Anar Kərimov UNESCO-nun baş direktoruna müraciət etdi

Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO-nun baş direktoruna müraciət edib.

Məktubda qeyd olunur:

Hörmətli Baş Direktor!

Sizə əvvəlki məktubuma əlavə olaraq, nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycanın beynəlxalq ictimaiyyətin hər iki tərəfə etdiyi hərbi fəaliyyəti dayandırmaq bağlı çağırışlarına hörmət edərək humanitar atəşkəs təşəbbüsünü qəbul etdiyi bir vaxta, erməni silahlı qüvvələri atəşkəsin ilk günündə münaqişə zonasından təxminən 80 km aralıda olan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücuma başladılar.

11 oktyabr gecə saat 2-də Gəncənin yaşayış və əhalinin sıx yaşadığı ərazisini hədəfə alan bu dəhşətli hücum nəticəsində 4 qadın ,10 mülki şəxs həyatına itirdi, 6 uşaq və 16 qadın olmaqla 34 insan yaralandı. Bu qeyri-insani hərəkət nəticəsində 3 uşaq hər iki valideynini itirdi, 10-dan çox yaşayış binası və 100-dən çox mülki infrastruktur zərər gördü.

Müstəqil dünya mediasının (BBC, Euronews, France24, AlJazeera, TRTWorld) yayımladığı xəbərlərə istinadən, məqsəd yaxınlıqdakı hərbi hədəfləri vurmaq olmamışdır. Belə ki, erməni raket hücumunun niyyəti məhz dinc və günahsız mülki vətəndaşlara qarşı qəsdən bir terror aktı törətmək idi. İlk dəfə yüksək dağıdıcı ballistik SCUD raketini istifadə edərək, Ermənistan silahlı qüvvələri mümkün qədər çox itki və dağıntılara səbəb olmaq niyyəti ilə əhali arasında qorxu və fəsad yaratmağa nail olmaq istədilər. Bu, 1949-cu il Dördüncü Cenevrə Konvensiyasına əsasən müharibə cinayətidir və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənilməlidir. Bu cür vəhşi hərəkətə heç bir bəraət qazandıla bilməz, çünki heç bir şey mülki şəxslərin qəsdən atəşə tutulmasına haqq qazandıra bilməz.

Ermənistan silahlı qüvvələri dinc mülki vətəndaşlarla yanaşı münaqişə zonasında çalışan jurnalistləri də hədəf alır. Elə bu yaxınlarda Azərbaycan Milli Televiziyasının heyəti Ermənistan silahlı qüvvələrinin atəşinə tutuldu, nəticədə 2 jurnalist xəsarət aldı və avtomobillərinə ziyan dəydi. Xatırladaq ki, mətbuat azadlığı və beynəlxalq ifadə azadlığının öhdəliklərini pozaraq, Ermənistan Xarici İşlər Nazirliyi Novaya Gazeta-nın rus jurnalistlərinin Azərbaycanın işğal olunmuş ərazilərindən müstəqil reportajları səbəbiylə akkreditasiyasını ləğv etdi.

Ermənistanın heç nəyə fərq qoymadan atəşə tutması nəticəsində təhsil infrastrukturuna, dini və mədəni abidələrə və binalara da ciddi ziyan dəyməkdədir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, məktəblər bu cür hücumlara məruz qalaraq hədəf zonalarına çevrilmiş və son məlumatlara görə, bu günə qədər 37 məktəbin zədələndiyi və ya məhv edildiyi bildirilir.

İlk məktubumda bəhs etdiyim 19-cu əsr Gəncə Gimnaziyasına əlavə olaraq, 9-cu əsrin İmamzadə məscidi, 19-cu əsr İskəndər Nevski Pravoslav Kilsəsi kimi digər abidələr də Ermənistanın davamlı raket hücumları nəticəsində zərər gördü. Bu isə o dəməkdir ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi üçün müqəddəs heçnə yoxdur.

Vurğulamaq istərdim ki, Gəncə sıradan bir şəhər deyil, bu şəhər Azərbaycan xalqının tarixində və həyatında mühüm rol oynamış və oynamağa davam edir. Bu şəhər Nizami Gəncəvi, Əbulula Gəncəvi, Məhsəti Gəncəvi kimi böyük şair və filosofları ilə tanınan bölgənin mədəniyyət mərkəzlərindən olmaqla yanaşı, həm də tarixən Azərbaycan xalqının xarici təcavüzə qarşı gücünü və dayanıqlığını simvollaşdırır. Bu mənada, Gəncənin 1918-ci ildə müsəlman dünyasında Azərbaycanın ilk demokratik respublikasının ilk paytaxtı, demokratiyanın vətəni olması heç də təsadüfi deyil.

Bildiyiniz kimi, mədəni irsin hədəfə alınması, ICC-nin 2016-cı ildə Əl-Mehdi işi ilə bağlı verdiyi məşhur qərarına uyğun olaraq müharibə cinayətidir. Ermənistan 27 ildən çoxdur ki, işğal olunmuş Azərbaycan ərazilərdəki mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv edir və ya dəyişdirir. Bu, ATƏT-in 2005 və 2010-cu illərdə işğal olunmuş ərazilərə dair fakt araşdırma missiyaları tərəfindən sənədləşdirilmişdir. Bundan əlavə, beynəlxalq medianın peyk şəkilləri və hesabatları da bu qanunazidd hərəkətlərin beynəlxalq humanitar hüquqa, o cümlədən 1954-cü il üçün UNESCO-nun Haaqa Konvensiyasının Silahlı Münaqişə Baş verdikdə Mədəni Mülkiyyətin Qorunması və onun 2 Protokollarına zidd olmasına şahidlik edir.

UNESCO-nun sadiq üzvü olaraq, Azərbaycan hər zaman Təşkilatın mədəni irsi saxlamaq və qorumaq üçün insanların kollektiv yaddaşının və şəxsiyyətinin qiymətli bir elementi kimi nəcib missiyasını dəstəkləyir. Bildiyiniz kimi, ölkəm nəinki UNESCO Üzv dövlətləri həm də NATO kimi digər beynəlxalq təşkilatlar tərəfindən geniş istifadə olunan və hərbi qurumlarda istinad materialına çevrilən Mədəni Sərvətlərin Mühafizəsi üzrə Hərbi Təlimatın hazırlanmasını və nəşrini həm texniki, həm də maliyyə cəhətdən dəstəklədi. Bu təlimat, hərbi personala silahlı qarşıdurmalar zamanı mədəni sərvətlərin qorunması barədə məlumat verən bu tip ilk nəşrdir.

Azərbaycan həmçinin UNESCO-nun fövqəladə hallarda Qeyri-maddi mədəni irsin qorunması ilə bağlı fəaliyyətini də dəstəkləyir və xüsusən də münaqişə ilə əlaqəli vəziyyətlərdə, o cümlədən məcburi yerdəyişmə vəziyyətlərində qeyri-maddi mədəni irsin qorunması üçün potensialın qurulması fəaliyyətlərinin inkişafı və həyata keçirilməsinə dəstək olaraq, ICH Fonduna – Qeyri-Maddi Mədəni İrs Fonduna maddi yardım etmişdir.

Dünya Miras – İrs Komitəsinin 43-cü iclası münasibətilə Azərbaycana son səfəriniz zamanı münaqişə anlarında irsi qorumaq üçün genişləndirilmiş tədbirlərə çağıran Bakı Bəyannaməsini qəbul etdik.

İnanıram ki, UNESCO yuxarıda göstərilən cinayətləri pisləməkdə və Ermənistan Respublikasını mülki şəxslərə, mülki infrastruktura, mədəni və dini abidələrə qəsdən hücumlardan çəkinməyə və beynəlxalq qanunlardan irəli gələn öhdəliklərə əməl etməyə çağırmaqda daha böyük və daha fəal rol oynaya bilər. Eyni zamanda, mən YUNESKO-nu da insanlıq əleyhinə olan erməni cinayətlərini ifşa etmək üçün beynəlxalq səylərin önündə görmək istərdim.

Bu mövzuda dəstəyinizə güvənirik və bölgədə davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün UNESCO ilə sıx əməkdaşlıq etməyə tam açıq və hazır olduğumuzu bir daha bəyan edirik.

Gəncə və onun mədəni və dini infrastrukturuna erməni hücumlarının nəticələrinin fotoları əlavə edilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]