“Palmali” şirkətində çalışan qadınlar Mehriban Əliyevaya müraciət etdilər

“Palmali” şirkətində çalışan qadınlar şirkətin qurucusu, əsassız ittihamlarla İstanbulun “Silivri” həbsxanasında saxlanılan Mübariz Mənsimovun azadlığa çıxmasına kömək göstərməsi xahişi ilə Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya müraciət ediblər.

AKTUAL TV həmin məktubu olduğu kimi təqdim edir:

“Dəyərli Mehriban xanım! Bizim Mehribanımız!

Sizə bu məktubu “Palmalidə” işləyən, “Palmali” ailəsinin üzvü olan qadınlar, analar və bacılar yazır.

Sizin bu gün ad gününüzdür!

Doğma Mehribanımız!

Sizə möhkəm can sağlığı, firavan həyat arzulayırıq. Daim övladlarınızla fəxr edə, nəvələrinizin xoş günlərini, uğurlarını görəsiniz!

Azərbaycan dövlətinin inkişafı və möhkəmlənməsi istiqamətində atdığınız uğurlu addımlar bizi də sevindirir. Sizinlə qürur duyuruq. Mərhəmətinizin, qayğıkeşliyinizin sədaları dünyanın ən ucqar bölgələrinə belə gedib çatıb. Bütün qadınlar kimi biz də Sizinlə fəxr edirik.

Azərbaycan bəxtəvərdir ki, onun Sizin kimi Birinci Xanımı var!

Əziz Mehribanımız,

Mərhəmətinizə sığınaraq Sizə müraciət etmək istəyirik. Bir oğlumuzun, qardaşımızın, Türkiyədə yaşayan Mübarizimizin Sizin nüfuzunuza, Sizin mərhəmətinizə, qayğınıza, köməyinizə ehtiyacı var. Mübarizimiz dardadı. Azərbaycanlımız, oğlumuz, qardaşımız göz görə-görə məhv olur. Sizi və Möhtərəm cənab Prezident İlham Əliyevi hər zaman dəstəkləyən, dövlətçiliyə zərrə qədər də zərərin dəyməsini imkan verməyən oğuldur Mübariz: Ümummilli Liderimiz Heydər Əliyevin əsgəri. Yalnız Sizin mərhəmətiniz onu düşdüyü bu ağır durumdan xilas etməyə qadirdir. Hər bir azərbaycanlıya kömək əlini uzadan Mübarizin indi Sizin sərhəd bilməyən mərhəmətinizə ehtiyacı var.

Əziz Mehribanımız,

Anası dərddən öləcək. Onun dərdini biz analardan daha yaxşı kim başa düşə bilər?! Biz analar, bacılar o gündən bəri gecə-gündüz bilmirik. O gündən gəmilərdə işləyən ata, oğul və qardaşlar yollarda qaldılar, evimizin bərəkəti kəsildi.

Gözəl, Dəyərli Mehribanımız!

Hər insan dünyaya gələndə bir missiya yerinə yetirir. Siz bir elçisiz, bir mələksiz! Mərhəmətiniz dillər əzbəridir. Siz hər bir azərbaycanlının Mehribanısınız!

Ana və bacı olaraq, mərhəmətinizə sığınaraq Sizdən kömək istəyirik: Mübarizimizə kömək edin.”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]