Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən dünya muzeylərinə müraciət

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi bu ilin 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində hərbi təxribat törətməsi, Azərbaycanın yaşayış məntəqələrini, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşlərinə tutması və ağır artilleriya atəşləri nəticəsində dinc sakinlər arasında ölən və yaralananların olması, həmçinin müxtəlif tikililərə, o cümlədən maddi-mədəni irs nümunələrinə dəyən ziyan, işğalçı dövlətin yeni təhdidləri ilə bağlı dünya muzeylərinə müraciət yayıb.

Müxtəlif dillərdə tərtib edilmiş müraciət dünyanın 100-dək tanınmış muzeyinə ünvanlanıb.

 AKTUAL TV müraciəti olduğu kimi təqdim edir:

“Əziz həmkarlar!

Biz müxtəlif ölkələrdə yaşasaq, ayrı-ayrı dillərdə danışsaq da, hamımızı birləşdirən vacib bir cəhət var.

Siz də, biz də mühüm humanist missiyanı yerinə yetirir, ədəbiyyatın, mədəniyyətin, mənəvi sərvətlərin qorunması və təbliği ilə məşğuluq.

Mədəniyyət isə bütün bəşəriyyəti qovuşduran sərhədsiz ortaq vətəndir.

Bizim muzey XII əsrdə yaşamış, lap çoxdan dünya ədəbiyyatının ən müstəsna klassiklərindən biri mərtəbəsinə ucalmış, əsərləri Qərbin və Şərqin əksər dillərinə tərcümə edilmiş, misilsiz yaradıcılığı ilə dünya mədəniyyətinə böyük təsir göstərmiş dahi Nizami Gəncəvinin adını daşıyır.

Ömrü boyu doğulduğu qədim Azərbaycan şəhəri Gəncədən kənara çıxmasa da, ümumbəşəri idealları, insanlar və xalqlar arasında sülhü, dostluğu, bərabərliyi, ədaləti tərənnüm etmiş Nizami Gəncəvinin doğma şəhəri bu gün Ermənistan tərəfindən dağıdılır.

Ermənistan silahlı qüvvələrinin bu oktyabr günlərində Gəncəyə və dinc əhaliyə yönəltdiyi raket atəşləri yalnız günahsız insanların həyatını əlindən almayıb, yalnız onların evlərini dağıtmayıb. Nizaminin məqbərəsinin də yerləşdiyi Gəncə başdan-başa tarixdir. Buraya atılan bombalar və raketlər həm də mədəni irsin nadir incilərini məhv edir. Ermənistandansa Gəncə ilə bağlı yeni təhdidlər, növbəti atəşləri açmaq hədələri eşidilməkdədir.

Bizim muzeyin bir neçə filialı var ki, onlardan biri də Qarabağ xanının qızı, XIX yüzilin görkəmli Azərbaycan şairəsi, böyük fransız ədibi Aleksandr Düma ilə dostluq münasibətlərində olmuş Xurşidbanu Natəvanın adını daşıyır. Muzeyimizin bu filialı hazırda Ermənistanın işğalı altında olan Şuşa şəhərində yerləşirdi. 1992-ci ildə mədəniyyətimizin beşiklərindən olan həmin şəhər ermənilər tərəfindən təcavüzə uğrayarkən muzey də dağıdılmış, eksponatları qəsb edilmiş, əməkdaşları isə artıq 28 ildir ki, məcburi köçkün həyatı yaşamağa məcburdur. Bu, Ermənistanın işğalı altında olan Azərbaycan muzeylərindən yalnız biridir. Zəbt olunmuş, viran qoyulmuş ərazilərdə isə daha 22 muzey, 6 rəsm qalereyası, 762 dünya və ölkə əhəmiyyətli mədəniyyət abidəsi, 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxana ermənilər tərəfindən dağıdılmış və qəsb edilmişdir.

Bu gün Dağlıq Qarabağ bölgəsindən xeyli uzaqda olan, Azərbaycanın rəmzi mədəni paytaxtı sayılan Gəncə şəhərini Ermənistanın dəhşətli dağıntılar və insan tələfatı ilə müşayiət edilən raket atəşlərinə tutması həm də bilavasitə minillərin yadigarı olan dünya əhəmiyyətli mədəni irsə açılan atəşlərdir.

Dünyanın bütün tərəqqipərvər insanlarını, mədəniyyəti qoruyub yaşatmaq kimi nəcib amala xidmət edən sizləri, dünyanın bütün muzey işçilərini, mədəniyyət xadimlərini erməni təcavüzünə qarşı səsinizi qaldırmağa çağırırıq.

Bu gün dünyanın Nizamisinin şəhəri, onun məzarı erməni raketlərinin hədəfindədir.

İnsanlar və insanlıq, mədəniyyət və mənəviyyat əleyhinə olan bu qəddarlığın qarşısını almaq üçün bu gün sizin səsinizə, sizin dəstəyinizə, həmrəyliyinizə ehtiyacımız var.

Səkkiz əsr əvvəl Nizami Gəncəvi yazırdı:

Yaxşı iş də görsən, pis iş də, inan,

Unutmaz onları bu qoca dövran.

Hörmətli həmkarlar!

Bu həyəcanlı günlərdə sizə Nizami Gəncəvinin adını daşıyan və onun xatirəsini yaşadan muzeyin əməkdaşları olaraq müraciət edir, Nizaminin doğma şəhəri Gəncəni, Nizaminin vətəni Azərbaycanı Ermənistanın təcavüzündən və getdikcə şiddətlənən dağıdıcı qəsbkar niyyətlərindən qorumaq üçün həmrəylik göstərməyə dəvət edirik.

Nizaminin söylədiyi kimi tarix və zaman unutmayacaq – nə sizin xeyirxahlığınızı, sülhsevər səylərinizi, nə də terrorizmi özünün dövlət siyasətinə çevirmiş işğalçı Ermənistanın insanlıq əleyhinə yönəlmiş cinayətlərini!”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]