Azərbaycan xalqının dəyərli oğlu Fərhad Əhmədovun 65 yaşı tamam olur

Bu gün tanınmış azərbaycanlı, Rusiyanın Federasiya Şurasının sabiq senatoru, milyarder, xeyriyyəçi Fərhad Əhmədovun anadan olmasının yubiley tarixi qeyd edilir. Bu gün onun 65 yaşı tamam olur.

AKTUAL TV xəbər verir ki, Fərhad Əhmədov XX əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda dövlətçiliyin möhkəmlənməsində, iqtisadiyyatın inkişafında, sosial problemlərin həllində aktiv iştirak edib.

15 sentyabr 1955-ci ildə Bakıda anadan olan Fərhad Əhmədov orta təhsilini Göyçay rayonunda alıb.

15 yaşında Moskvaya gedərək qaynaqçı-çilingər ixtisası üzrə texniki peşə məktəbini bitirib, sonra isə orduda xidmət edib. 1977-ci ildə əmtəə və əmtəəşünaslıq ixtisası üzrə Skryabin adına Moskva Baytarlıq Akademiyasını bitirib, təhsilini davam etdirərək Ali İqtisadiyyat Məktəbini başa vurub.

1987-ci ildə “Tansley Trading” şirkəti yaradaraq neft-qaz sahəsində işə başlayıb. Bu şirkət neft, eləcə də xüsusi neft-qaz avadanlıqlarının təchizatı ilə məşğul olub. Fərhad Əhmədov 1990-cı illərin əvvəllərində Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun ideoloqu kimi çıxış edərək, ölkəmizin çox ağır siyasi-iqtisadi böhran yaşadığı dövrdə bu layihəyə Amerikanın “Amoco” və “McDermott” kimi nəhəng şirkətlərini cəlb edib. O, “Əsrin müqaviləsinə” dair yekun Hyuston danışıqlarının əsas iştirakçılarından biri olub və 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında Əsrin müqaviləsinin imzalanmasında iştirak edib. Fərhad Əhmədov Avropa Şurasının Parlament Assambleyasında Rusiya kimi nəhəng dövləti təmsil edib, Rusiyanın Federasiyalar Şurasında təmsil olunub və bütün zamanlarda Azərbaycanın maraqlarını müdafiə edib.

Paralel olaraq, Fərhad Əhmədov elmi fəaliyyətlə də məşğul olub. O, Rusiya və MDB ölkələrinin neft-qaz kompleksinin problemləri ilə bağlı çoxsaylı monoqrafiya və elmi məqalələrin müəllifidir. 1997-ci ildən Texnoloji Elmlər üzrə Beynəlxalq Akademiyanın müxbir üzvüdür. O, 2000-ci ildə İ.M.Qubin adına Rusiya Neft və Qaz Dövlət Universitetinin aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. 1996-2006-cı illər arasında “Neft-qaz üfüqləri” jurnalının naşiri olub.

Son 15 il ərzində xaricdə pul qazanıb və Azərbaycana 200 milyon dollardan çox yatırım edən Fərhad Əhmədov Azərbaycanın qeyri-neft sektortuna ən iri investisiya qoyan iş adamıdır. Bunun hesabına Azərbaycanın Göyçay və İsmayıllı rayonlarında zavodlar, otellər, min hektarlarla nar, üzüm, alma və zəfəran bağları, fermalar yaradılıb. Bu müəssisələrdə və sahələrdə fəaliyyət göstərən minlərlə Azərbaycan vətəndaşı evlərinə çörək pulu aparır.

Vurğulamaq lazımdır ki, İsmayıllıda illərlə baxımsız qalmış, zəhərli ilanların məskəninə çevrilmiş torpaqlar məhz Fərhad Əhmədovun sərmayələri hesabına Azərbaycanın ən gözəl guşələrindən birinə çevrilib. Bu investisiyaların yatırılması  orada balıqçılıq, arıçılıq, heyvandarlıq, üzümçülük kimi kənd təsərrüfatı sahələrinin yüksək sürətlə inkişafına gətirib çıxarıb. Statistikaya əsasən, Fərhad Əhmədovun Azərbaycandakı bağlarında milyondan çox ağac əkilib. Bunlardan 468 mini nar ağacı, 15 mini alma ağacı və 632 mini üzüm tənəyidir.

Fərhad Əhmədovun fəaliyyətində xeyriyyəçilik və vətənpərvərlik ənənələləri xüsusi yer tutur. Qaçqın və məcburi köçkün, şəhid ailələrinə yardımların göstərilməsi, xəstə insanların müalicə olunmalarına maddi köməklərin ayrılması, 100-ə yaxın tələbəyə aylıq stipendiyanın verilməsi, onlarla aztəminatlı ailələrdən olan tələbənin illik təhsil haqqını ödənməsi və hər ilin Novruz bayramında əsgərlərə sovqatın paylanması, uşaq bağçalarının, məktəblərin və stadionların təmiri və tikintisi Fərhad Əhmədovun mesenatlıq əməllərinin yalnız bir qismidir. Bu siyahını xeyli uzatmaq mümkündür.

Qeyd edək ki, pandemiya təzə-təzə başlayanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fonduna” ilk yardım göstərənlərdən biri Fərhad Əhmədov olub. Fonda bir milyon manat köçürəndən az sonra isə, Fərhad Əhmədovun təşəbbüsü ilə Göyçay və İsmayıllıda 3 minə yaxın ailəyə sovqat paylanıb.

Milyarder Fərhad Əhmədov milli məsələdə də həmişə fəal iştirak edib. Məsələn, Rusiyanın Liberal-Demokrat partiyasının sədri Vladimir Jirinovski Azərbaycan millətini təhqir edəndə Fərhad Əhmədov ona həm mətbuatda cavabını verdi, həm də Jirinovskini danışdıran Kremli ittiham etdi. O vaxt belə bir məqalə də çıxdı: “Фархад Ахмедов осудил Кремль”. Fərhad Əhmədov Sumqayıt hadisələrinin tam araşdırılması ilə bağlı təşəbbüs irəli sürüb və deyib ki, nə qədər pul lazımdı verirəm, təki həqiqət üzə çıxsın. Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus SU-24 qırıcı təyyarəsinin vurulmasından sonra Ankara və Moskva arasında münasibətlər gərginləşən dövrdə Dövlət Duması qondarma “erməni soyqırımının” rədd olunmasının kriminallaşdırılması ilə bağlı qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşırdı. Bu zaman məhz Fərhad Əhmədov Dumanın o vaxtkı sədri Sergey Narışkinə ünvanladığı açıq etiraz məktubunda bildirib ki, Rusiya deputatları bu layihəni qəbul etsə, Rusiya vətəndaşlığından imtina etmək məcburiyyətində qalacaq. Fərhad Əhmədov Ermənistanın baş naziri Nikol Paşinyanın nəinki Cənubi Qafqazı, eləcə də Rusiyanı böyük fəlakətlə sürüyəcək siyasət yürütməkdə açıq ittiham edib. Onun açıqlamaları Rusiyanın ən nüfuzlu media orqanları tərəfindən dərc olunub. Fərhad Əhmədovun boya-başa çatdırdığı övladları müxtəlif dövlətlərin rəhbərləri ilə görüşüb Azərbaycan həqiqətlərini təbliğ edirlər.

Fərhad Əhmədov ailəlidir. Onu dörd oğlu və iki qızı var.

AKTUAL TV-nin kollektivi öz adından və Fərhad Əhmədovu sevənlərin adından onu 65 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona sarsılmaz can sağlığı, ailə səadəti, işlərində uğurlar arzulayırıq.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]