“Qarabağ Azərbaycandır və nida” ifadəsi bərqərar oldu – ŞƏRH

“Cənubi Qafqaz bölgəsinin tarixi-siyasi konteksti göstərir ki, burada mövcud heç bir münaqişə bölgədə marağı olan fövqəldövlətlərin iştirakından kənar uzunmüddətli həllini tapmayıb”.

 AKTUAL TV xəbər verir ki, bunu Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı birgə bəyanata münasibətini ifadə edən ADA Universitetinin Beynəlxalq və ictimai əlaqələr fakültəsinin müəllimi Şəfəq Mehrəliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanla imzaladığı bəyanat Qarabağ məsələsinin məhz uzunmüddətli həllinin əsasını qoyur: “Bu dəfə qardaş ölkə Türkiyənin də məsələdə bilavasitə iştirakı Azərbaycanın geniş bölgə üçün həmişə nəzərdə tutub tətbiq etdiyi balanslaşdırılmış siyasətin həyata keçməsi və münaqişənin sonunda “Qarabağ Azərbaycandır və nida” ifadəsinin bərqərar olması deməkdir”.

“Sentyabrın 27-dən başlayaraq hərbi və siyasi həll yollarından məharətlə istifadə edən Ali Baş Komandan həm qarşı tərəfə, həm də bölgədə marağı olan bütün tərəflərə Azərbaycanın qüdrətini nümayiş etdirdikdən sonra sərkərdə rolunda xalqımızın mənəviyyatını əks etdirdi və Azərbaycanın bu müharibədə lazımsız qurbanlar verməməyin tərəfdarı olduğunu göstərdi. Axı, ən böyük qələbələr məhz qan tökülmədən əldə edilənlərdir”, – Ş.Mehrəliyeva əlavə edib.

Ekspertin fikrincə, imzalanan sənəddə “bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir” ifadəsi Ermənistan və Azərbaycan arasında yaxın gələcəkdə münasibətləri dəyişən ən vacib hissəyə çevriləcək: “Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın quru nəqliyyat əlaqəsinin bərpa edilməsi ölkəmizin tam suverenliyinə qovuşması ilə yanaşı, bütün Cənubi Qafqaz bölgəsinə daha rahat “nəfəs almağa” və Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı bölgənin sağlam iqtisadi inteqrasiyasına zəmin yaradacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]