“Paşinyan “demokrat libası” ilə də gülünc görünür” – Qənirə Paşayeva

“Prezident İlham Əliyevin də dediyi kimi, Avropa hüquq-mühafizə orqanları Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi “töhfə”ni araşdırmalıdır”.

AKTUAL TV -nin məlumatına görə, bunu Prezident İlham Əliyevin Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışında yerli televiziya kanallarına verdiyi geniş müsahibədə Ermənistanla bağlı fikirlərinə münasibət bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva deyib. O bildirib ki, dövlət başçısı həmişə olduğu kimi, çox prinsipial, qəti mövqeyini ifadə etdi:

“Artıq ictimaiyyətimizə bəlli olduğu kimi, Azərbaycanın koronavirusla bağlı BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü 130-dan çox ölkə tərəfindən dəstəklənərək, dünya miqyasında yüksək qiymət alıb. Azərbaycanın bu təşəbbüsünün mahiyyəti “COVİD-19”la mübarizədə vahid qlobal yanaşmanın tətbiqinə, ölkələrin özlərinə qapanmamasına, inkişaf etmiş ölkələrin ağır durumda olan ölkələrə kömək göstərməsinə nail olmaqdır. Yəni, bu təşəbbüsə hansısa ölkənin qarşı çıxması, məntiqin heç bir forma və şəkli ilə qənaətbəxş izah oluna bilməz. Çünki koronavirus yalnız bir ölkəni, bir irqi, bir milləti, dini mənsubiyyəti eyni olanları, yaxud başqa kateqoriya ilə fərqlənənləri təhdid etmir, bu, ümumbəşəri problemdir, zərəri hər kəsə toxunur. Ancaq Ermənistanın demokrat libaslı, işğalçı zehniyyətli hökuməti, XXI yüzilin 20 ilində belə bir səbatsızlığı, rəzilliyi, anti-bəşəri addımı məqbul saydı. Bu, bir daha göstərdi ki, Azərbayacana, haqq-ədalət işinə münasibətdə öz sələflərindən zehniyyətcə qətiyyən fərqlənməyən Nikol Paşinyan, “demokrat libası” ilə də gülünc görünür. Demokratiya ilə işğalçılıq, demokratiya ilə anti-bəşəri davranış bir araya sığırmı?! Üstəlik, Ermənistan bu gün pandemiyadan əziyyət çəkir və ən kiçik yardımlara bel bağlayır. Amma təşəbbüs Azərbaycandan gəlib deyə, buna qarşı çıxır”.

Komitə sədri vurğulayıb ki, Ermənistanın bir səsini almamaq ziyan sayılmaz: “Onsuz da 97 səs tələbinə müqabil 130 səsimiz var. Beləliklə, dünya birliyi, tərəqqipərvər bəşəriyyət bir daha öz diqqətini təşəbbüs müəllifi olan Azərbaycana və konstruktiv təşəbbüsün əleyhinə olan yeganə ölkə – cırtdan Ermənistana yönəltdi. Erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir. Ölkə başçısı bu haqsız müdafiəyə vurğu edərək, Avropa Şurası Parlament Assambleyasının işğalçı dövləti tənqiddən tamamilə kənar tutduğunu və bəzi siyasi xadimlərin, deputatların, bəzi Avropa ölkələrinin hökumət üzvlərinin Ermənistana xüsusi münasibət bəsləməsini, əslində, Avropa hüquq-mühafizə orqanlarının Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi “töhfə”ni araşdırmalı olduğunu dedi. Ermənistan-“forpost” adı üstündə olan bir ölkədir; bu “forpost”luqdan məkrli şəkildə yararlanaraq, işğalçılıq edib. Son illərdə isə, özlərini guya demokrat Baş nazirin başçılıq etdiyi hökumətə sahib ölkə kimi qələmə verməyə çalışırlar. Ancaq hər şeyin bir həddi var; dünyanı aldatmağın da, özünü inanmış, aldanmış kimi göstərməyin də, erməni məkrindən, hiyləsindən yararlanmağın da. Bütün maraqlı tərəflər üçün, bütün oyunların bir limiti, sonluğu olmalıdır”. 

Deputat bildirib ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın koronavirus kimi qlobal problemə məhz qlobal səviyyədə həmrəyliyə verdiyi əməli töhfələr ilk sıralarda gəlir: “Deməli, biz yalnız özümüzü ifadə etmirik, bəlkə nəticə etibarı ilə gələcək nəsillər, tarix qarşısında dünyanın susmayan vicdanı oluruq”.

Q. Paşayeva qarşıdakı aylarda məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımların qaçılmaz olduğunu da diqqətə çatdırıb: “Duruma uyğun şəkildə yeni addımlar atıla bilər. Burada, bir önəmli məqam bütün mövcud və gələcək qaydaların insanların (o cümlədən karantin rejimini pozanların!) sağlamlığının qorunması üçün olmasıdır. Qayda-qanunlar, karantin rejimi tələbləri vəzifəsindən, cəmiyyətdəki nüfuzundan asılı olmayaraq, hər kəs üçün əsas olmalıdır. Qaydaları pozanlar daha məsuliyyətli davranarsa, infeksiyanı nəzarətdə saxlamaq daha sərrast şəkil alacaq. Bir müddət bundan öncə yoluxma sayında müşahidə edilən sürətli artım hazırda özünün eniş mərhələsinə girməkdədir; buna müqabil, sağalma sayı artmaqdadır”.

Q. Paşayeva bildirib ki, Azərbaycanın dövlət başçısının sözlərindən çıxan nəticəni ümumiləşdirsək və lakonik şəkildə ifadə etsək, bu, Ermənistanın iç üzünü faktların dili, təkzibolunmaz dəlillərlə açmaq və bunun üzərindən beynəlxalq ictimaiyyətə, konkret olaraq, əlaqədar qurum və quruluşlara ünvanlanan prinsipial ismarıclardır: “Bu ismarıcdan hər kəs özü üçün nəticə çıxarmalıdır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]