcı dərmanlara qarşı anadangəlmə rezistentlik) əlaqələndirilərək xəstə üçün əlavə testlər planlaşdırıldı. Lakin xəstənin vəziyyəti sürətlə pisləşdiyi üçün konsiliumla təcili cərrahiyyə əməliyyatının icrasına qərar verildi və xəstəni xilas etmək üçün əməliyyatın qaçınılmaz və təxirəsalınmaz olması barədə xəstə yaxınlarına məlumat verildi. Daha sonra, xəstə yaxınları qərar verənə qədər, xəstənin vəziyyəti daha da pisləşdi və ürək dayanması baş verdi. Personalımızın 1 saatdan çox reanimasiyon tədbirləri aparmasına baxmayaraq təəssüf ki xəstəmizin həyatını xilas edə bilmədik.

Xəstəxanamıza daxil olduğu andan etibarən xəstə ilə bağlı görülən bütün işlərin tibbi və video qeydiyyatı aparılır. Xəstəyə müdaxilə olunarkən görülən işlərin və verilən qərarların elmi əsasları var və istənilən zaman ekspertlər tərəfindən araşdırıla bilər.

STENT SAYI BARƏDƏ
İctimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, stent qoyulmasında sayı məhdudiyyəti yoxdur. Çox damar xəstəliyində stent vəya əməliyyat arasındakı qərar, Beynəlxalq tibb ictimaiyyəti tərəfindən qəbul edilmiş SYNTAX score 1 və SYNTAX score 2 əsasında ürək komandasının konsiliumu əsasımda verilir. Bu xəstəmizdə bütün göstəricilər stent prosedurunun lazımlı olduğuna işarət edirdi.

ÖDƏNİŞ BARƏDƏ
Ege Hospital Azərbaycan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən, öz-özünü maliyyələşdirən özəl tibb müəssisəsidir. Göstərilən xidmətlər, onların qiymətləri barədə xəstə və xəstə yaxınlarına öncədən məlumat verilir və ödənişlər də həkimə deyil xəstəxananın kassasına edilir. Xəstəyə tibbi yardım göstərilərkən yaranan xərclər, o cümlədən sərf olunan məlzəmələr həkim tərəfindən yox, xəstəxana tərəfindən qarşılanır. Ödənilən məbləğin həkimlə ticari bir sövdələşmə məsələsi kimi təqdim olunması, dəyərli həkimlərimiz haqqında sərf edilən çirkin sözlər qəbuledilməzdir.

CƏNAZƏ XİDMƏTİ BARƏDƏ
Kollektivimizin səylərinə baxmayaraq xəstəni xilas edə bilməməyimiz barədə məlumat xəstə yaxınlarını dərindən sarsıtdı. Hətta vəziyyətin şoku ilə personalımızı təhqir, təhdid edən xəstə yaxınları klinikanın elektron avadanlığına zərər verdi, qapının şüşəsini sındırdı. Xəstə yaxınlarının psixoloji durumlarını nəzərə alan xəstəxana rəhbərliyi xəstənin nəşinin daşınması üçün cənazə maşının dəvət etdi və haqqını da xəstəxana hesabına ödənilməsini təmin etdi.

YEKUN
Hər bir xəstəmiz bizim üçün əzizdir və heç birini itirmək istəmərik. Xəstəxana kollektivimiz öz yaxınlarına yanaşdıqları həssaslıqla xəstələrinə yanaşır və onlara tətbiq edəcəkləri bütün prosedurları xəstələrinə edirlər. Xəstəxanamız özəl tibb müəssisəsi olmaqla və pullu tibb xidməti göstərməklə birlikdə hər şeydən öncə xəstələrimizin səhhətinin yaxşılaşmasına, maliyyə məsələlərinin daha sonra həll olunması yanaşmasını tətbiq edir. Buna nail olmaq üçün bütün bilik, bacarıq və gücümüzü sərf etməyimizə baxmayaraq bəzi xəstələrimizi xilas etməkdə aciz qalırıq. Həkimlərimiz də insandır və xəstə yaxını qədər olmasa belə ölən xəstəsi üçün təbii olaraq üzülür. Xəstə yaxınlarının əzizlərini itirdiklərinə görə düşdükləri psixoloji durumu başa düşür və göstərdiyimiz tibbi xidmətlə bağlı şübhələri qaldığı halda hüquqi müstəvidə haqqlarını aramaq yollarının açıq olduğunu bildiririk.

Allah rəhmət eləsin.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]