Şuşanın UNESCO-nun siyahısına salınması ilə bağlı işlər görülür

Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın tarixi mərkəzinin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına salınması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən nominasiya dosyesinin hazırlanması istiqamətində işlərə başlanılıb.

  AKTUAL TV xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.  Qeyd olunub ki, 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Şuşa Tarix-Memarlıq Qoruğunun 2001-ci ildə UNESCO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Yuxarı və Aşağı Gövhərağa məscidləri, Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar. Şuşa şəhərində ümumilikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. O cümlədən, 72 mühüm sənət və tarixi abidəsi, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdur. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən qeyd edilən tarix-memarlıq abidələrin vəziyyətinin öyrənilməsi ilə bağlı işlər aparılır.
Ümumdünya mədəni irs siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılmışdır. Sözügedən konvensiya Ümumdünya İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə  və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür.

Azərbaycandan bu siyahıya  “Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” və “Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi” daxildir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]